Media Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun mülklərinin siyahısını yayıb. Siyahı uzundur, mağazalar, restoranları, şadlıq evləri, istirahət mərkəzləri, idman salonları, villalar, maşınlar... Amma kitabxana və təhsil mərkəzi yoxdur, uşaq bağçası var. Yəqin orda 1 aylıq ödəmə ceyran belinə qalxar.
Azərbaycanda tələbələr var ki, metro kartına pul yatırmaqda çətinlik çəkir, dərsə piyada gedib-gəlirlər, amma Məhərrəmovun 10 avtomobilini saydım, ən ucuzunun qiyməti 200 min avrodur. Və məmləkətdə təhsil haqqın ödəyə bilməyən yüzlərlə gənc var ki, təhsilini yarımçıq qoyub.
Abel Məhərrəmovun tələbələri çox vaxt kirayə evlərin pullarını ona görə ödəmək imkanından məhrum idilər ki, onun Bakıda, şimal rayonlarında 8 villası vardı.
Sabiq rektorun şadlıq saraylarından biri "Mono Liza” adlanır (Araşdırsaq, Məhərrəmovun "Mono Liza" rəsminin müəllifi , yaxud əsər haqqında təsəvvürü olmadığı aşkarlanar). Əminəm ki, orda BDU tələbələri toy etmək imkanından məhrumdur. Sarayın dəyəri 12 milyon civarındadır, halbuki, bu qədər vəsaitə nə qədər gənci xaricdə oxutmaq olardı.
Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixində ən uzun zaman rektor olub, 19 il, ondan sonra Faiq Bağırzadədir, 17 il. Respublikanın sabiq birinci katibi Kamran Bağırovun qardaşı. BDU-nun tarixində 24 rektor olub, amma onların fəaliyyətinə baxdıqda, Abel Məhərrəmov kimisini görə bilmirsən. Bu tip tarixdə qalacaq, lənətlə. Çünki özü etiraf edib ki, xırda adamdır.
Natiq Cavadlı
P.S. Bəli, 17 il öncə 250 min dolların hesabına BDU rektoru təyin olunan bu xırda adam niyə də verdiyini illər ərzində min qatını çıxarmasın? Çıxardı, özüdə aidiyyatı üzrə dövlət orqanlarının gözü qabağında. Heç kimdən qorxmadan, çəkinmədən. Bu gün də iri oğruya bəy tərifi deməklə "xalqın" bu binəvaları çox istəməsindən dəm vurur. Sual olunur- axı hnsı özünə hörmət edən xalq ona məxsus əmlakı yağmalayan, talayan iri və xırda oğruları çox istəmişdir? Çox təəssüf edirik ki, bu xırda adamdan bu gün də soruşan yoxdur ki, 950 manat məvaciblə bu qədər varidatı necə əldə etmisən, və ya oğurlamısan. Belələri Azərbaycanda minlərlədir. Və belələrinin hamısını oğru heyvanlar sırasına qatmaq və hesab sormaq lazımdır.