Cəmi bir ay sürən Rövnəqpərəstlik
Söz vaxtına çəkər. 2016-cı ilin yay ayları idi. Türkiyədə FETÖ-yə qarşı amansız mübarizə gedir, minlərlə adam həbs olunurdu. Azərbaycanda da kimlərsə əlində çıraq FETÖ-çü axtarışına çıxır, bəzi media orqanlarında bu terror şəbəkəsinin maliyyələşdirilməsində SOCAR-ın da adı hallanırdı.
SOCAR-da FETÖ söz-söhbətləri əslində yeni başlamamışdı. Həmin vaxtdan iki il əvvəl – 2014-cü ildə Qafqaz universitetinin dosenti İsa Hüseynov adlı bir nəfərin səs yazısı yayılmış və həmin səs yazısında Rövnəq Abdullayev Azərbaycanda “Hizmet” hərəkatının lideri kimi təqdim olunmuşdu. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycandan FETÖ-çülərə son qoyulması tələbinə rişxənd edən İsa Hüseynov utanmadan “Hizmet” hərəkatının beyninin Fəthullah Gülən “əfəndi”, sponsorunun isə Rövnəq Abdullayev olduğunu vurğulayırdı.
Açığı, başımı diş texnikliyinə qatdığım üçün dünyadan xəbərsiz olduğumdan SOCAR və Rövnəq Abdullayev barədə irəli sürülən bu ittihamları qaralama kampaniyası kimi alqılayır və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrini pozmağa yönəlmiş məkrli siyasət kimi qiymətləndirirdim. Çünki FETÖ-nün bu qədər güclü olduğuna və ölkəmizin əsas iqtisadi bazasına kimi yayılmasına inanmırdım. Məhz bu səbəbdən də SOCAR prezidenti Rövnəq Abdullayevi müdafiə etmək qərarına gəlmiş, bəlkə də onun barəsində indiyədək heç kimin qələmə almadığı məqalə yazmışdım. Özü də “Rövnəq Abdullayev niyə hədəfdədir? – SOCAR-ın nüfuzdan salınmasına yönəlik cəhdlərin altında yatan gerçəklər...” sərlövhəli məqaləmi əli gipsli-gipsli yazdığımdan qara komputerimi belə, ağ rəngə bulaşdırmışdım. İndi o günləri xatırlayanda nə qədər sadəlövh olduğuma həm gülür, həm də üzülürəm. Sən demə, mən bu zümrənin müftə hambalına çevrildiyim vaxt onlar həqiqətən də Azərbaycan xalqının varidatını FETÖ şəbəkəsinə yedirirmişlər.
Məni dəhşətə salan bu həqiqət yazını qələmə aldıqdan cəmi 1 ay sonra Türkiyə hüquq mühafizə orqanlarının SOCAR-Türkiyə və “Petkim”də aparacağı əməliyyatla ortaya çıxacaq və hər iki şirkətin bütün rəhbər kollektivi göz altına alınacaqdı. Yazı qələmə alındığı gündən “SOCAR-Türkiyə”dəki məşhur FETÖ əməliyyatına qədər isə mən, sözün həqiqi mənasında hər kəsi təəccübləndirmişdim. Hətta ən yaxın çevrəm SOCAR-la hansısa əlaqəmdən şübhələnirdilər. SOCAR-ın işçiləri belə təşvişə düşmüş, üzlərinə gülən “bu günəşin hardan doğduğu” ilə maraqlanırdılar. Tez-tez mənə müxtəlif vasitələrlə zəng edib nə əcəb bu yazını yazdığımı soruşurdular. Qısası, Rövnəqpərəstliyim SOCAR prezidentinin tayfa-tuluğunda belə böyük heyrətlə qarşılanmışdı. Əslində haqsız da deyildilər. Qələmə aldığım yazının nəinki mahiyyətinə və bütün məzmununa, hətta ordakı bir sözə (cümlə demirəm, ha!), nöqtəyə, vergülə belə layiq deyildilər, bunu hər kəsdən daha yaxşı özləri anlayırdılar. Məhz buna görə də hər kəsdən daha çox heyrətlənən də onlar olmuşdu.
SOCAR-Türkiyədə aparılan FETÖ əməliyyatı
Yadınızdadırsa, SOCAR-Türkiyədə aparılan əməliyyat zamanı əsasən həmin ölkənin vətəndaşları həbs edilmiş, Azərbaycan vətəndaşlığı olanlar isə sadəcə işdən çıxarılmaqla cəzalandırılmışdılar (Axı bizdə iri məmurlar üçün ən böyük cəza elə budur). Onlar arasında çox adamın adı çəkilirdi: SOCAR Turkiyənin 1. Başkanı Samir Kərimli, onun köməkçisi İlqaz Məmmədoğlu, şirkətin İnsan resursları şöbəsinin müdiri Raqif Fərəcov, SOCAR-ın vitse-prezidenti və FETÖ-nün Azərbaycandakı əsas kuratoru kimi tanınan Xaliq Məmmədovun oğlu Kənan Məmmədov və s. və ilaxır. Di gəl ki, adı çəkilməyən bir adam vardı – SOCAR-ın “qara qutusu” Anar Əlizadə.
O Anar Əlizadə ki, yeganə özəlliyi Rövnəq Abdullayevin dayısı oğlu olmaqdır. Elə bu özəlliyi ilə bir neçə ilin içərisində “bavul tüccarı”ndan neft maqnatına çevriləcək, özünü Prezidentdən, Birinci vitse-prezidentdən, öz bibisi oğlu Rövnəqdən belə üstün görəcək, Azərbaycan mediası üzərində senzura mexanizmi quracaqdı. Və bir gün onun bibisi oğlunu öyə-öyə göylərə qaldıran əli gipsli (Görünür, elə buna görə xor baxdığı, dayısı oğlunun dilsiz nökəri sandığı) jurnalistin saytını dəfələrlə dağıtmaqla öz qanacağına müvafiq şəkildə təşəkkürünü bildirəcəkdi.
Sual oluna bilər: Rövnəq Abdullayevin bu “qanacaqlı” dayısı oğlunun FETÖ oylağına çevrilən SOCAR-Türkiyə ilə heçmi əlaqəsi yox idi? Yoxsa o, Türkiyədə də müxtəlif vasitələrlə adının faş olunmasının qarşısını ala bilmişdi?
Sözsüz ki, bu suala ən dəqiq cavabı Azərbaycan və Türkiyə hüquq mühafizə orqanları verə bilər. Biz isə bu yazıda onun Türkiyədəki neft əməliyyatlarını reallaşdırdığı biznes şəbəkəsini işıqlandırmaqla vəzifəmizi tamamlayacağıq.
İngiltərənin Global Witness təşkilatının “Anonim Azərbaycan” hesabatı əsasında hazırlanmış məqaləni nöqtə-vergülünə toxunmadan dərc edirik.
ANAR ALİZADƏNİN TÜRKİYƏ FIRILDAQLARI
Öncə qeyd edək ki, Global Witness təşkilatının 2013-cü ildə yayınladığı hesabatda o vaxta qədər işgüzar çevrələrdə tanınmayan Anar Əlizadənin milyardlıq biznes şəbəkəsi üzə çıxarılmış, Anar Əlizadənin SOCAR ilə şübhəli biznes ortaqlıqlarından külli miqdarda vəsait əldə etdiyi məlum olmuşdur. Anar Əlizadə təkcə Supra Holding Limited şirkətindəki 40%-lik payın satışından 103 milyon dollar əldə etmişdir.
DUBAYDAN AMSTERDAMA UZANAN FIRILDAQ ŞƏBƏKƏSİ
Niderlandın biznes reyestr məlumatlarına görə, 25 avqust 2009-cu il tarixində Amsterdamda Heritage-UGE Coöperatief U.A. (yeni adı: Eventus-UGE Coöperatief U.A.) şirkəti təsis edilib. Şirkətin təsisçisi mərkəzi Dubayın azad ticarət zonasında yerləşən Heritage General Trading FZE (yeni adı: Eventus General Trading FZE) şirkətidir ki, bu da Anar Əlizadəyə məxsusdur. Qeyd edək ki, Heritage General Trading FZE şirkəti eyni zamanda Supra Holding Limited şirkətinin təsisçilərindən biridir. Eventus-UGE Coöperatief U.A. şirkəti SOCAR ilə birlikdə Niderlandda 5 şirkətin təsisçisidir. Bu şirkətlərdə Anar Əlizadənin payı aşağıdakı kimidir.
Agena Petroleum Holding B.V. şirkəti 23 fevral 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis olunub. Coöperatief Menkent U.A. şirkətinin səhmləri SOCAR-ın nəzarətindədir.
Türkiyə biznes reyestr məlumatlarına görə, 5 dekabr 2011-ci ildə təsis edilən SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. ortaqları arasında Agena Petroleum Holding B.V. 70% paya malikdir. Anar Əliyev və ya soyadını gah Əlizadə, yaxud da Alizadə kimi təqdim edən şəxsin adı Agena Petroleum Holding B.V. şirkətini təmsilən Müşahidə Şurasının üzvləri arasında qeyd olunub.
SOCAR-TÜRKİYƏ ƏMƏLİYYATI
SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. nəzdində Türkiyədə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. 19 aprel 2017-ci ildə Agena Petroleum Holding B.V. SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 70% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır. Qeyd edək ki, 2013-cü ilin aprel ayında SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. tərəfindən SOCAR Turkey LNG Satış A.Ş. və Azoil Petrolcülük A.Ş. şirkətləri təsis edilib.
14 mart 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis edilən SOCAR Gas B.V. şirkəti isə Türkiyədə Azərbaycan qazının satışını həyata keçirən SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətinin təsisçisidir.
Belə ki, 11 sentyabr 2011-ci ildə SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkəti təsis edilmişdir. Bu şirkətdə SOCAR Gas B.V. 78.5% paya malik idi. 28.08.2017 tarixində SOCAR Gas B.V. SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 78.5% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.
27 iyul 2011-ci ildə Amsterdamda Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə yeni bir şirkət – SOCAR Electric B.V. (yeni adı: Eventus Energy B.V.) təsis edilib. Türkiyə biznes reyestr məlumatlarına görə, SOCAR Electric B.V. 2 sentyabr 2011-ci ildə təsis edilən SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində 75% paya malik olmuşdur. SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində SOCAR Electric B.V.-nin partnyoru isə hal-hazırda FETO terror qruplaşmasına üzv olduğuna görə beynəlxalq axtarışda olan Enver Taner Baltacının sahib olduğu Lotus Müteahhitlik şirkətidir. Enver Taner Baltacının SOCAR Power Enerji Yatırımları A.Ş.-də ümumi payı 24.46 % olmuşdur. 17 iyul 2013-cü ildə SOCAR Electric B.V. bu şirkətdə payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.
https://www.ogunhaber.com/genel/feto-operasyonu-azerbaycan-da-devam-edecek-574546h.html
https://www.sabah.com.tr/guney/2017/08/24/fetonun-enerji-sevdasi
Anar Əlizadənin bu satışlardan nə qədər vəsait əldə etdiği biznes reyestr məlumatlarında qeyd olunmayıb. Ancaq Sinqapur biznes reyestr məlumatlarına görə, Eventus-UGE Coöperatief U.A. və Eventus General Trading FZE şirkətlərinin təsisçisi olan Union Grand Energy PTE ltd. şirkətinin 2017-ci ildə aktivləri 492 milyon dollar, 2018-ci ildə isə 591 milyon dollar olmuşdur.
Qeyd edək ki, Anar Əlizadənin sahib olduğu Union Grand Energy PTE Ltd. şirkətinə daxil olan şirkətlərlə bağlı araşdırmalarımız davam edəcək.