“Baş vermiş qadın cinayətlərində günahkarlar yetərincə cəzalandırılmır deyə bu cinayətlərin sayı artır. Bu hadisələr bəzən ailə-məişət və qisasçılıq zəminində baş verir. Amma hər halda bu cinayətlərin qarşısını almaqda təkcə hüquq-mühafizə orqanlarının gücü yetərli deyil. Mənə elə gəlir ki, bu məsələlərdə cəmiyyətdə ciddi şəkildə maarifləndirmə işi aparılmalıdır. Çox zaman bu hadisələr cahillikdən baş verir. Bunun qarşısını almaq üçün yetərində məşğul olmaq lazımdır”
Bunu Moderator.az-a açıqlamasında Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. T.Rüstəmxanlının sözlərinə görə qadın cinayətlərinin qarşısını almaq üçün qardaş Türkiyədə və digər ölkələrdə ciddi qanunlar qəbul edilib:
“Türkiyə və digər ölkələrdə də qadın cinayətlərinə qarşı ciddi şəkildə mübarizə aparılır, cəmiyyət bilgiləndirilir, qadın təşkilatları bir araya gəlib iclaslar edirlər. Son beş ildə Türkiyədə qadınlara qarşı cinayətlə bağlı çox ciddi qanunlar qəbul edilib və bu da öz nəticəsini verir. Düşünürəm ki, cəmiyyətimiz gün-gündən dünyaya açıldıqca, bu cinayətlərin sayı daha da artır. Amma hansı ki, bu cinayətlərin sayı azalmalıdır. Ümumiyyətlə, bu gün cinayətlərin sayı artmağa başlayıb və bunun özü cəmiyyət üçün normal hal deyil. İnsanlarımız bir-birinə qarşı əsəbidir, sözləri bir-birinin boğazından keçmir. Bir sözlə, cəmiyyətimiz kin və nifrətlə bəslənib. Bu isə yaxşı hal deyil. Bütün bunların ortadan götürülməsi üçün təşkilatçılıq şəklində bu məsələnin üzərinə gedib, ictimailəşdirib, maarifləndirmə işini gücləndirməklə azalmasını təmin etmək olar”.
Qeyd edək ki, keçən il ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub.
