Görəsən, yüksəkvəzifəli şəxslərin, deputatların və zənginlərin koronavirusa tutulmasının günahkarı kimlərdir?
Düz iki həftə bundan qabaq yazmışdıq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının ciddi-cəhdlə müdafiə etdiyi ikigünlük “qısa qapanma”ların effektli olacağına təminat yoxdur.
Qeyd etmişdik ki, əksinə “qapanma”dan qabaq marketlərə hücumlar nəticəsində sosial məsafənin qorunmaması yoluxma sayını daha da artıracaq. Amma R. Bayramlı aparılan təhlillərin əsasında guya iki həftə sonra müsbət təsirin mütləq olacağına əminliyini bəyan edirdi. Bununla yanaşı, TƏBİB rəhbəri qərarın yanlış olduğunu, günahkarların sadə vətəndaşlar olmadığını deyə bilməsə də, özünün məntiqsiz iddialarına qarşı hücumları səngitmək üçün telekanallardan birinin efirinə çıxıb, sözün əsl mənasında əhaliyə qarğış tökdü: “Mən əminəm ki, xəstəliyə inanmayanların hər birinin yaxını bu xəstəliyə yoluxacaq”.
Düzdür, bu açıqlamaya görə sosial şəbəkə istifadəçiləri onun təkcə özünə yox, bütün qohum-əqrəbasına, nəslinə söyüşlər, qarğışlar və lənətlər yağdırdılar. Amma… Nə fayda?
R.Bayramlının hesabına görə Azərbaycanda 1 milyona yaxın vətəndaşda koronavirus var
Düşünmək olar ki, Ramin Bayramlının bədduası yerinə yetib. Artıq ölkəmizdə gündəlik yoluxma sayı 500 nəfəri ötüb. Bu da gündəlik aparılan testlərin 10 faizidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin artıq 10 faziində bu virusun olması ehtimalı böyükdür. 10 milyonluq əhalinin 10 faizi isə təbii ki, 1 milyona yaxın vətəndaş deməkdir.
AzToday.az xəbər verir ki, Ramin Bayramlının Türkiyə təcrübəsindən bəhrələndiyi “qısa qapanma”nın üstündən 20 gün keçib. Effekti olmayıb, əksinə mənfi təsiri olub. İnsanları 2 gün çörək üstündə “mehribanlaşdırıb”, daha sonra 2 gün evdə polis söydürüb, sonra da çölə buraxmağın nəticəsi bundan artıq olmamalıydı. Nəticə elə güman edildiyi kimi oldu.
Ötən həftə R.Bayramlının üzündə mimika yox, “ölüm rəngi olan” işçisi çıxıb etiraf etdi ki, “həftəsonu komendant saatları”nın heç bir effekti olmayıb. Bundan sonra əslində TƏBİB-in rəhbəri R.Bayramlı istefa verməliydi.
Yaxud professor Qubad İbadoğlu demişkən, Nazirlər Kabineti yanında Operativ Qərargah tam tərkibdə istefaya göndərilməliydi. Lakin Azərbaycanda belə təcrübələr olmadığı üçün özündə təpər tapa bilməyən TƏBİB sədrini də qınamaq olmaz.
“Evdə bişməyib, qonşudan gəlməyib” demək istəyirdik, yadımıza düşdü ki qonşuda təcrübə var. Onun əxz elədiyi də qonşudanıydı. Amma qonşudan müsbət təcrübələri götürmək lazımdı. Məsələn artıq turizm mövsümünə strat verən Gürcüstandan götürmək lazım idi. Türkiyənin artıq imtina etdiyi təcrübəni sırımaq uğursuz oldu və bizə ziyan verdi. Biz Gürcüstanın təcrübəsini öyrənməliydik. Bu barədə bir qədər sonra…
Yeri gəlmişkən, deyilənə görə, koronavirus xəstəxanaları özünü artıq təcrübəsiz idarəçi və sözünü ifadə etməyi bacarmayan şəxs kimi sübut edən bu şəxsin rəhbərlik etdiyi TƏBİB-in əlindən alınıb. Üstəlik, onun ölkəmizdə fəaliyyət göstərən özəl klinikalardan biri ilə işgüzar keçmişi və əməkdaşlığı sayəsində ölkəmizdə koronavirus testlərinin bəzilərinin orada aparılmasına şərait yaradılması barədə iddialar ortaya çıxıb. Deməli, yoluxmaların və testlərin aparılmasına marağın artması R.Bayramlıya sərf edir.
Karantinlə qarşısı alınmırsa, niyə tətbiq edilir?
Təbii ki, R.Bayramlının qarğış tökdüyü zaman olduğu kimi, son dəfə keçirilən brifinqlərin birindəki çıxışı da əhalinin çaş-baş salmağa bəs edib. Nə deyir, öz dilindən xəbərsiz “çoxbilmiş” laborant? Bunları deyir: “Xəstəliyin qarşısının alınması qəti surətdə karantin rejimin tətbiqi ilə mümkün ola bilməyəcəkdir. Xəstəliyin yox edilməsinin bir yolu var: bu da xəstəliyin vaksinasiyasının (oxu – peyvəndinin tapılması) mümkün olması.
Xəstəlik əleyhinə peyvəndin tapılması və ya dərman müalicəsinin mümkün olması. Bu gün bunların heç biri yoxdur. Bu gün də biz həmkarlarımız, mütəxəssislərimiz müxtəlif dövlətlərlə (???) videokonfranslar keçiriblər. Heç bir dövlətdə vaksinlərin alınması (oxu – peyvəndlərin əldə edilməsi) istiqamətində nailiyyətlər ciddi nəticə verməmişdir. Düzdür, 10-a yaxn mərkəzdə aparılan tədqiqatlar daha ciddidir.
Artıq 2 mərkəzin tədqiqatları 3-cü mərhələyə keçib. Ancaq bunların hansı effekt verəcəyi böyük sual altındadır. Mütəxəssislər bildirilər ki, vaksin (peyvənd) tapılsa belə, COVID-19 ştamından alınmış vaksinin efektivliyi cəmi 5-6 ay oldu. Ondan sonra COVID-20-yə, COVID-21-ə, COVID-22-yə ehtiyac yarandı. Yəni hər il yeni çıxacaq ştamlarına görə ehtiyac və zərurərt yarandı. Burada bir tək ümid odur ki, çox az da olsa belə bir ümid var ki, virus öz-özünə mutasiyaya uğrasın və tamamilə istsin həyatımızdan”.
AzToday.az xəbər verir ki, dünyada aparılan geniş elmi tədqiqatları bir qəpiklik edən, alimlərin zəhmətini şübhə altına alan bu çıxışdan sonra, hətta peyvəndin tapılması və onun effektivliyinə ümidləri də puç edən bir insanın çıxıb Azərbaycan vətəndaşlarını iki həftəlik sərtləşdirilmiş karantin rejiminə dəvət etməsinin hansı təsir bağışlayacağını oxucu özü düşünsün. Bu çıxışdan sonra adamla hansısa səmərəli nəticə əldə etmək mümkündürmü?
R.Bayramlıdan soruşan gərək: bəs neçə aydır əhalini günahlandıran siz deyildiniz?
Məsuliyyətsiz deputat, məsuliyyətsiz icra başçısı, məsuliyyətsiz jurnalist, …
Bu məqamda sadə Azərbaycan vətəndaşına bir həqiqəti xatırlatmaq lazımdır ki, bu virusun özəl xüsusiyyəti odur ki, sizin də qeydinizə qalanın tapılmasına səbəb olmasıdır. Qısa şəkildə desək, indiyə qədər bütün vəzifəli şəxslərin və deputatların həyəcan təbili çalmağının səbəbi də bu xəstəliyin kasıb, varlı tanımamasıdır. Yoxsa 190 manata möhtac qalan əhalinin yoxsul təbəqələri kimi gündəlik çörək dərdi çəkməyən deputatların nə işinə qalıb ki, yayın isti günlərində Milli Məclisə yığılıb qanunlar və qərarlar qəbul edirlər?
Bu günlərdə iki icra başçısının yoluxması, bir nəfər icra başçısının müavininin vəfat etməsi xəbəri yayıldı. Həmçinin Milli Məclisin üzvlərindən birinin koronavirusa yoluxduğunu gördük. Hətta daha bir nəfər deputatın da yoluxduğu barədə məlumat yayıldı.
Dərhal Milli Məclisin üzvləri və Aparatın işçilərinin yenidən testdən keçiirlməsi həyata keçirilib. Eyni zamanda tanınmış jurnalist və baş redaktorun da bu xəstəliyə düçar olması məlum oldu. Bu zaman belə bir sual yaranır: deputatın və ya icra başçısının koronavirusa yolxumağının səbəbkarı kimdir? Yenə də savadsız və dünyagörüşsüz, nizam-intizam tanımayan, qayda-qanuna əməl etməyən sıravi Azərbaycan vətəndaşları?
Bütün kafelərin, digər obyektlərin, böyük ticarət mərkəzlərinin açılması qərarını da R.Bayramlı və Operativ Qərargahın digər üzvləri verib. Ən maraqlısı da odur ki, Operativ Qərargahın tibbi heyətinin kimlərdən təşkil olunması bu günədək açıqlanmır. Onlardan biri R.Bayramlı, digəri keçən dəfəki brifinqdə mitinqdə çıxış edirmiş kimi şairanə cümlələr düzüb-qoşan ürək-damar xəstəlikləri üzrə mütəxəssis, millət vəkili Rəşad Mahmudovdur. Məntiqsiz qərarlarda payı olan digər həkimlərin adları hələlik məchul saxlanılır.
Pandemiya dövründə də insanları növlərə böldüklərini gördük
Belə vəziyyətin nəticəsidir ki, cəmiyyətdə laqeydlik yaranır. Hətta çox müəmmalı söz-söhbətlər yayılır. Məsələn, eşidirsən ki, 90 yaşında biri evdə vəfat edir, ona koronavirus diaqnozu qoymaq istəyirlər. Bununla yanaşı, pandemiya dövründə də insanları birinci, ikinci siniflərə ayırdıqlarının şahidi oluruq. Tanıdığın bir nəfər xəstəxanada yer olmadığı üçün evdə müalicə olunmaq məsləhət bilinir.
Amma deputat Sahib Alıyevə “Yeni klinika”da yer tapılır. Digər misal, artıq 150 nəfərdən çox adam çarəsiz şəkildə ölüb, amma Bəhram Bağırzadənin ölməməsi üçün az qala dünyanı ayağa qaldırırlar. Biri deyir 6 milyon dollarlıq aparat alıb gətiriblər, digəri deyir ağ ciyər köçürüləcək, o biri deyir, onda koronvirus deyil.
Dəfələrlə bütün xəstə və yaxınlarından üzr istəyirik, koronavirusdan və ya digər xəstəlikdən əziyyət şəkən digər vətəndaşlar ikinci, üçüncü növlərə bölmək olarmı? Tədbir görülməsi mümkündürsə, bütün vətəndaşlara həmin diqqqət və qayğı göstərilməlidi.
Uzağa getməyək, jurnalist Seymur Kazımovun atasının laqeydlik ucbatından öldüyünü hamı bilir, amma onun hayqırtısına heç bir məmurun və ya vəzifəli şəxsin tükü də tərpənmədi. Hətta onun haqlı olaraq atasının ölümündə Azərbaycan səhiyyəsinin günahkar olduğunu bildirdiyi və bir çox həqiqətləri ortaya qoyduğu TƏBİB sədri R.Bayramlıya açıq məktubunu da yaddan çıxardılar. Kimdən əskik idi jurnalistin atası?
S.Kazımov həmin açıq məktubunda TƏBİB-in insanlara olan biganəliyindən, Azərbaycan səhiyyəsinin növbəti qurbanının atası olmasından, 10 gün qızdırmadan əziyyət çəkən atasına normal tibbi xidmət göstərilməsindən geniş bəhs edən jurnalist səhiyyəmizdəki mövcud vəziyyəti ortaya çıxardı. İndi vəziyyət onun yazdıqlarından daha dəhşətlidir…
Gürcüstanın təcrübəsindən niyə nümunə götürmürük?
İndi isə səhiyyə sahəsində, idarəçilikdə təcrübəsiz bir şəxsin təcrübə götürməyə ipucu vermək istərdik. Türkiyə və İsraildən təcrübə götürməkdən danışan Ramin Bayramlı niyə Gürcüstanı nümunə götürmür?
Axı koronavirus pandemiyasına qarşı mübarizədə Gürcüstan ciddi naliyyət əldə edib. Ölkədə yoluxmanın səviyyəsi gündəlik 2-3 nəfərə qədərdir, bir neçə həftədir ölüm halları baş vermir. Bu ölkədə təhlükəli virusa yoluxanların ümumi sayı 1000 nəfər çatmır. Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Belə ki, bu ölkədə az qala 1 ayda yoluxmanın ümumi sayı bizdə artıq 1 gündə baş verir.
Azərbaycana gəldikdə isə, R.Bayramlı dilinə gətirməyə çəkinsə də, ölkədə virusa yoluxmanın “ikinci dalğası” yaşanır. Hökumət növbəti dəfə iki həftəlik sərtləşdirilmiş karantin vəziyyəti elan etməyə məcbur olub. R.Bayramlı və Operativ Qərargahdakı həmkarlarına sual olunur: məgər qonşu Gürcüstanın pandemiyaya qarşı təcrübəsini öyrənmək o qədər çətin idi?
Bizimxeber.az