Keçmiş deputat Gültəkin Hacıbəyli sabiq Nəqliyyat naziri Ziya Məmmədov haqqında sensasiyalı faktlar açıqlayıb.
"AzPolitika.info" xəbər verir ki, o, sosial şəbəkədə Məmmədovun mətbuata dediyi "rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil" açıqlmaasını xatırladaraq yazıb: "Ziya Məmmədovun Ucar, Göyçay, Goranboy camaatına nə dağlar çəkdiyini mən bilirəm. Ucar camaatı deyirdi ki, burada soyadın Məmmədov deyilsə, sən adam sayılmırsan".
G.Hacıbəyli qeyd edib ki, keçmiş nazir Goranboya icra başçısı təyin etdirdiyi Nizaməddin Quliyevin əli və tapşırıqlarını qeyd-şərtsiz icra etdiyi Ramiz Mehdiyevin təlimatları ilə camaata yaşatmadığı zülm qalmayıb. "Yeganə səbəb pul idi. İnsanlara zülm etməklə məqsəd daha çox pul əldə etmək idi", - deyə sabiq deputat vurğulayıb.
G.Hacıbəylinin sözlərinə görə, seçicilərinin haqqını müdafiə etdiyinə görə Z.Məmmədov ona düşmən kəsilib: "Davamlı şəkildə əleyhimə hər yerdə "Nizaməddin müəllim rayonu inkişaf etdirir, deputat ona mane olur" təbliğatını aparırdı. Nizaməddini Goranboydan sonra Ağstafanı "inkişaf etdirən" yerdə DTX qandalladı. Ziya Məmmədov prorabı Qulam Ələkbərovu Goranboya "uçastkovıy" təyin etmişdi, başçı ona tabe idi. Qulam isə mənə "xalqın dərdini çəkmək sizə qalmayıb, qara camaat onsuz da qaragünlüdür, siz gül kimi karyeranızı camaata görə məhv etməyin, Ziya müəllimin işinə qarışmayın" məsləhətini verirdi. "Goranboyu Ziya müəllimə veriblər. Buralar bizlikdir. İstəyərik, camaatın üstündən tankla, BTR-lə keçərik, sizlik deyil" deyirdi".
G.Hacıbəyli vurğulayıb ki, Ziya və bandasının işi rayondan mümkün qədər çox pul qoparmaqdan ibarət idi. "İcra başçısına pul verməkdən imtina edən rayonun ən nümunəvi 3 saylı Goranboy şəhər Orta Məktəbinin direktoru Nüşabə Əhmədovanı hamıya görk olsun, heç kim qorxudan Nizaməddinə pul verməkdən imtina etməsin deyə şərləyib həbs etdirdilər, iki il həbsdə çürütdülər. Halbuki cəmi bir il öncə Goranboy Təhsil İdarəsində geniş yoxlama aparan Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsi rayonda yalnız iki məktəbdə korrupsiya faktı aşkarlamamışdı və onlardan biri Nüşabə xanımın direktoru olduğu məktəb idi", - deyə keçmiş millət vəkili vurğulayıb.
G.Hacıbəyli bildirir ki, 2010-cu ilin may ayında, Nüşabə Əhmədova şərlənib istintaqa cəlb ediləndə Ziya Məmmədovla görüşməyə çalışsa da, baş tutmayıb: "Ziya Məmmədovdan da betər olan Zakir Qaralovla görüşməkdən söhbət gedə bilməzdi, çünki Ramiz Mehdiyevin sadiq nökəri kimi onun mənə qarşı iyrənc planının əsas icraçısı Baş prokuror özü idi. Nüşabə xanımı rəhbərliyə "mənim adamım" kimi təqdim etməklə mənə də zərbə vurmaq istəyirdilər.
2010-cu ilin 9 May günü Şəhidlər Xiyabanında Ziya Məmmədovu tuta bildim. "Siz bütün həyatını təmənnasız şəkildə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş ləyaqətli bir xanımı şərləyirsiniz, bunu etməyin" dedim. Ziya Məmmədovun cavabı bu oldu: "Nüşabə Əhmədova korrupsionerdir, cinayətkardır, siz isə cinayətkarı müdafiə edirsiniz. Mən ölkə rəhbərliyinə bu barədə məlumat vermişəm".
Etiraz etdim: "Korrupsioner rayon yerində üçotaqlı bina evində yaşayar?! Gəlin, birlikdə onun evinə gedək, evinin şəraitinə baxın, təmiri yoxdur, oturmağa stulu yoxdur, maaşını kasıb şagirdlərin əyin-başına xərcləyir, yoldaşının maaşı ilə dolanır, rayon üzrə ən yüksək qəbul onun məktəbindən olur".
Xalqın milyardlarını talayan Ziya Məmmədov kasıb bir müəllimə haqqında hökmünü çoxdan vermişdi: "Nüşabə Əhmədova cinayətkardır və cəzasını alacaq".
Yeri gəlmişkən, böyük təzyiqlərə baxmayaraq birinci instansiya məhkəməsi Nüşabə xanıma qarşı irəli sürülən maddələrin çoxunu rədd etdi, ona yalnız Goranboy rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan bir şəxsin dərslərini başqa müəllimə verdiyi üçün şərti cəza verildi. Ziya Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə Ramiz Mehdiyev vasitəsilə təzyiq etdirdi, nəticədə hökm dəyişdirildi və Nüşabə xanım həbs olundu".
G.Hacıbəyli bildirib ki, indi xalqın milyardlarını talamış, ən azı onun kurasiyasına verilmiş rayonların camaatına dirigözlü zülm etmiş, evlər yıxmış, günahsız, təmiz bir qadını şərləyib həbs etdirmiş "bu cinayətkar yonca əkib, çəpiş bəsləyir".
"Halbuki həbsdə çürüməlidir", - keçmiş deputat vurğulayıb.
"AzPolitika.info"