Məlum olduğu kimi, Ermənistanın keçmiş Serj Sarkisyan indiki Baş nazir Nikol Paşinyanı 44 günlük müharibə dövründə ölkəsinin silah arsenalından düzgün və zamanında istifadə etməməkdə günahlandırmışdı. Onun sözlərinə görə, Ermənistan ən geci müharibənin 4-cü günü “İsgəndər” silahlarından istifadə etməli və Azərbaycanın neft və qaz obyektlərini vurmalı idi. Ermənistan ordusu isə guya bu imkanından vaxtında faydalanmadığı üçün müharibə davam edib və Azərbaycan ordusunun qəti qələbəsilə nəticələnib.
Ermənistan Baş naziri Nikol Paşinyan 1in.am saytına müsahibəsində sabiq prezidentin ona ünvanladığı ittihamları və sualları cavablandırıb.
Paşinyanın fikrincə, bu sualların cavabını Sarkisyan bilir və məsuliyyət daşıyan şəxs də elə onun özüdür. “Qoy onun özü bu suala cavab versin ki, “İskəndər” raketi niyə partlamadı? Və yaxıd, məsələn, niyə 10% partladı?" – deyən Paşinyan bu sözlərlə həm də rus silahlarının paxırını açıb.
Qeyd edək ki, rus silahlarının keyfiyyətsizliyi dünyanın bir çox hərbi ekspertləri tərəfindən dəfələrlə gündəmə gətirilib. Moskvanın öz silahları barədə yaydığı əfsanələrdən fərqli olaraq, bir çox sınaqlarda və döyüş meydanlarında onlar istənilən nəticəni göstərə bilməyib və özünü doğrultmayıb. 44 günlük müharibədən az əvvəl keçirilən “Qafqaz-2020” hərbi təlimində Rusiyanın S-300 hava hücumundan müdafiə raketi hətta öz yanından keçən hədəfi vura bilməmiş və rus əsgərləri tərəfindən belə, istehza ilə qarşılanmışdı. Yaxud Tramp hakimiyyəti dövründə ABŞ donanmasının Suriyanı raket atəşinə tutduğu zaman bu ölkədəki rus S-300-ləri tam başarısız olmuş, bir raketi belə, zərərsizləşdirə bilməmişdi.
Rusiya komandalığı bu uğursuzluqlarının səbəbini həmin vaxt S-300-lərin avtomatik atəş sistemlərinin qapalı olması ilə əsaslandırmağa çalışsa da, arqumentləri inandırıcı görülməmişdi. Çünki Rusiya hərbçiləri Suriyanı hava hücumlarından qorumaq üçün orda idilər və S-300-lərin hədəfə açıq olması gərəkli idi. Üstəlik, həmin vaxt Pentaqon hücum edəcəklərini bir neçə gün əvvəldən bəyan etmiş və dediyi zaman hücuma keçmişdi. Başqa sözlə, Suriyadakı rus qoşunları bu hücumdan xəbərdar idilər və gözlənilmədən raket “yağmuruna” yaxalanmamışdılar.
Paşinyanın eyhamlı etirafı həm də onu göstərir ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu sivil xalqla yanaşı, həm də qaz və neft obyektlərinə də “İsgəndər” raketi zərbələrinə məruz qoyub. Sadəcə bu raketlərin bəziləri ümumiyyətlə partlamayıb, bəziləri isə cəmi 10% faiz partlayıb.
Ermənistan Baş nazirinin Azərbaycana atılan “İsgəndər” raketinin partlamamasından Serj Sarkisyanı məsul tutması da səbəbsiz deyil. Zira həmin raketlər Sarkisyanın hakimiyyəti illərində alınmışdı.
Bu arada Rusiya Federal Məclisinin Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini, istefada olan general-polkovnik, Dövlət Dumasındakı “Vahid Rusiya” fraksiyasının üzvü Viktor Zavarzin Ermənistan baş naziri Nikol Paşinyanı “İskəndər” raketlərinin effektsiz olması ilə bağlı açıqlamasından sonra yalan danışmaqda ittiham edib.
V.Zavarzinin Paşinyanın tənqidinə cavabını “Danışır Moskva” radiostansiyası yayımlayıb.
“Bizim “İskəndər”lər çox yüksək dəqiqliyə malik silahdır, onlar özlərini müxtəlif təlimlərdə dəfələrlə nümayiş etdiriblər. Paşinyanın sözləri sadəcə, mütləq yalandır və onun sözləri əsasında “İskəndər”lər hətta heç bir şübhəyə alına bilməz”, – deyə o bildirib.
Onun sözlərinə görə, erməni siyasətçi müvafiq bəyanatla Dağlıq Qarabağdakı müharibənin nəticələrində öz günahsızlığını qeyd etməyi qərara alıb:
“Bir insan özünün günahkar olmadığını axtardıqda, o “İskəndər”ləri də "bəzəyəcək" və günahın erməni xalqında da, orduda da olduğunu deyəcək”.
“İsgəndər” Rusiya Federasiyasının yeni nəsil ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunun arsenalına qəbul edilib. Bu raketlər 500 kilometr məsafədən hədəfə guya 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin də müdafiəsini yara bilir. “İsgəndər” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyənləşdirə bilmir.
Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.
P.S. əslində ermənilərin, o cümldən Paşinyanın Azərbaycan üzərində qələbəni təmin edə biləcək "iskəndər" raketlərinə olan ümidlərinin boşa çıxması və baş nazirin bu raketlərlə bağlı Sarkisyana cavabı ilk növbədə Rusia Müdafiə Nazirliyini əsəbləşdirib. Sarkisyan çıxışında bildirmişdir ki, niyə "İskəndər"lərdən Azərbaycann neft-qaz boruları vurulmadı? sualını ortaya qoymuşdu. Bu sualın açması budur ki, ermənistan Hərbi doktirinasında Azərbaycanın hücum edəcəyi halda bu silahların hamısınndan gen bol istifadə etmək qərara alınmışdı. Paşinyan da ona konkret cavab vermişdir ki, hərbi plan icra edilsə də gözlədikləri baş verməmişdir. Yəni İrəvan bu raketlərdən nəinki neft-qaz boru kəmərlərinə, Neft terminallarına, hətta paytaxt Bakının dinc sakinlərini də hədəfə almışdı. Və bu istiqamətdə atılan yüzlərlə raketin heç biri hədəfə çatmamış göydə zərəsizləşdirilmişdir. Dünən erməni məyusluğu müharibənin gedişi zamanı baş vermiş həqiqətləri ortalığa qoymağa məcbur olurlar. Ruslar isə dövlət büdcəsinin 35 faizini dolduran silah bazarını belə açıqlamalarla itirmək istəmirlər. Lakin çox təəssüflər olsun ki, noyabrın 7-də onların Şuşa şəhərinə qisas məqsədilə atdıqları 3 belə raketlər partlamışdır. Çünki, HHM-in bu zonada quraşdırılması mümkün olmamışdır.