Azərbaycanla Ermənistan sərhədində yaranmış gərginlik İrəvanın Rusiya ilə əlaqələrinin qırılması istiqamətində davamlı addımlarının təzahürüdür.
Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksey Fenenko deyib.
“Bu, Ermənistanda 2018-ci il “məxməri inqilabı”nın nəticələri və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sıx bağlıdır. O, vəzifəsi Ermənistanı Rusiyadan uzaqlaşdırmaq olan bir siyasətçi kimi hakimiyyətə gəldi. İdeal variant isə KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmağa nail olmaqdır. Buna görə Qərbdə Paşinyana ümidlər bağlandı. Ermənistandakı daxili siyasi vəziyyətin kəskinləşməsinin eskalasiya ilə heç bir əlaqəsi yoxdur. “Məxməri inqilab”ın baş naziri onsuz da erməni xalqının həyatını yaxşılaşdırmaq niyyətində deyil. Onun qabağında heç kim konkret olaraq belə bir vəzifə qoymayıb. O, Ermənistan və Rusiya arasındakı münasibətlərin pozulmasının detonatoru kimi işə salınıb. Bunun üçün də çalışır. Sərhəddə təxribat Paşinyana iki vacib məsələni həll etməyə kömək edir: Birincisi, bu şəkildə, əslində 2016-cı ildə Qarabağla bağlı Vyana və Sankt-Peterburq müqavilələrini danmaq. Daha doğrusu, Qarabağ probleminin tənzimlənməsini daha miqyaslı bir çıxılmaz dalana salmaq. İkincisi, indi Ermənistan bir daha KTMT-ni onu “qorumağa” çağırır və bu məsələdə Rusiyaya təzyiq göstərməyə çalışır, Rusiya və KTMT isə o qədər də həvəsli görünmür. Beləliklə, İrəvanın əlində bir kart-blanş yaranır ki, bir müddət sonra “Rusiya Ermənistanı qorumadı, ona heç bir hərbi dəstək göstərmədi” deyərək, NATO ilə əməkdaşlığı davam etdirsin və KTMT-dən uzaqlaşa bilsin. Bu məqsəd Paşinyanı eskalasiyaya gətirib çıxardı. Eskalasiyanın baş verdiyi yerə diqqət yetirmək çox vacibdir. Bu yer Ermənistan tərəfindən xüsusilə seçilib. Eskalasiya Qarabağ münaqişəsi zonasında deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş verir. Gəlin KTMT-nin 2016-cı il İrəvan Sammitinin nəticələrini xatırlayaq. Burada təhlükəsizlik zəmanətlərinin Qarabağa yox, Ermənistana şamil olunduğu açıq şəkildə ifadə olunmuşdu. İndi Paşinyan sanki Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyi təsəvvürünü yaratmağa çalışır. Bu yaxınlarda, Ermənistanda yeni bir təhlükəsizlik strategiyası qəbul edildi ki, NATO ilə münasibətlərə xələl gətirməyərək Rusiya ilə əməkdaşlıq davam etdirilsin. İndi Ermənistan hakimiyyətinin məntiqinə görə, Rusiyanın Ermənistana hərbi yardım göstərməkdən imtina etməsi onun NATO ilə əməkdaşlığının intensivləşməsini qanuniləşdirə bilər. Ermənistanın antirusiya və qərbyönümlü vektoru böyüyür”.
Fenenko deyib ki, Rusiyanın vəziyyətə reaksiyası son dərəcə təmkinli oldu:
“O, heç bir tərəfi dəstəkləmədi. “Rusiya Ermənistanı satdı” fəryadları ənənəvi strategiyadır. Ancaq İrəvanın növbəti addımı, çox güman ki, artıq Rusiya bazasını Ermənistandan çıxarmaq çağırışı olacaq. Artıq belə ifadələr səslənir. Ancaq başa düşmürlər ki, bundan sonra Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaqlar”
P.S. Kremlin siyasi eksperti hesab edilən Fenenkonun rəsmi Ermənistanın yürütdüyü siyasətdən narahatçılığı bir daha onu sübut edir ki, Rusiya nəyin bahasına olur olsun Paşinyanı cəzalandırmaq yolunu tutub və onu sərhəddə törətdiyi təxribatla həm xalqı, həm də Azərbaycan qarşısında çıxılmaz vəziyyətə salmaq istəyir. Lakin son hadisələrin gedişatı göstərdi ki, Rusiya öz məqsədinə tam nail ola bilmədi. Paşinyanın təxribatdan 2 gün əvvəl təcili olaraq Dağlıq Qarabağa rəsmi səfəri və orada təcili qapalı toplantı təşkil etməsi onu sübut edir ki, Ermənistan rəsmisi Azərbaycanla təxribat xarakterli münaqişəyə cəlb ediləcək. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Paşinyan Dağlıq Qarabağın bütün ərazisində hər hansı təxribatın törədilməsinə yol verilməməsi göstərişinə rəğmən, gözlənimədən Tovuzda bu hadisələr baş verdi. Nəticəyə gəlirik ki, Paşinyan illərlə əvvəl Ermənistan tərəfindən əsgər çatışmamazlığı ucbatından dövlət sərhəddlərinin qorunmasını etibar etmiş rus hərbçilərinə artıq son hadisələrdən sonra etibar etməyə bilər.
İfadetv.com