Azərbaycanda maaşlar, pensiya və müavinətlər sonuncu dəfə 2019-cu ildə əhəmiyyətli miqdarda artırılıb. Bu qərardan sonra sosial ödənişlərin adambaşına düşən həcminə görə qonşu Gürcüstan və Ermənistanı bir qədər keçməyə nail olmuşuq. İki il əvvələ qədər neft-qaz ehtiyatları ilə zəngin Azərbaycanda maaşlar, pensiyalar Cənubi Qafqazın adı çəkilən iki ölkəsindən aşağı idi. Əlbəttə, azərbaycanlıların gəlirləri təkcə bu neqativ göstəricilərə bağlı deyildi. Ölkədə kölgə iqtisadiyyatının həcmi 60 faizdən yüksək idi və vətəndaşların dolanışıq mənbəyi dövlətin göz yumduğu iqtisadi fəaliyyətlərdən formalaşırdı.
Neft hasilatının və qiymətinin azalması, nəticədə bir zamanlar aşıb-daşan büdcənin dolmaması hökuməti kəmərsıxma qərarlarına vadar edib. İlk növbədə çalışanların vergi və sosial ödənişlərinin uçotuna alınması, rüsumların, vergilərin, cərimələrin artırılması barədə addımlar atıldı. 10 ayı arxada qalmış 2021-ci il isə bahalaşma qərarları ilə zəngindir. Yanvarın 4-dən yanacağın qiyməti - dizeldə 33, "Aİ-92" otkanlı benzində 11 faiz bahalaşdırıldı. Fevralda suyun qiymətində toplam 100 faiz bahalaşmaya imza atıldı, paralel olaraq əmlak alıq-satqısı, rəsmiləşdirmək və s. rüsumları da əhəmiyyətli dərəcədə yüksəldildi. İl ərzində ölkəyə idxal olunan "Ai-95" Premimum", "Aİ-98" "Super" marakalı yanacaq növləri isə bir neçə dəfəyə təxminən 35 faiz bahalaşdırılıb. İyulun 1-dən yeni qaz tarifləri elan edildi, əhaliyə verilən limit yarıbayarı kəsildi, qiymətlər ortalama 30 faiz bahalaşdırıldı, oktyabrın 16-da isə mavi yanacağın qiymətinə bir daha əl gəzidirildi, limitlə satılan qaz yenidən 20 faiz artırıldı. Bununla yanaşı elektrik qiymətində ortalama 21 faiz bahalaşma qərarına imza atıldı. Bu qərarın da mürəkkəbi qurumamış Milli Məclisin plenar sessiyasına 266 dövlət rüsumunun qaldırılması ilə bağlı dəyişikliklər layihəsi təklif edilib.
Azərbaycan ərzaq və gündəlik tələbat mallarının bahalaşma dinamikasında əksər postsovet ölkələrini geridə qoyub. Bu tendensiya bir neçə ildir artan xətt üzrə gedir, və inflyasiya təxmini hesablamalara görə 20 faizin üstündədir.
Pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklər, iqtisadi fəaliyyətin məhdudlaşması, işsizliyin artması əhalinin sosial durumuna mənfi təsir göstərib.
Paralel olaraq əlillik müavinətlərinin, pensiyaların kütləvi şəkildə ləğv edilməsi, on minlərlə vətəndaşa gələn imtinalar sosial həssas qruplara ciddi məhrumiyyətlər yaradıb. İqtisadçıların açıqladığı rəqəmələrə görə, təxminən 200 min nəfər bu və ya digər şəkildə pensiya və müavinətdən məhrum edilib.
Təəssüf ki, təsvir olunan vəziyyət heç də ölkədəki problemləri tam əks etdirmir, vəziyyət daha mürəkkəbdir. Nəzərə alsaq ki, ölkəyə xaricdən gələn pullar da əhəmiyyətlki şəkildə azalıb, aqrar sektorun gəlir imkanları kəskin aşağı düşüb, o zaman problemlərin böhran həddinə çatdığını əminliklə söyləmək olar.
Belə bir vəziyyətdə cəmiyyətin hökumətdən əsas gözləntiləri problemlərin həllidir, o da ilk növbədə maaşların, təqaüdlərin artırılmasını şərtləndirir. Hökumətin vədinə görə gələn ilin yanvarından maaşlar və pensiyalar 20-40 faiz civarında artırılacaq. Amma bu artımlar bütün pensiyaçılara və muzdlu işləyənlərə şamil olunmayacaq. Çünki artımların həcmi ümumilikdə 1.2 milyard manat (məlumat deputat Tahir Mirkişilinin müsahibəsindən götürülüb-red.) təşkil edəcək ki, bu da elə də böyük rəqəm deyil. Kommunal xidmətlərin, ərzaq və rüsumların bahalaşmasından dəyən ziyanın kiçik bir hissəsini kompensasiya edə bilər. Çünki sözügedən artımlar işsizliyin kəskin artdığı şəraitdə vətəndaşın büdcəsində böyük dəlik açıb.
Təəssüf ki, ölkədəki sosial-iqtisadi problemlər ancaq sosial şəbəkələrdə və media resurslarında müzakirə olunur. Parlament və hökumət qurumları əhalinin düşdüyü vəziyyət haqqında danışmaq niyyətində görünmürlər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünə zəhmət verib araşdırma aparmayıb ki, dövlətin katalizatorluq etdiyi bahalaşma sosial həssas qruplara necə təsir edəcək? Pensiyası, əlillik qrupu, müavinəti ləğv edilmiş on minlərlə insanın gəliri hansı məbələrdən formalaşacaq? Onlar nə yeyib, nə içəcəklər, əksəriyyəti xəstə olan bu vətəndaşlar iynə-dərmanı hansı pulla alacaqlar? Bahalı kommunal tarifləri necə ödəyəcəklər, bahalı ərzağı hansı pulla alacaqlar?
Bəs işsizlərin aqibəti necə olacaq? Bəllidir ki, vəd olunan maaş, pensiya artımlarının onlara istisi-soyuğu yoxdur. Bəs bu təbəqənin dolanışı haradan çıxmalıdır? Hökumət onları düşünürmü, düşünrsə, hansı layihələri var, heç olmasa onların real statistikasını aparıb onlara iş, müavinət təklif edəcəkmi? Bu sualların hamısı açıq qalıb və onların cavabını öyrənmək mümkün deyil. Hökumətin məşğul saydığı, amma aylıq stabil gəliri olmayan yüzminlərlə başqa vətəndaşlarımız da var. Onların 850 min nəfərinin adına pay torpağı var, ona görə onların adı məşğul əhali qrupunda gedir. Amma məlumdur ki, Azərbaycanda pay torpaqları cüzi sayda fermerləri çıxmaqla ailələrin dolanışıq mənbəyi deyil. Onlar məhsul istehsal edə bilmirlər, əkdiklərini sata, gəlirə çevirə bilmirlər. Bu vətəndaşların əksəriyyəti aylıq kommunal xərcləri 200-300 manata çıxan həyət evlərində yaşayır. Onlar etiraf olunmayan işsizlərdir, dövlət tərəfindən hər hansı dəstək almırlar, amma bahalı tariflərlə yüklənirlər. Bu da on minlərlə ailənin dolanışıqdan, zəruri tibbi xidmətlərdən məhrum edir.
Bütün bu problemlərin məngənəsində boğulan vətəndaşlar deputatların, məmurların milyonlarla hesablanan korrupsiya ifşalarını seyr edirlər. "Azərxalça"nı silib-süpürüb 30 milyon oğurlamış Vidadi Muradovu xəstəlik adı ilə həbsdən buraxırlar. Mədəniyyətin axırına çıxanlardan nazir müavininin cəzası iki dəfə azaldılır, azadlığı üçün zəmin hazırlanır. Korrupsiya talanları ilə ad çıxarçmış nazirlərdən hesab soruşan yoxdur. Xarici işlərə baxan məmurlar milyonlarla oğurladıqdan sonra cəmi 2-3 ay həbs yatırlar. Deputat Cavanşir Feyziyevin Londonda 35 milyonluq hesablarına həbs qoyulur...
Yoxsullaşmış, ümidlərini itirmiş vətəndaş üçün bu xəbərləri eşitmək, bu mənzərəni seyr etmək çox ağırdı. Ona görə əhalinin düşdüyü böhrandan çıxarmaq üçün təcili qərarlara ehtiyac var. Bu, 44 günlük müharibədə yumruq kimi birləşib, düşməni əzmək üçün hər şeyindən keçmiş qəhrəman Azərbaycan xalqıdır. Onu layiq olduğu ləyaqətli həyat şərtləri ilə təmin etmək lazımdır. Bu, onun təməl haqqıdır!
Elçin Rüstəmli
"AzPolitika.info"