General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.
O, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov İrəvana gedib. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb. Bir nüçə gün əvvəl Mixail Kosobokovun adı Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə əsas namizəd olara hallanırdı. Mixail Kosobokov əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb. O, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.
Maraqlıdır, nə üçün Azərbaycan ərazisinə təyin olunan sülhməramlıların rəhbəri birinci Ermənistan müdafiə naziri ilə görüşür? Rusiya təxribat xarakterli bu addımı ilə Azərbaycana mesaj verir? Azərbaycan dövləti buna nə cavab verəcək?
Milli Məclisin deputatı Aqil Abbas Cebhe.info-ya açıqlamasında deyib ki, onlar sülhməramlı deyil, “erməniməramlı”dır:
“Çünki onlar sülhməramlı missiyasını yerinə yetirmir. Ona görə də yeni komandir ilk olaraq İrəvanda Ermənistanın müdafiə naziri ilə görüşərək, nə edəcəklərini müzakirə ediblər. Azərbaycan və Türkiyə rus sülhməramlıları ilə bağlı konkret olaraq öz tələblərini ortaya qoyub. Əgər sülhməramlılar öz missiyasını yerinə yetirməsə təbii ki, başqa tədbirlər görüləcək. Həmçinin, bu səfərlə bağlı Azərbaycan tərəfi rəsmi münasibət bildirəcək”.
Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Rusiyanın bu addımı Azərbaycana qarşı təzyiq forması və siyasi tərbiyəsizlikdir:
“Çünki yeni təyin olunan komandir Mixail Kosobokov Abxaziyada müavin idi və oradakı qüvvələrə nəzarət edirdi. Bu adamın Gürcüstandakı fəaliyyəti birmənalı şəkildə ermənilərə daha isti münasibət göstərməsi ilə fərqlənirdi. Həmçinin, onun Rüstəm Muradovun yerinə təyin olunması bir növ Azərbayacana acıq vermək və ya hərbi təzyiq forması kimi də dəyərləndirilə bilər. Lakin bütün hallarda onun Ermənistanın müdafiə naziri ilə görüşməsi yolverilməz bir məsələdir. Buna görə Azərbaycanın Müdafiə Nazirliyi fəallığını artırmalı və birmənalı olaraq bəyanat verməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu addımla bağlı öz münasibətini bildirməlidir, çünki bu dövlətin xarici siyasətinə kölgə salan bir məsələdir.
Azərbaycanın 44 günlük zəfərinin başlanğıcına qısa müddət qalmış Rusiyanın qəflətən arxadan zərbə vurması qəbul edilə bilməz. Lakin biz rusların bu addımına qarşı öz etirazımızı gündəmə gətirməliyik. Azərbaycan mediası, siyasi partiyaları və qeyri-hökumət təşkilatları bunun üzərinə getməlidir. Bu bir növ Azərbaycan üçün sınaqdır. Onlar indi bizi yoxlamaq istəyirlər ki, bu məsələlərə necə münasibət göstərəcəyik. Çünki sülhməramlılar öz səlahiyyətlərini çoxdan aşıblar. Hətta onların Dağlıq Qarabağdakı sayları 1960 olmaq əvəzinə artıq 8 minə çatıb. Hesab edirəm ki, Azərbaycan bu məsələni Milli Məclisdə qəti olaraq qaldırılmalıdır.
Ümumiyyətlə, Rusiya həm Azərbaycanda daxili gərginliyi artırmaq, həm də Azərbaycan xalqı ilə iqtidar arasında olan münasibətlərə kölgə salmaq istəyir. Onlar həmçinin, ermənilərə mesaj verirlər ki, xristian dövləti kimi sizin yanınızdayıq. Bu addım başqa cür dəyərləndirilə bilməz”.