Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində dünyanın diqqət mərkəzindədir. Türkiyədən alınan PUA-lar sayəsində Azərbaycanın hərbi üstünlük qazandığı deyilir.
Dağlıq Qarabağdakı qarşıdurmadan əvvəl də, bir çox hərbi analitik Türkiyəni PUA sayəsində qlobal müdafiə sənayesinin liderlərindən biri hesab edirdi.
“BBC News Türkçe” Türkiyədə istehsal olunan PUA-larla bağlı maraqlı araşdırma aparıb.
Gununsesi.info həmin materialı təqdim edir:
PUA-ları inkişaf etdirən Türkiyə İsraillə və ABŞ-a bağlı qalmaq istəmir və qabaqcıl texnologiyalara əsaslanan yeni cihazlar istehsal edir.
BBC News Türkçe-yə danışan PUA üzrə amerikalı hərbi mütəxəssis Daniel Gettinger müxtəlif növ aparatlar istehsal edən Türkiyənin bu sahədə getdikcə artan rolunu qeyd edir.
Habertürk yazarı və aviasiya mütəxəssisi Güntay Şimşek deyir ki, “Türkiyə aviasiya sənayesində illərdir ki, verdiyi itkilərin əvəzini çıxır”.
Onun sözlərinə görə, təyyarələr istehsal edən Türkiyə 1940-cı ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olsa da, sonrakı müddətdə onun aviasiya sektorunda mövqeləri zəiflədi. Lakin hazırda o, PUA istehsalı sayəsində ciddi dəyişikliyə nail olub.
Türkiyənin bu sahədə tuş gəldiyi ən sərt tənqidlər ölkə daxilində həyata keçirilən və bəzən mülki sakinlərin ölümünə səbəb olduğu iddia edilən hərbi dron hücumları ilə bağlıdır.
Sənaye liderləri ABŞ və İsrail
ABŞ-da yerləşən Mitchell Aerokosmik Araşdırmalar İnstitutunun əməkdaşı Daniel Gettinger PUA istehsalında İsraillə ABŞ-ın dünya liderləri olduğunu bildirir.
İsrail və ondan sonra ABŞ hərbi dronların istehsalına 1970-80-ci illərdə başlayıb, Türkiyə isə bu sahədə yeni nəslə mənsub istehsalçıdır. Burada digər ölkələr Çin və Fransadır.
Gettinger tərəfindən hazırlanan məlumat bazasına əsasən, hazırda ən azı 95 ölkə hərbi PUA-lar istehsal etməyə çalışır. Ən azı 60-ölkədə isə 267 hərbi drondan istifadə olunur.
Çin dünyanın ən iri PUA ixracatçısı oldu
Habertürk kanalının Airport proqramını hazırlayan Güntay Şimşek deyir ki, Türkiyə dron sahəsindəki layihələndirmə, proqram təminatı və istifadə qaydaları baxımından aparıcı ölkələrin ilk beşliyinə daxildir.
Britaniya mərkəzli Drone Wars qeyri-hökumət təşkilatına əsasən, Türkiyə Çin, İran və Pakistanla yanaşı PUA sahəsində öz istehsalına sahib olan yeni nəsil ölkələrdəndir.
SIPRI Mərkəzinin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) keçən ilki hesabatına görə, PUA ixracatında 1430 faizlik artıma nail olan Çin bu sahədə dünya liderliyini qazanıb.
Aviasiya, kosmik və müdafiə sənayesində marketinq araşdırması üzrə Teal Group şirkətinin son hesabatında göstərilir ki, 2019-cu ildə hərbi PUA sektorunun ümumi həcmi artaraq 7,3 milyard dollara çatıb. Növbəti 10 il ərzində isə, bu rəqəm 98,9 milyard səviyyəsinə yaxınlaşa bilər.
ABŞ və İsraillə münasibətlərin gərginləşməsi istehsalı sürətləndirdi
Türkiyə ordusunun PKK ilə mübarizədə tez-tez dronlardan istifadə etməsi onların istehsalına əhəmiyyətli təsir göstərib.
Ankara, ABŞ-dan ilk PUA-larını məhz “terrorçuluğa qarşı” siyasəti çərçivəsində idxal edib.
Türkiyə ABŞ-dan aldığı GNAT 750 donlarının köhnəlməsinin ardınca, 2000-ci ildən etibarən İsrailə üz tutdu. Ancaq buradan alınan Heron tipli PUA-larla daima problemlər yaşanırdı; bəzi dronlar qəzaya uğrayaraq yararsız hala gəldi, digərləri isə texniki səbəblər üzündən uça bilmədi.
Buna görə Heron-ların bir hissəsinin İsrailə qaytarılması barədə qərar verildi.
“Mavi Marmara” ilə bağlı 2010-cu ildə İsraillə yaşanan böhran və bu il ABŞ Konqresində Predator və Reaper tipli dronların satışının bloklanması Türkiyəni daxili istehsalın inkişafına vadar etdi.
Türkiyənin aparıcı dron istehsalçıları
TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii A.Ş.) və Baykar şirkəti Türkiyənin aparıcı dron istehsalçılarıdır. PUA istehsal edənlər arasında həmçinin Vestel və STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) şirkətləri də var.
Baykarın istehsal etdiyi Bayraktar TB2 pilotsuz təyyarəsi ən yaxşı dronlardan biri kimi tanınır.
O, raket daşıya bilən ən kiçik SPUA-lardan biri olduğu üçün öz rəqiblərindən seçilir.
Bayraktar TB2 davamlı hava nəzarəti və kəşfiyyat vəzifələrini yerinə yetirən PUA hesab olunur. Eyni zamanda o, hədəfə zərbə endirmək qabiliyyətinə görə SPUA kimi də istifadə oluna bilər.
PUA-ları hansı ölkələr alır?
Türkiyə və Azərbaycan mediasında Bakının Bayraktar TB2 dronlarını ala biləcəyi barədə xəbərlər yayda yayılmağa başladı. Türkiyədə istehsal olunan PUA və SPUA-ları alan, ya da almağı planlaşdıran digər ölkələr arasında Serbiya, Qətər, Tunis və Liviya da var.
“Dağlıq Qarabağdakı uğurlu əməliyyatlar sayəsində Azərbaycana satılan Bayraktar TB2 xaricdən həm tərif, həm də tələbat cəlb edir. Onun bazarı genişdir,” – aviasiya məsələləri üzrə ekspert Güntay Şimşek deyir.
France24-ə müsahibəsində “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?” sualına cavab verən Azərbaycan prezidenti, “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır” deyib.
“Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır,” – İlham Əliyev deyib.
Azərbaycan lideri dronların necə bir təsir yaratdığı barədə suala da cavab verib.
“Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”.
2019-cu ildə ixracat 34 faiz artıb
Türkiyə özü istehsal etdiyi dronlarını Suriyada “Bahar Qalxanı” əməliyyatı zamanı da tətbiq edib.
Liviya Milli Barışıq Hökuməti general Xəlifə Həftərə qarşı apardığı əməliyyatlarda da Türkiyə dronlarının sayəsində üstünlük əldə edə bilib.
2019-cü ildə Türkiyə müdafiə və aviasiya sektoru üzrə ixracatın ümumi həcmi 34,6 faiz artaraq, 2,74 milyard dollara çatıb. 2023-cü ildə bu rəqəmin 10 milyard dollara çatacağı gözlənilir.
“Digər ölkələrlə də əlaqələri inkişaf etdirmək istəyir”
SIPRI 2014-2018-ci illərdə Türkiyənin silah ixracatının 2009-2013-cü illərlə müqayisədə 170 faiz artdığını bildirir. 2015-2019 illərdə Türkiyəyə silah idxalının 48 faiz azaldığı da qeyd olunur.
Buna səbəb olan amillər arasında yerli texnologiyaların inkişafı və başqa ölkələrdən alınacaq silahların təchizatında gecikmələrin təsiri qeyd olunur.
“Türkiyə yalnız ixracat təklifiylə kifayətlənmir, o, eyni zamanda digər ölkələrlə əlaqələrini inkişaf etdirmək istəyir,”- Daniel Gettinger deyir.
Onun sözlərinə görə, Türkiyə digər ölkələrdə PUA-ların yerli istehsalı sahəsində əməkdaşlıq edir.
“Düşünürəm ki, satış üçün güclü reklam edilən Bayraktar TB2 rəqiblərindən daha ucuzdur və bu, kiçik ölkələr üçün daha əlverişli olacaq.”
PUA-ların istehsalında digər ölkələrdən alınan texnologiyalar istifadə olunurmu?
Türkiyənin buraxdığı pilotsuz təyyarələr barədə ən çox vurğulanan məqamlardan biri də onun tamamilə yerli istehsala əsaslanmasıdır.
Baykar şirkətinin Bayraktar TB2 haqqında yaydığı açıqlamada deyilir ki, “Baykarın texnoloji imkanları və bacarığı sayəsində bütöv sistem yerli və ölkədaxili istehsala əsaslanır”.
Ancaq bunun əksini iddia edənlər də var. Daniel Gettinger texnologiyanın bir hissəsinin, məsələn, sensor cihazları ilə hədəf qurğularının Kanada və Almaniyadan alındığı bildirir.
Müdafiə sənayesi mütəxəssisinə əsasən, Türkiyə hərbi dronlarının ən zəif nöqtəsi, istehsalın idxaldan asılı olmasıdır.
“Buraxıcı qurğuBritaniyadan alındı”
2019-cu ildə Guardian qəzeti yazıb ki, Bayraktar TB2 dronu üçün Britaniyanın EDO MBM Technology şirkəti tərəfindən hazırlanan Hornet tipli raket buraxıcı qurğulardan istifadə olunur.
Xəbərin yayılmasından sonra Baykar şirkətinin nümayəndəsi Selçuk Bayraktar bu iddiaları təkzib edib.
Bu arada Kanada Türkiyə dronlarında öz hərbi texnologiyalarının istifadə olub-olunmaması müəyyənləşənə qədər həmin hissələrin Türkiyəyə ixracını dayandırıb. Həmçinin bildirilir ki, Almaniya şirkətləri Türkiyəyə dronların istehsalında istifadə oluna biləcək 12,8 milyon avroluq avadanlıq satıblar.
“Ukrayna ilə birgə mühərrik hazırlanıb”
Güntay Şimşek ən mübahisəli mövzu olan mühərrik istehsalı sahəsində də Türkiyənin irəliləyiş əldə etdiyini deyir.
“PUA-larda istifadə olunan mühərriklər dünyanın hər tərəfində rəflərdə olan ticarət məhsuludur. Türkiyə PUA-ları uğur qazanan kimi, ölkələr onun qarşısını almaq üçün mühərrik bəhanəsini ortaya çıxardı. Ancaq bu ərəfədə artıq TUSAŞ Motor Sanayii A.Ş. şirkəti mühərriklər istehsal edirdi,” – Güntay Şimşek deyir.
“Baykar Müdafiə isə Ukraynaya ixracı çərçivəsində ortaq mühərrik istehsalına başladı. Dağlıq Qarabağda münaqişə ilə bağlı dronlardakı kamera və hədəfləri aşkarlama texnologiyası tənqidlərə tuş gəldi. Halbuki bununla əlaqədar ASELSAN da işləyir. Bunlar məhsulun uğursuz olması ilə deyil, ortaq əməkdaşlığı inkişaf etdirməyə yönələn cəhdlər idi”, o qeyd edir.
Tənqidlər: “Sərhədləri daxilində müntəzəm əməliyyatlar keçirən yeganə ölkə”
Drone Wars-dan Samuel Brownsword-a görə, Baykarın Akıncı dronu ilə Türkiyə həm ən qabaqcıl SPUA istehsalçısı mövqelərini, həm də öz ixracat siyasətini inkişaf etdirmək imkanına sahib oldu.
Türkiyənin bu sahədəki uğurunun ən böyük səbəbi odur ki, o, PUA və SPUA-ları öz ərazisindəki əməliyyatlarda istifadə edə bilən nadir ölkələrdən biridir.
Samuel Brownsword-un məqaləsində hətta deyilir ki, Türkiyə öz sərhədləri daxilində müntəzəm olaraq əməliyyatlar keçirən yeganə ölkədir.
Pakistan, İraq və Nigeriya kimi ölkələrin də ərazilərində dron həmlələri haqqında məlumat verilir. Amma bunların ara-sıra baş verdiyi və təbliğat məqsədli olduğu da qeyd edilir.
The Intercept: “Türkiyə ölümcül bir gücə çevrildi”
Türkiyənin öz ərazisində və Suriyanın şimalında həyata keçirdiyi hücumlar nəticəsində dinc sakinlərin öldüyü barədə iddialar həm insan haqları fəalları, həm də müxalif deputatlar tərəfindən dəfələrlə təkrarlanıb.
Ötən il “The İnterceptor” saytı “İkinci PUA dövrü: ABŞ-a meydan oxuyan Türkiyə necə bir ölümcül PUA gücünə çevrildi?” adlı məqaləsində dronların istifadəsi baxımından Türkiyənin ABŞ və Britaniyaya rəqib olduğunu yazır.
İnternet nəşrinə danışan Britaniyadakı Airwars qeyri-hökumət təşkilatının qurucusu Chris Woods “SPUA-ya təslim ola bilməzsiniz” deyir.
“SPUA tərəfindən həbs oluna bilməzsiniz. Silahlar tətbiq olunduqda, ortaya yeganə nəticə çıxır, o da ölümdür. Bu, xüsusilə də ölkə daxilində istifadə olunarsa, narahatlıq doğuran bir haldır”.
Gununsesi.info