Fərhad Mehdiyev: “Erməni mediası və ekspertləri hər gün intiqamdan, müharibənin bitmədiyindən bəhs edir”
İlqar Altay: “Ermənilər işğal dövründə Qafan tərəfdən sərhədi irəli çəkərək, Qubadlı və Zəngilan rayonlarının 40-a yaxın kəndini Ermənistana qatıblar”
Nazim Cəfərsoy: “Qafqazda içində Türkiyənin olduğu və NATO-nun belə, qarışacağı böyük müharibə riski yaranacaq”
Ordumuz işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində addımlar atır. Bu barədə publika.az-da yer alan informasiyaya görə, yeni antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində ola bilər. Qeyd olunur ki, erməni teleqram kanallarında yayılan informasiya bunu deməyə əsas verir.
“Qafandakı (söhbət işğal dövründə qanunsuz olaraq Ermənistana birləşdirilən kəndlərdəki erməni terrorçularından gedir) erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nümayəndələri ilə danışıqlar aparıb. Ermənilərdən beynəlxalq səviyyədə tanınmış sərhəd xəttinə uyğun olaraq, Zəngilan və Qubadlı ərazisinə daxil olan hazırki mövqelərindən bir neçə kilometr qərbə – Ermənistanın içərilərinə doğru geri çəkilmək istənilib. Rusiya sülhməramlıları ermənilərə xəbərdarlıq edib ki, çəkilməsələr, bir neçə gün ərzində azərbaycanlılar hücum edəcək, belə olanda ruslar buna qarışmayacaqlar. Həmçinin o da bildirilib ki, ermənilər bu ərazilərdə qalıb müdafiə olunmaq istəyirlərsə, onlara heç nə deyə bilməzlər”, – məlumatda bildirilir. Nikol Paşinyanın “Zəngilan-Qubadlı məsələsini soyuq başla həll etmək lazımdır” açıqlamasına baxmayaraq, ermənilərin Nikolayın dövründə qalma hərbi texnika ilə “biz Süniki (Zəngəzur) müdafiə edəcəyik” pozaları onların geri çəkilmək niyyətində olmadığını göstərir. Bu o deməkdir ki, növbəti antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində olacaq.
“Azərbaycan razılaşmanın pozuntusuna göz yummayacağını, ordumuzun erməniləri dərhal diz çökdürəcəyi mesajını əməli olaraq göstərməlidir”
“Hürriyyət“in məlumatına görə, mövzuya təxminən, bu yöndən yanaşan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevin sözlərinə görə, hazırda Ermənistanda çevriliş hazırlanır və Nikol Paşinyanın çevrilişlə hakimiyyətdən getməsi Azərbaycanda narahatlıq yaratmalıdır: “Çünki çevrilişi hazırlayanlar revanşist qüvvələrdir. Qarabağ müharibəsi nəticəsində Paşinyanın getməsi Putinin əsas hədəflərindən birisi idi, amma onun maraqlarına cavab verdiyi qədər bizim maraqlara cavab vermir. Çünki revanşistlər 10 noyabr tarixli razılaşmadan çəkildiklərini, Naxçıvana dəhliz verməkdən imtina edəcəklərini, təxribat törədəcəkləri, güc topayıb əks hücuma keçəcəklərini gözləmək mümkündür”. Politoloqun fikrincə, belə bir vəziyyətə seyirci qalmaq səhv olardı: “Azərbaycan dövlət olaraq razılaşmanın pozuntusuna göz yummayacağını, Azərbaycan ordusunun erməniləri dərhal diz çökdürəcəyi mesajını əməli olaraq göstərməlidir. Prezident parad sırasında bununla bağlı Ermənistana xəbərdarlıq etsə də, bunun ermənilər tərəfindən başa düşüldüyünü zənn etmirəm. Erməni mediası və ekspertləri hər gün intiqamdan, müharibənin bitmədiyindən bəhs edir. Biz tərəfdən əməli xəbərdarlıq nə ola bilər, harda etmək lazımdır? Bax bunu düşünmək lazımdır”.
“Ruslar erməniləri xəbərdar ediblər ki, Azərbaycan ordusu hücum etsə, biz qarışmayacağıq”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə bildirib ki, ermənilər işğal dövründə Qafan tərəfdən sərhədi irəli çəkərək, Qubadlı və Zəngilan rayonlarının bir hissəsini Ermənistan ərazisinə qatıblar: “Səhv etmirəmsə, hazırda orda 40-a yaxın kəndimiz var. Bu yerlərdə Qafan rayonu ərazisi kimi, bu rayonun silahlı dəstələri var. Və orada da Ermənistan və Azərbaycan sərhədi arası, Rusiya silahlı qoşun birləşmələri yerləşir. Ermənilər bu yerləri xoşluqla boşaldıb öz rəsmi sovet xəritəsi sərhədlərinə çəkilmək istəmirlər. Azərbaycan tərəfi də bu halda, Rusiya hərbisinə bildirib ki, çəkilin mane olmayın biz öz ərazimizi azad edək. Ruslar da erməniləri xəbərdar ediblər ki, Azərbaycan ordusu hücum etsə, biz qarışmayacağıq. Yəni, qanun da, haqq da, güc də bizim tərəfdədir! Xeyli ərazidir, həm də gözəl yerlər, bizim olacaq! Bildiyiniz kimi, Laçın və Kəlbəcərdə sərhədlərimiz, ərazimiz bərpa olundu. İndi də Qubadlı və Zəngilanın ərazisi bərpa olunacaq. Dağlıq Qarabağın da tam şəkildə əlimizdə olmasına çox qalmayıb”.
“Azərbaycan ilk addım kimi 3-4 günə Xankəndi daxil olmaqla, geri qalan əraziləri götürəcək”
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy da bu qənaətdədir ki, Nikol Paşinyanı göndərmək istəyənlər revanş arzusunda olanlardır: “Bu isə 10 noyabr razılaşmasında Rusiyanı içinə çəkəcək böyük problemlər deməkdir. Bu mərhələdə Putinin Pasinyanın gedişini taktiki baxımdan arzu etmədiyini düşünürəm. Çünki razılaşmaya əməl olmasa, 2 min rus əsgəri müharibənin ortasında qalacaq, Qafqazda içində Türkiyənin olduğu və NATO-nun belə, qarışacağı böyük müharibə riski yaranar. Bu, rusların 80 ildir əlləşdiyi Türkiyəni NATO və ABŞ-dan ayırma siyasətinin uğur qazanmağa çox yaxın ikən iflası deməkdir. Üstəlik, ABŞ və digər Qərb dövlətləri bölgədə hərbi fəallıq imkanı qazanacaqlar. Rusiyanın Azərbaycanla münasibətləri isə dibə enəcək. Bölgədə Rusiya Ukrayna bənzəri, bəlkə ondan böyük bir böhranla qarşılaşacaq”.
“Yetərincə böyük problemləri olan və 44 gün boyunca bu cür ssenariyə daxildən və Ermənistandan təkidlərə baxmayaraq, məsafəli qalmağı seçən Rusiya bu ssenariyə gedər?” sualını cavablandıran QAFSAM-ın sədr müavininin fikrincə, köhnə rusiyaçılar bunu istərlər, amma rus dövlət ağlı bu qədər problemli bir məsələni öz mövzusu etmək istəməz: “Digər tərəfdən, Ermənistan bu müharibənin revanşını alacaq gücə malik deyil. Azərbaycan ilk addım kimi 3-4 günə Xankəndi daxil olmaqla, geri qalan əraziləri götürəcək. Müharibə davam etsə, bu, İrəvanın real mənada sonu olacaq. Bu arada, regionda, yəni Azərbaycanda Türkiyənin də bir neçə minlik ordusunu da unutmayaq. Yenə də hər ehtimala, hazırlıqlı olmalıyıq. Necə deyərlər, sülh istəyiriksə müharibəyə tam hazır olmalıyıq!”
Valeh TÜRKSOY