İranın Natanz şəhəri yaxınlığındakı nüvə mərkəzində bir neçə gün əvvəl baş vermiş sirli partlayışın ardınca Tehran modernizə edilmiş köhnə sovet S-75 zenit-raket kompleksləri səfərbər edir.
S-75 komplekslərinin İranın şimal sərhədlərinə doğru yerdəyişməsini əks etdirən videokadrlar internet resurslarında yer alıb. Xəbər verilir ki, İran ordusu şimal istiqamətinə azı 6 belə kompleks göndərib.
Xəbər verildiyi kimi bir neçə gün əvvəl İranın Natanz nüvə mərkəzində sirli partlayış baş verib, bu partlayış hətta kosmosdan qeydə alınıb. İran hakimiyyəti partlayışın baş verdiyini təsdiqləsə də bunun səbəbləri barədə hər hansı açıqlama verməyib. Təkcə o bildirilir ki, partlayış nüvə mərkəzinin binalarından birini sıradan çıxarıb, amma kompleksin ümumi fəaliyyətinə təsir etməyib.
Ötən gün iyulun 5-də “The New York Times” qəzeti İranın sentrifuqaların istehsalı ilə məşğul olan nüvə zavodunda baş vermiş partlayışın İsrailin diversiyası olduğunu yazıb. “Yaxın Şərq dövlətinin kəşfiyyat əməkdaşı bildirib ki, İsrail İranın Natanzdakı nüvə obyektinə hücuma görə məsuliyyət daşıyır”,-qəzet yazıb. Lakin qəzet mənbənin hansı dövlətdə işlədiyini və vəzifəsini göstərməyib.
Habelə bildirilir ki, İranın İnqilab Keşikçiləri Korpusunun əməkdaşı da iyulun 2-də Natanzdakı obyektdə “partlayıcı qurğunun işə düşdüyünü” təsdiqləyib. Qəzet bununla belə qeyd edir ki, İsrailin baş vermiş hadisəyə aidiyyatının olduğunu yoxlamaq imkanı yoxdur.
Bəzi xarici internet resurslarında partlayışın İsrailin F-35 qırıcısı tərəfindən endirilmiş raket zərbəsinin nəticəsi ola biləcəyi haqda xəbərlər yayılıb. Bunu dolayısı ilə təsdiqləyən fakt kimi İranın partlayışdan sonra S-75 komplekslərini ölkənin şimal regionlarına göndərməsi göstərilir. Belə ki, S-75 köhnəlmiş zenit-raket kompleksi olsa da onun radarı yenidir və xüsusi diapazonda dalğalar istifadə edir. İddialara görə bu radarlar “stels” tipli qırıcıları aşkarlamağa imkan verir, hərçənd kompleksin raketlərinin hədəfi vurma məsafəsi maksimum 30 kilometrdir./virtualaz.org/