Son dörd-beş ayda AzTV-dən tutmuş 300-400 oxucusu olan qəzetə, çox məhdud çevrədə oxunan sayta qədər heç bir təbliğat tribunasından imtina etməmişəm. Hər fürsətdə koronavirusun gözəgörünməz düşmən olduğunu dilə gətirir, insanları karantin rejiminə əməl etməyə çağırıram. Ailə üzvlərimin, əzizlərimin, mənə əziz olan Azərbaycan xalqının bircə nümayəndəsinin də burnunun qanamasını istəmirəm. Kim canı canından, qanı qanından olan insanların əziyyət çəkməsini, xəstələnməsini istəyər?!
Məhəmməd peyğəmbərlə bağlı məşhur rəvayəti eşitmisiniz? Deyirlər, isti yay günlərinin birində bir qadın xəstə uşağını İslam peyğəmbərinin yanına aparır və ondan xahiş edir ki, uşağa xurma yeməyin səhhəti üçün zərərli olduğunu desin. Peyğəmbərimiz qadına uşağı sabah yenidən onun yanına gətirməyi tapşırır. Ertəsi gün həmin qadın peyğəmbərin hüzurunda dayananda, uşağa xəstəliyinin qorxulu tərəflərini izah edərək, bir də xurma yeməməyi tapşırır.
Zavallı qadın çaşıb qalır. İslam peyğəmbərinin səmimiyyətindən güc alaraq, dilinin ucuna qədər gələn sözləri geri qaytarmır: “Ya peyğəmbər, siz ağıllı, müdrik adamsınız. Bu sözü dünən deyə bilməzdiniz?”
Peyğəmbərin cavabı belə olur: “Deyə bilməzdim. Çünki dünən mən özüm də xurma yemişdim”.
İnsanları evdə qalmağa səsləyən adamlar özləri də buna əməl etməlidirlər. Xüsusilə, ziyalılar, tanınmış sənət adamları, siyasətçilər, ictimai xadimlər, jurnalistlər bu məsələdə daha diqqətli olmalıdırlar. ÜST-ün Azərbaycan təmsilçisi Hande Harmançı kimi insanları evdə qalmağa səsləyib, özün də Qubada şəlalənin altında sərinləyəndə, adamı uzunqulağın belinə tərsinə mindirib, kənddən qovarlar...
Azərbaycanın tanınmış sənət adamları, şou biznesin bəzi nümayəndələri bu çətin günlərdə yenə “sinifdə qaldılar”. Bakı-İstanbul-Bakı reysinin ilk sərnişini Xalq artisti Miri Yusif oldu. Miri Yusif Antalyaya çatan kimi uşaqlarıyla birlikdə hovuza girib, çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşdı. Srağagün isə Tolikin İstanbuldan paylaşdığı görüntülər qabağıma çıxdı. Dünən isə müğənni Ayan Balakişiyeva Türkiyəyə istirahətə yollandı.
Şou əhlinin bu hərəkəti insanları qıcıqlandırır. Bu ölkədə Miri Yusifin uşaqlarından başqa uşaq yoxdur? Yoxsa, Tolikin canı bizim canımızdan daha qiymətlidir? Bəlkə Ayan karantin qaydalarına əməl etdiyi üçün 9-cu mərtəbədə istidən qovrulan gənc qızlarımızdan, xanımlarımızdan daha vacib personadır? Ay görməmişlər, beş manatınız var deyə başımıza çıxmalısınız? Siz karantin rejiminə əməl etdiyi üçün aylardır dörd divar arasında sıxılan, gün üzünə həsrət qalan hansı azərbaycanlıdan artıqsınız? Niyə bu cür hərəkətlərinzilə insanları karantin rejimini pozmağa vadar edirsiniz? Hamının karantin qaydalarını pozmağa cəhd edəcəyi təqdirdə xaos yaranacağının, sizdən min dəfə qiymətli insanların virusun qurbanı olacağının fərqində deyilsinizmi? Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz? Karantin dövründə özünüzü başqalarından üstün tutub, dağda-bağda gəzirsiniz, heç olmasa, bunu paylaşmayın, sosial şəbəkələrdə yaymayın. Ayıbınıza kor olmağı bacarın...
Seymur VERDİZADƏ
yenisabah.az