Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müxtəlif rayonların icra hakimiyyətlərində, eləcə də rüşvət və korrupsiya bataqlığında boğulan digər dövlət idarələrində həyata keçirdiyi əməliyyatlar bir çox məmurun yuxusuna haram qatıb. Təbii ki, söhbət illərdir korrupsiya və rüşvət yolu ilə dövlətin on milyonlarla manat vəsaitini talan edən məmurlardan gedir. Təsadüfi deyil ki, DTX-nın bu əməliyyatlarından sonra həbs növbəsininin bir gün onlara da çatacağından əndişəyə düşən əksər vəzifəli şəxslər öz əmlaklarını, xüsusən də villalarını və bahalı maşınlarını satışa çıxarıb, yaxud da başqasının adına sənədləşdiriblər. Onlar bununla həbs olunan icra başçılarından fərqli olaraq, guya “təmiz” işlədiklərini, sadə vətəndaşlar kimi həyat tərzi sürdüklərini nümayiş etdirməyə çalışırlar. Əslində isə, kimin illərdir necə işlədiyi, hansı qanunsuzluqları etdiyi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, o cümlədən də mediaya çox yaxşı bəllidir…
Şübhəsiz, hakimiyyətdəki yüksək rütbəli çinovniklərə, müxtəlif qruplaşmalara arxalanaraq öz qanunsuz əməllərini davam etdirən vəzifəlilər də az deyil. Məsələn, hazırda elə rayon rəhbərləri var ki, onların sərvəti həbs olunan icra başçılarının sərvətindən nəinki on, hətta yüz dəfələrlə artıqdır. Amma bu adamlar ölkə başçısının başlatdığı islahatlardan dərc çıxarmaq əvəzinə, özlərini hələ də “toxunulmaz” hesab edir, qanunsuz əməllərinin sayını günbəgün artırırlar. Çox təəssüf ki, bu və ya digər səbəbdən onların talançılığı haqda aidiyyəti qurumlar bəzi hallarda ölkə rəhbərliyinə düzgün məlumat çatdırmadıqları üçün “balaca padşahlar” rəhbərlik etdikləri rayonlarda hələ də “at oynadırlar”. Belə olduğu halda isə, sözsüz ki, ölkə mediasının üzərinə böyük məsuliyyət düşür. Hansı ki, prezident İlham Əliyev də bu məsələlərlə bağlı dəfələrlə jurnalistlərə müraciət edərək, onları korrupsioner və rüşvətxor məmurların ifşa olunmasına dəstək verməyə çağırıb. Məhz bu səbəbdən də, biz “Hürriyyət” olaraq ölkədə aparılan islahatlara dəstək vermək məqsədilə xalqın sərvətini talayan məmurlarla bağlı geniş araşdırmalara başlamışıq.
Oxucularımıza söz verdiyimiz kimi, bu yazıda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun qanunsuz yollarla əldə etdiyi dodaq uçuqladan varidatının siyahısını açıqlayacağıq. Öncə ondan başlayaq ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalara görə, A.Qasımov bu vəzifələrdə işlədiyi dönəmlərdə saymaqla bitməyən mülk sahibi olub, müxtəlif rayonlarla yanaşı, şəhərin ən gözəgəlimli yerlərində çox sayda torpaq sahələri, eləcə də həcmi on milyonlarla ölçülən nəğd pul vəsaiti əldə edib. Hansı ki, icra başçısının əmlaklarının bir hissəsinin siyahısı hazırda əlimizdədir və aşağıda dəyərli oxucularımıza təqdim edəcəyik. Amma qeyd etdiyimiz kimi, bunlar sadəcə bizim əldə etdiklərimizdir, yaxında A.Qasımovun bütün mal varlığını üzə çıxaracaq, hətta qarderobundakı pencəklərinin və köynəklərinin sayını da ictimaiyyətə açıqlayacağıq.
Diqqətli oxucularımızın xatirindədir ki, Arif Qasımovun öz sərvətini gizlətməyə çalışdığı haqda ötən yazımızda məlumat vermişdik. Qeyd etmişdik ki, oğlunun adına və ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobil (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirilib. Onu da vurğulamışdıq ki, icra başçısı təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib. Bu baxımdan, icra başçısı indi siyahısını təqdim edəcəyimiz obyektlərin ona aid olmadığını iddia edə bilər. Amma biz mənbəmizin etibarlılığına və aşağıda sadaladığımız mülklərin A.Qasımova məxsus olduğuna adımız kimi əminik. Odur ki, buyurun, icra başçısının varidatının bir qismi ilə tanış olun:
– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonunda yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;
– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;
– Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;
– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
Arif Qasımovun oğlunun hal-hazırda istifadəsində olan “Mercedes-Maybach” avtomobili
– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da “qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;
– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.
– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
– Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;
– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.
Bir daha qeyd edək ki, icra başçısının mal varlığı bu sadalananlarla bitmir. Əksinə, bunlar A.Qasımovun varidatının yalnız bir qismidir. Odur ki, yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyik. Növbəti yazımızda isə sizə aydın olacaq ki, icra başçısı 2011-ci ildə Nizami rayonunun Bələdiyyə sədri işlədiyi dövrdən bu günə qədər sahib olduğu sərvəti kimlərin əli ilə və hansı qanunsuz yollarla əldə edib? Məsələn, biləcəksiniz ki, hazırda Nizami Bələdiyyəsində çalışan Rəhimov Abbas Qəzənfər (A.Qasımov tərəfindən mərhum qardaşının yerinə gətirilib – müəl.) oğlu ilə icra başçısının nə kimi əlaqələri və bu “cütlük” öz qanunsuz əməllərini ört-basdır etmək üçün Xəlilov Yaşar Həsən oğlunu necə “aradan götürüb”. O cümlədən, Nizami rayonunun hazırkı Bələdiyyə sədrinin öz işçisi olan Abbas Rəhimovun qanunsuz əməllərinə nə üçün göz yumduğunu, ona hər hansı söz deməyə cəsarət etmədiyini və ikincinin özünü sədrdən üstün səlahiyyət sahibi hesab etməsinin səbəbləri ilə bağlı faktları da təqdim edəcəyik. Odur ki, bizi izləməyə davam edin.
“Hürriyyət”