“Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev icra başçısı İradə Gülməmmədova ilə separat razılaşmaya gedərək həbs olunmağa razılıq verib. Ancaq icra başçısı vədinə əməl etməyib, baş memarın azadlığa buraxılmasına nail olmayıb”.
Bu iddia hazırda həbsdə olan Akif Əliyevi yaxından tanıyan məlumatlı mənbəyə məxsusdur. Adının çəkilməsini istəməyən mənbə “AzPolitika.info”-ya göndərdiyi məktub-məqaləsində qeyd edir ki, bu ilin iyun ayında Abşeron Rayon İcra Hakimiyyətində həyata keçirilən əməliyyatın pərdəarxası məqamları ictimaiyyət üşün gizli qalıb. Belə ki, İcra Hakimiyyətilə bağlı daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb.
“Vətəndaşların müraciətləri araşdırılarkən göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapıb. Məlum olub ki, Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar. Deyilənləri təsdiq etmək üçün onlarla insan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən yaxın qohumlarının üzünə durmağa hazır olduqlarını bildiriblər. Ancaq hansısa səbəbdən müstəntiq onlardan izahat alıb rəsmiləşdirməmişdir”, – məktubda qeyd olunur.
Daha sonra bildirilir ki, icra başçısı İradə Gülməmmədova vəziyyətin özü üçün dramatik hal aldığını, qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək, rayonun baş memarı Akif Əliyevlə görüşərək, onunla razılaşmaya gedib: “Başçı baş memara bildirir ki, əgər mən həbs edilsəm, sizlər də kütləvi şəkildə həbs olunacaqsınız. Lakin sən mənə qarşı irəli sürülən ittihamları öz üzərinə götürüb, tutulsan, mən səni 10 gün müddətinə azadlığa çıxara bilərəm. İradə Gülməmmədova Akif Əliyevdən təkidlə xahiş edir ki, rayonda baş verən bütün neqativ faktların məsuliyyətini öz üzərinə götürsün. Akif Əliyev də başçının vədlərinə inanaraq, hətta baş memarın səlahiyyətlərinə aid olmayan bir çox qanunazidd əməllərə imza atdığını öz üzərinə götürür. Bunun nəticəsində də iyun ayının 23-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilir”.
Mənbənin iddiasına görə, Akif Əliyev həbs olunduqdan sonra İradə Gülməmmədova verdiyi vədləri unudub: “Akif Əliyev hazırda Kürdəxanı cəzaçəkmə müəssisəsindədir. On gün müddətində Akif Əliyevi türmədən çıxarmağa söz verən İradə Gülməmmədova isə onun həbsindən ötən müddət ərzində bir dəfə də olsun nə Akifin özü ilə, nə də onun ailəsi ilə maraqlanmayıb. Başçı yenə də qohumları ilə bərabər öz əməllərini davam etdirir, Akif Əliyev isə qondarma ittihamlarla başçının cəzasını çəkir”.
Mənbə qeyd edir ki, hətta icra başçısı memara məxsus möhürü, ştampı ondan alaraq, seyfində saxlayarır, lazım gələndə memarın əvəzindən möhür vururmuş. Akif Əliyevin İcra Hakimiyyətində uzun illərdir işlədiyi, savadlı mütəxəssis olduğunu, “Əməkdar memar” fəxri adına layiq görüldüyünü xatırladan müəllif, ona qarşı irəli sürülən ittihamlar üzrə sübut olmadığını vurğulayır: “Akif Əliyevin nə üzünə duran var, nə də onun əleyhinə izahat verən. Amma o, günahkar kimi yatır. Lakin İradə Gülməmmədovanın, qohumlarının üzünə dirənməyə hazır olan çoxsaylı vətəndaşlar işi aparan müstəntiq tərəfindən dindirilmir, izahatları alınmır, onlar açıq-aşkar müdafiə olunurlar” .
“Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayırdı ki, dövlətçilik iki halda sarsıla bilər: Bir günahsız cəza alanda, bir də günahkar cəzasız qalanda.
Ulu öndərin bu sözləri bu gün hüquq-mühafizə orqanlarının bütün məsul əməkdaşlarının, əməliyyatçılarının proqram sənədi kimi qəbul edilməlidir. Lakin təəssüflə də olsa qeyd edilməlidir ki, bir çox hallarda keçirilən əməliyyatlarda bu vacib prinsip pozulur. Günahkar şəxslər himayə olunur, onların əvəzindən heç bir təqsiri olmayanlar cəzalanır, bəzən də həbsxanalara atılır”, – müəllif sonda qeyd edir.
Məktubda yer alan iddialarla bağlı İcra Hakimiyyətinin və şəxsən icra başçısı İradə Gülməmmədovanın da mövqeyini dərc etməyə hazırıq.