Əli Məsimli: "Ölkənin “təhlükəsizlik yastığı” kifayət qədər qalın olduğuna görə devalvasiya təhlükəsi yoxdur"
Azər Mehtiyev: "Əgər qiymətlər aşağı səviyyədə qısamüddətli olarsa, dövlət büdcəsində ciddi problemlər yaratmaz"
Neftin qiymətinin enməsi Azərbaycanın neft gəlirlərinin azalması ilə müşahidə olunur. Təkcə son bir həftədə “qara qızıl”ın bir bareli təxminən 50 dollardan 32-35 dollara düşdü. Eyni zamanda, bəzi qonşu ölkələrin yerli valyutalarının dəyərdən düşməsi də Azərbaycanın ticarət əlaqələrinə təsirsiz ötüşmür. Bu baxımdan mövcud vəziyyətin ölkə iqtisadiyyatına mümkün təsirləri müzakirə predmetinə çevrilib.
Milli Məclisin deputatı Əli Məsimli məsələyə iki kontekstdən yanaşmağı vacib sayır: “Birinci yanaşma neftin qiymətinin enməsinin dünya iqtisadiyyatına necə təsir göstərməsidir və bu təsirdən sonra “Azərbaycan iqtisadiyyatına necə təsir göstərir” sualına aydınlıq gətirilməlidir. Deməli, qiymətin aşağı düşməsi dünyada iqtisadi artım templərinin enməsi ilə nəticələnir və bilavasitə neftə olan tələbat aşağı düşür. Bu isə neftin qiymətinin əvvəlki səviyyəyə qalxmasına əsl təsir göstərən bir amil olacaq. İkinci, neftin qiyməti koronavirus və onun ətrafındakı proseslərə bağlı olduğuna görə maliyyə və fond bazarları xeyli dərəcədə köçmə prosesindədir. Deməli, dünyanın maliyyə sisteminə mənfi təsir göstərəcək”.
Amma Əli Məsimli Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarı ilə zəif inteqrasiyada olduğunu xatırladaraq bildirib ki, bu gedişatın yerli iqtisadiyyata bilavasitə təsiri olamayacaq: “Əlbəttə, Dövlət Neft Fondunun (DNF) vəsaitlərinin bir hissəsi bir sıra şirkətlərin səhmlərinə qoyulduğundan təsiri olacaq. Ciddi təsir amillərindən biri odur ki, qiymətin kəskin enməsi iqtisadiyyatı neftdən asılı olan, eksportunun 90 faizinin neft olan Azərbaycanın gəlirlərini aşağı salacaq. Bu isə DNF-nin gəlirlərinin azalmasına təsir göstərəcək. Digər vacib amil neftin qiymətinin 30 dollar ətrafında olması hələ iqtisadiyyata elə təsir göstərməsə də, manata təzyiqi gücləndirməsidir. Amma “təhlükəsizlik yastığı” kifayət qədər qalın (Azərbaycanın valyuta ehtiyatlarının 52 milyard dollar civarında olduğu bildirilir-red) olduğuna görə devalvasiya təhlükəsi yoxdur. Sadəcə, digər tərəfdən neftin qiyməti uzun müddət 30 dollar ətrafında davam edərsə, bu zaman manata təzyiq daha da güclənəcək. Başqa bir amil Azərbaycanın ticarət əlaqələrində olduğu ölkələrin valyutalarındakı enmələrdir, ki, bunlar da manata təzyiqi gücləndirəcək”.
Onun sözlərinə görə, 11,4 milyard manatı DNF-dən götürülüb. Bu səbədən dünya bazarında neftin qiymətinin 30-40 dollar civarında olması büdcəyə təsiri yalnız SOCAR və beynəlxalq konsersuma daxil olan şirkətlərin mənfəətinin azalması vasitəsilə təsir göstərəcək: “Bu şirkətlərin bilavasitə mənfəəti 2 milyard dollardan artıqdır. Həmin kontekstdən yanaşanda, neftin qiyməti bu il orta qiyməti 50 dollar olarsa, onda aşağı-yuxarı Azərbaycanın 24 milyarddan yuxarı olan büdcə gəlirlərinə 1 faiz, əgər qiymət 40 dollar ətrafında formalaşsa 2.5 faiz, 30 dollar olarsa 4 faiz təsir göstərəcək. Nəzərə alın ki, DNF-dən ayrılan vəsait 11.4 milyard manatdır, hökumətin büdcə vasitəsilə ilə əhali qarşısında götürdüyü sosial öhdəliklər isə cəmi 10 milyarda yaxındır. Bu, o deməkdir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməsi təbiidir. Çünki iqtisadiyyatımızın neftdən asıllığı güclüdür, amma bunun büdcə vasitəsilə ciddi təsir olmayacaq. Ona görə ki, insanların əməkhaqlarının, müavinətlərin gecikdirilməsi istiqamətində narahatlığa ehtiyac yoxdur.
Əli Məsimli indiki situasiyada Baş nazirin yanında iqtisadi blokun toplanması və ictimaiyyətin məlumatlanmasına böyük ehtiyac olduğunu söyləyib: “Eyni zamanda, qısa, orta və həm də uzun müddətdə effekt verən tədbirlərin optimal kombinasiyasına nail olmaq lazımdır. Bu istiqamətdə makroiqtisadi sabitliyin qorunub saxlanması vacibdir. İkinci, sərmayələr məsələsinə ciddi yanaşılmalıdır. Sərmayələrin ölkəyə gəlməsi, ondan səmərəli istifadə olunması, strukturunun təkmilləşdirilməsi, daha çox qabaqcıl texnologiyaya cəlb edilməsi, kiçik və orta biznesin qarşısında dayanan maneələrin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və “kölgə iqtisadiyyatı”nın daraldılması yönündə kompleks tədbirləri də manata təsirlərin azaldılması tədbirlərə qoşmaq lazımdır”.
İqtisadçı Azər Mehtiyev də “Azadlıq” radiosuna Azərbaycanın neft gəlirlərindən asılı ölkə olduğunu xatırladaraq bildirib ki, “qara qızıl”ın dünya bazarında ucuzlaşması gəlirlərin azalması deməkdir: “Ancaq bu gedişatın qısamüddətli və uzunmüddətli təsirləri hər şeydən əvvəl neftin qiymətinin hansı müddətdə aşağı səviyyədə qalmasından asılıdır. Əgər qiymətlər aşağı səviyyədə qısamüddətli olarsa, bəlkə də təsirləri ölkənin valyuta ehtiyatlarının azalması fonunda özünü göstərə bilər. İndiki halda valyuta ehtiyatları problemin aradan qaldırılmasına imkan verə bilər. Eyni zamanda, dövlət büdcəsində ciddi problemlər yaratmaz.
Ancaq neftin qiyməti uzun müddət, ilin sonuna qədər 30 dollar səviyyəsində qalarsa, daha ciddi nəticələrə gətirər. Ona görə ki, neft gəlirlərinin azalması ilə yanaşı valyuta ehtiyatlarının azalması prosesi baş verər. Valyuta ehtiyatlarının olmaması isə son nəticədə tədiyyə balansında problemlər yaradar. Bu da manatın məzənnəsinin saxlanılmasına ciddi təsir göstərər və bir müddət sonra devalvasiya qaçılmaz olar. Faktiki olaraq, bank sektorunda və iqtisadiyyatda böhran dalğasının yenidən ortaya çıxması baş verər. Bütün hallarda gedişat neft qiymətlərinin hansı dövrdə aşağı səviyyədə olmasından asılıdır. Həm də nəzərə alınmalıdır ki, qiymət azalması yalnız qiymət savaşlarının nəticəsi olaraq ortaya çıxmayıb, koronavirus amili də rol oynayıb. Problem dərinləşdikcə, dünya iqtisadiyyatında çətinlikləri artırır, bu da neftə olan tələbatı azaldır. Son nəticədə neftin qiymətinin nə qədər indiki səviyyədə qalacağını proqnozlaşdırmağı çətinləşdirir”.
Azər Mehtiyev neft qiymətlərinin indiki səviyyədə qalmasının dövlət büdcəsinə təsirləri barədə suala isə belə cavab verib: “Yenə də qiymətin qısamüddətli və uzunmüddətli olmasından asılıdır. Əgər qiymətin 2-3 aydan çox aşağı düşməsi davam edərsə, birbaşa büdcə gəlirlərinin aşağı düşməsinə təsir göstərər və bəzi xərclərin ixtisarı qaçılmaz olacaq. Yaxud büdcənin öhdəliklərinin yerinə yetirilməsi üçün Dövlət Neft Fondundan əlavə valyuta ehtiyatlarının cəlb olunmasına zərurət yaranacaq. İndiki halda büdcə qaydası buna yol vermir. Bu baxımdan neftin qiymətinin uzun müddət aşağı düşməsi büdcə üçün də problemlər yarada bilər”./AzPolitika.info