DOSTUNUZU-DÜŞMƏNİNİZİ VAXTINDA TANIYIN,YOXSA GEC OLAR!
Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb
Rusiyanın Ermənistana “hədiyyə” etdiyi silahlar dinc və günahsız yürzılərlə vətəndaşımıza həyatı bahasına başa gəlir...
Cənubi Qafqaz regionunu yenidən savaş meydanına çevirməyə çalışırlar. Belə anlaşılır ki, bu region uğrunda mübarizə amansız xarakter almağa başlayıb. Və bu mübarizənin bir tərəfində də məhz Ermənistanı silahlandırmaqda davam edən Rusiyanın dayandığı qətiyyən şübhə doğurmur.
Kremlin Cənubi Qafqazda tək istinad nöqtəsi artıq aciz duruma düşüb, demək olar ki, heç nəyə yaramayan Ermənistan sayılır. Halbuki Paşinyan hakimiyyəti Rusiyanı Qərbdəki yeni ağalarına satmağa, beləliklə də, ilk uyğun imkanda Kremlə xəyanət etməyə hazır olduğunu artıq dəfələrlə sübut edib.
Ancaq Rusiya bütün bunlara baxmayaraq, Ermənistana hərbi-siyasi yardımlarını davam etdirməkdədir. Halbuki Kreml öz imperialist köklərindən bir qədər uzaqlaşıb, Azərbaycan və Türkiyə ilə anlaşmaq variantını seçmiş olsaydı, bu coğrafiyada Rusiya da daxil olmaqla, hər kəsin maraqları tam şəkildə təmin edilmiş olardı. Bu, hamı üçün daha faydalı perspektivlər vəd edərdi.
Son məlumatlara görə, Rusiya həm rəsmi İrəvanın hərbi avantüraları ərəfəsində, həm də Azərbaycanın Ermənistanı “sağlı-sollu qapazlaması”ndan dərhal sonra öz forpostuna silah-sursat göndərib. Halbuki Rusiyanın Azərbaycanla da tərəfdaşlıq münasibətləri mövcuddur. Və Kremlin Azərbaycanla düşmən olan Ermənistanı silahlandırması rəsmi Bakıyla tərəfdaşlıq münasibətlərinin çərçivəsinə qətiyyən sığmır.
Məsələ ondadır ki, Rusiyanın Ermənistana silah-sursat daşıdığını sübut edən kifayət qədər faktlar mövcuddur. Hətta Ermənistana eniş etmiş silah-sursat yüklü hərbi-nəqliyyat təyyarələrinin sayı və marşrutları belə, məlumdur.
Sensasion faktların əks olunduğu yazı “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az saytında 2020-ci il gedib. Materialda Ermənistana gedən növbəti partiya Rusiya silahlarının tam təsnifatı verilir və konkret çatdırılma marşrutları göstərilir.
Sən demə, Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb.Ümumilikdə, əldə olan məlumatlara görə, 7 reys (!!) olub: 2 reys - 17 iyulda, yəni döyüşlərin qızğın vaxtında, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə gündə 1 reys olmaqla cəmi 5 reys reallaşıb. Silahları Ermənistana Rusiyanın İl-76 təyyarələri daşıyıb. Onlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu üzrə uçub.
Bu marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti isə 3 saat 30 dəqiqədir. Şübhəsiz ki, birbaşa Gürcüstan ərazisindən uçmaq daha asan, daha rahat və daha tez olardı - bu vəziyyətdə marşrutun uzunluğu cəmi 500 kilometr, uçuş müddəti 1 saata düşərdi. Lakin rəsmi Tiflis prinsipial və ləyaqətli hərəkət edib: Gürcüstan siyasi iradə və məsuliyyət nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə, sadəcə, icazə verməyib.
Odur ki, İL-76 əməlli-başlı dövrə vuraraq Qazaxıstan, Türkmənistan və İran hava məkanları ilə uçmalı olub. Ümumilikdə Ermənistana 280 ton hərbi texnika çatdırılıb. Bunların arasında ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də var. O sırada həmçinin “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. çatdırılıb.
“Avtobaza”
Qeyd edək ki, real müharibə şəraitində radioelektron mübarizə vasitələrinin çoxsaylı vəzifələri var: rəqib rabitə sisteminin sıradan çıxarılması, danışıqların ələ keçirilməsi və s. Onlar habelə dronlarla mübarizə üçün nəzərdə tutulub. Bu isə bəlli olduğu kimi, hələ 2016-cı ilin aprelindən Ermənistanın yaralı yeridir...
“Krasuxa
Rusiyanın Azərbaycandakı səfirliyinə “Yeni Müsavat” Media Qrupuna daxil olan Minval.az saytının həmin təyyarələrin daşıdığı yüklə bağlı göndərdiyi sorguya isə rus diplomatik nümayəndəliyindən qeyri-müəyyən cavab verilib: “Səfirlik beynəlxalq reysləri izləmir”.
Yəni, əslində, Rusiya səfirliyi sorğunun məzmununu nə təkzib, nə də təsdiq etməyib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov
Təbii ki, bu, olduqca düşündürücüdür. Çünki buna bənzər “silah qalmaqalı” bir müddət öncə Serbiya və Gürcüstanla bağlı da yaşanmışdı. Belə ki, Serbiyadan göndərilmiş minaların yükləndiyi ağır tonnajlı maşınlar Gürcüstan üzərindən Ermənistana keçirilmişdi.
Maraqlıdır ki, bu “silah qalmaqalı” da məhz Azərbaycan mətbuatının səyləri sayəsində ortaya çıxmışdı. Azərbaycan mətbuatı təkzibolunmaz faktları ortaya çıxartdıqdan sonra buna rəsmi reaksiya verilmişdi. Düzdür, Serbiya tərəfi əvvəlcə faktları təkzib etməyə çalışsa da, ancaq sonradan bunun mümkün olmadığını anlayıb, araşdırmaya başladı.
Bundan sonrasa, oxşar silah ötürmə cəhdi iflasa uğradı. Belə ki, Gürcüstan rəsmi Bakının sərt reaksiyası qarşısında geri çəkilərək, Ermənistana silah ötürülməsi cəhdlərinə qarşı öz dövlət sərhədlərini qapatmaq məcburiyyətində qaldı. Eyni zamanda, Serbiya ilə də bu məsələ ətrafında müzakirələrin müsbət nəticələr verdiyini iddia etmək üçün müəyyən əsaslar mövcuddur.
Ancaq bu qalmaqallarda bir önəmli və xoşagəlməz məqam da diqqəti çəkir. Belə ki, Ermənistana silah-sursatın daşınması ilə bağlı məsələyə adekvat reaksiyanın verilməsində Azərbaycan diplomatiyası sanki ölkə mətbuatından bir addım arxada qalmaqdadır.
Hər halda, Rusiyanın Ermənistanı əlaltından silahlandırmasına Azərbaycanın Xarici İşlər Nazirliyinin reaksiyasını adekvat hesab etmək bir qədər çətindir. Belə ki, Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağılıb, bu məsələ ilə bağlı sorgu-sual edilə və ona dövlətimiz adından etiraz notası təqdim oluna bilərdi. Yeni nazir Ceyhun Bayramov çevik davranmalı və dəyişimin haqqını verməli, fərqi göstərməli idi...
Digər tərəfdən, Azərbaycanın Rusiyadakı səfirinin reaksiyası da müşahidə edilmir. Əgər, bir səfir öz ölkəsinin milli təhlükəsizlik kimi önəmli maraqları təhdid altında olarkən, səlahiyyətlərini normal şəkildə icra etməyəcəksə, bəs, onun diplomatik fəaliyyəti nə vaxt müşahidə ediləcək. Azərbaycan səfirinin işi mədəniyyət tədbirlərində iştirak etmək deyil, ölkənin milli təhlükəsizlik maraqlarını qorumaqdır.
Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da ölkəmiz üçün, Qarabağ üçün bunca taleyüklü məsələlərə laqeyd yanaşmağa görə ən sərt tənqidə layiqdir.
Təəssüf ki, Azərbaycanın belə bir məsuliyyətli və təhlükəli bir dönəmdən keçməsinə baxmayaraq, adekvat diplomatik fəaliyyətə şahidlik edə bilmirik. Halbuki qətiyyən gecikmək olmaz, əksinə, çevik və qətiyyətli addımların atılmasına ehtiyac var.
Kimsəyə xatırlatmağa elə bir ciddi ehtiyac yoxdur ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Və hərbi əməliyyatların hər an yenidən başlaması qətiyyən gözlənilməz deyil.
Düşmən - Ermənistan sürətlə silahlanır. Üstəlik, bu düşməni Azərbaycanın şimal qonşusu olan Rusiya silahlandırır. Ən əsasısa, bu silahlanma prosesi Ermənistan və Rusiya arasındakı hərbi ticarət anlaşmasına uyğun reallaşdırılmır.
Məsələ ondadır ki, bəzi məlumatlara görə, Ermənistan Rusiyadan aldığı silah-sursatın əvəzində bir rubl belə, ödəmir. Yəni, Kreml Ermənistana daşınan həmin silah-sursatı rəsmi İrəvana “hədiyyə” edir. Və bu silah-sursatın yaxın gələcəkdə Azərbaycana qarşı istifadə ediləcəyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd edək ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə əməkdaşlıq, hətta tərəfdaşlıq münasibətləri mövcuddur. Rəsmi Bakı bu münasibətlərin qorunmasına Azərbaycanın müstəqilliyi dövründə həmişə sadiq olub. Və Rusiya ilə qarşılıqlı münasibətlərə kölgə sala biləcək hər hansı bir addım atmayıb.
Ancaq keçmiş SSRİ-nin dağılmasından üzübəri ötən bütün müddət ərzində Kreml Azərbaycanın işğal edilmiş əraziləri azad edilənədək müharibə vəziyyətində olacağı Ermənistana hərbi dəstəyini heç vaxt əsirgəməyib. Rusiyanın Ermənistana silah-sursat və hərbi texnika peşkəş etməsi artıq Kreml üçün bir vərdişə çevrilib. Və bu baxımdan, Rusiyanın Ermənistan üçün “müftə silah tədarükçüsü” rolunu oynadığını da düşünmək olar.
Buradaca önəmli bir məqamı vurğulayaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan istənilən ölkədən silah-sursat alıb özünün müdafiə və döyüş qabiliyyətini artıra bilər. Çünki ərazisinin bir hissəsi işğal edilib – hansı ki, BMT başda olmaqla, bütün nüfuzlu beynəlxalq və regional qurumlar tərəfindən tanınıb, konkret sənədlər, o cümlədən qətnamələr şəklində təsbitlənib. Həmin sənədlərdə işğalçının adı da konkret göstərilir – Ermənistan. Və həmin sənədlərin bir çoxuna, o sırada BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinə TŞ-nin 5 daimi üzvündən biri kimi Rusiya da səs verib, imza atıb. Rusiya habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə, işğal altındakı oyuncaq qurumu tanımamaqda davam edir.
Bütün bunları nəzərə aldıqda, Azərbaycanın rəsmi dairələrinin Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi vaxtının artıq çatdığı qətiyyən şübhə doğurmur. Yəni, Azərbaycan dövləti Kremlə xatırlatmalıdır ki, Rusiyanın Ermənistana “hədiyyə” etdiyi silahlar yüzlərlə dinc və günahsız vətəndaşımıza həyatı bahasına başa gəlir.
Eyni zamanda, Azərbaycan cəmiyyətinin də bu məsələyə reaksiya verməsi böyük önəm daşıyır. Hər halda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında “Ermənistanın silahlandırılmasını dayandır!” şüarlarının səsləndirilməsi qətiyyən yersiz görünməzdi.
Bütün bunlar onu göstərir ki, Rusiya Ermənistanı yenidən silahlandırmaqla, Cənubi Qafqaz regionunda geopolitik situasiyanı gərginləşdirmək niyyətinə düşüb. (musavat.com)