Məhkum Əli Səmədov: “Əli Həsənovun nəvəsi türməyə 300 manata fahişələr gətizdirirdi”
Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1.128 maddəsi ilə 12 il azadlıqdan məhrum edilən, hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, məhkum Səmədov Əli Azər oğlu tərəfindən muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məhkumun anası, Göyçay rayonu Ərəbcəbirli kənd sakini Səmədova Mirzə qızı tərəfindən göndərilən məktubu olduğu kimi dərc edirik:
“Müəssisəyə daxil olan 100 minlərlə manatlıq dərmanlar sonradan təcili yardım maşınlarında çölə daşınır”
“Yazıb sizə bildirirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində rüşvət son həddə çatıb, məhkumların ölümü günü-gündən artır, yəni sadə iynə, dərmanlara görə kasıb məhkumlar heç nədən ölürlər. Təbii ki, səbəb yenə də puldur. Tam şəkildə demək olar ki, dövlətin və Ədliyyə Nazirliyinin bu müəssisədən xəbəri yoxdur. Hər həftə müəssisəyə daxil olan 100 minlərlə manatlıq dərmanlar sonradan təcili yardım maşınlarında çölə - Nicat Cəlilovun şəxsi apteklərinə daşınır, orada satılır. Pullar isə həm Nicat Cəlilova, həm də tibb baş idarəsinin yüksək vəzifəli şəxslərinə çatır.
Müalicə müəssisəsinə daxil olan məhkumlar yataqla təmin edilməmiş, ilk növbədə Nicat Cəlilovun müavinləri tərəfindən qəbul edilərək, müəssisədə 3 ay qalmağın mümkün olduğunu bildirirlər, yəni 1-ci ay 150 manat, 2-ci ay 200 manat, 3-cü ay 300 manat lazım olduğunu bildirirlər. Bu qiymətlər dəyişəndi, bəzən qiymətlər 500 manata qalxa bilir. Bu vəsaitləri ödəyə bilməyən kasıb, kimsəsiz məhkumlar isə rəhbərliyin və baş həkim Nicat Cəlilovun əmri ilə əməliyyat şöbəsinin işçiləri tərəfindən qandallanaraq, maşınlara mindirilib cəza çəkdikləri müəssisəyə geri qaytarılırlar, eynən mənim kimi.
"Müəssisənin əsas qazancı telefon danışığı və maqazindir"
Müəssisənin rəisi isə rüşvəti başqa yolla qazanır, yəni müəssisədə yerləşən milyonçu general balaları üçün nəzərdə tutulmuş ayı 3500-4000 manat olan otaqlardan, hansı ki, ciblərində telefon, otaqlarında kömpüterlər var, istədikləri vaxt rəisin köməyi ilə çöldən 300 manata fahişələr gətizdirirlər. Bunlardan biri hamımızın tanıdığı baş nazirin müavini Əli Həsənovun nəvəsi (O, artıq azad olunub - red.), biri isə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə müəssisənin generalı Novruz müəllimin oğludur. Müəssisənin əsas qazancı telefon danışığı və maqazindir. Telefondan aylıq gəlir 20 min manat, maqazindən isə 30 min manatdır. Məhkumların yanına gəlmək istəyən yaxınları isə dövlət sərhəd keçid qapısını keçməli, yəni 50 manat pul ödəməli olurlar. Bu hallara isə pentensiar xidmət və tibb baş idarəsi göz yumur. Bu barədə bir neçə dəfə zəng vurub olanları demişdim. Mənə verdikləri cavab isə tibb baş idarəsi və pentensiar xidmətdən, “bu məsələləri həll edəcəyik” deyərək boş vədlər verilmişdir.
“Əməliyyat üçün pul verməyən məhkumların öldüyünü gördüm”
Mən iki il bundan öncə şiddətli ağrıverici xəstəliyə düçar oldum. Xəstəliyimlə əlaqədar olaraq müalicə müəssisəsinə göndərildim. Müəssisəyə ilk daxil olduğum andan etibarən oranın müalicəvi istirahət mərkəzi olduğunu anladım. Yuxarıda qeyd etdiklərim kimi, məndən aylıq pul istənildi, aylıq hesabı ödəyib iki ay şəxsi hesabıma müalicə olundum. Müalicənin heç bir xeyirli nəticəsini görmədim, bu vaxt ərzində 50, 100 manata görə bir neçə məhkumun ayaqlarının kəsildiyini gördüm. Açığını deyim, əməliyyat üçün pul verməyən məhkumların öldüyünü gördüm.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov mənə deyir ki, bizdən şikayət etdiyin üçün sənə pis olacaq. İnsan Hüquqları Qızıl Xaç, pentensiar xidmət və millət vəkillərinin oraya gələrək qapının ağzından öz paylarını alaraq geri çəkildiklərini eşitdim. Bu xəstəliyimlə dolayı mən 7 dəfəyə qədər müalicə müəssisəsində oldum, orada yaxşılığa doğru heç nə görmədim, yəni günü-gündən daha da pisləşir, orada çalışan həkimlər elə bil meşədən tutulub gətiriliblər, savadsız və bacarıqsızdırlar, yalnız pul qazanmaq barədə düşünürlər.
“Nicat Cəlilov dedi ki, 2000 manat gətir, sənə əlillik versinlər”
Mən nevrocərrahiyə xəstəxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə həkim dəvət etdim. Həkim məni müayinə edərək xəstəliyimin funksional olduğunu bildirdi və müalicələr yazdı. Mən isə dərmanların çox bahalı olduğunu anlayıb buna imkanım çatmayacağını bildirdim. Həkim mənə cavab verdi ki, niyə dövlətin sənə ayıracağı pensiya ilə müalicə olunmursan? Yəni “sənə əlillik düşür” dedi. Mən isə müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilovun kabinet nömrəsinə zəng edib, ona mənə kömək etməsini xahiş etdim. O isə cavab verdi ki, 2000 manat gətir, səni komissiyaya təqdim edim, sənə əlillik versinlər. Mən buna imkanım çatmadığını bildirdim. Yəni qardaşım 1- ci qrup hərbi əlildir, atam isə 2- qrup əlil, ağır xəstədir. O isə mənə cavab verdi ki, get hara şikayət edirsən elə, mənə dəxli yoxdur, qiymət budur. “Burada dövlət də mənəm, prezidentdə mənəm” deyərək, telefonu söndürdü. Bundan bir neçə gün sonra yenidən zəng vurdum və ona görə Azərbaycan vətəndaşlığından imtina edəcəyimi bildirdim. Çünki xarici ölkələrin məhkumları həm pulsuz müalicə olunur, həm də müəssisədə qala bilirlər. O da cavab verdi ki, onların səfirlikləri var, gəlib bizim başımıza oyun açarlar, sən İsrail vətəndaşı ol, sonra sənə əlillik verərik və səni müalicə edərik deyərək dəstəyi asdı. Mən isə indi nə edəcəyimi bilmirəm. Çarəsiz qalmışam, köməklik istyə biləcəyim insan yalnız sizsiniz.
Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiyim haqsızlıqları mənim adımdan ictimaiyyətə çatdırmaq üçün köməyini göstərəsiniz. Çünki sizə inanıb, güvənib yazmışam. Szi heç nədən qorxmursuz, mən də sizə söz verirəm ki, məni işgəncə etsələrdə sözümdən dönməyəcəm və ölənə kimi çiyin-çiyinə qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Əvvəlcədən sizə və sizin sözünüzü deyərənlərə təşəkkürümü bildirərərək, cansağlığı arzu edirəm.
İmza : Məhkum Səmədov Əli Azər oğlu”.
Redaksiyadan: Yazıda adları qeyd olunan dövlət idarələrinin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.