Vətəndaşlar məşğulluq xidmətlərinə zəng edib, işsiz kimi qeydiyyatdan keçməklə bağlı müraciət edə bilərlər. Qaydalar daha da sadələşdirilib. Qeydiyyat zamanı vətəndaşlardan çox qısa informasiya tələb edilir. Vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsinin Fin kodunu mərkəz əməkdaşlarına deməklə işsiz kimi qeydiyyatdan keçə bilərlər.
Bu sözləri Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib. O bildirib ki, vətəndaşların qeydiyyata alınmasında heç bir çətinlik yoxdur:
“Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planına əsasən Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manat məbləğində birdəfəlik ödəmə verilir. Bunun üçün vətəndaşlara 3 üsul təqdim edilib:
* e-sosial portalında “elektron xidmətlər” bölməsində qeydiyyatdan keçmək;
* e-sosial portalında “onlayn müraciət” bölməsində qeydiyyatdan keçmək;
* əgər bu iki üsulla qeydiyyatdan keçmək alınmasa, bu zaman vətəndaşlar məşğulluq xidmətlərilə əlaqə saxlayaraq, öz müraciətlərini edə bilərlər”.
Ə.Nəcməddinqızı qeyd edib ki, tətbiq edilən karantin rejiminə görə hazırda mərkəzlərdə vətəndaşların birbaşa qəbulu aparılmır:
“Vətəndaşlar telefon vasitəsilə məşğulluq xidmətlərinə zəng edərək öz müraciətlərini edə bilərlər”.