Zeynal Məmmədli: “Qanun medianın müstəqilliyinə xidmət etməyəcəksə, onu dəyişməyin heç bir mənası yoxdur”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsi müzakirə olunub. İclasda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsəd informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. O bildirib ki, bununla da “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.
Milli Məclisdə müzakirələrin getdiyi bir ərəfədə yeni qanunun qəbulu ciddi polemikalara səbəb olub. Qeyd edək ki, yeni qanunda media subyektlərinin istehsal etdiyi məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişlərinin aradan qaldırılması, media reyestrinin yaradılması və bu reyestrə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması və digər məqamlar öz əksini tapıb.
Tanınmış media eksperti Zeynal Məmmədli Hokm.az-a açıqlamasında deyib ki, yeni qanunun qəbulu heç bir dəyişikliyə səbəb olmayacaq: “Gəlin baxaq görək “KİV haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişikliyi zəruri edən səbəblər hansılar idi? Düzdür, iddia edirlər ki, yeni dövrün şərtləri başqadır və qanun da buna uyğunlaşdırılmalıdır. Lakin əsas səbəb bu qanunların müstəqil mətbuatın fəaliyyətinə əngəl olması ilə bağlıdır. Yeni qanunda medianın müstəqilliyinin təmin olunması, azad reklam bazarının formalaşması, nəticə etibarilə KİV-lərin maliyyə asılılığına son qoyulması hansısa formada öz əksini tapıb? Ümumiyyətlə yeni qanunun qəbulu bu sahədə hər hansı pozitiv dəyişikliyə gətirib çıxaracaqmı? Əgər gətirməyəcəksə, onu dəyişməyin heç bir mənası yoxdur. Bu islahat yox, islahatın imitasiyasıdır”.
Ekspertin sözlərinə görə, qanun ictimaiyyətdən gizli müzakirə olunursa, bu artıq “torbada pişiyin olmasına” dəlalət edir: “Əgər doğrudan da medianın müstəqilliyinə nail olmaq, qeyd etdiyim kimi, mətbuatda keyfiyyət dəyişikliyinə getmək istəyiriksə, bu müzakirələri açıq etməliydik. Beynəlxalq təcrübədə qəbul olunub ki, hər hansı qanun müzakirə olunan zaman bunu sahənin ekspertləri, təmsilçiləri ilə birlikdə həyata keçirirlər. Bizdə isə bu qanunu məxfi şəkildə müzakirə edirlər. Niyə məxfi müzakirə edirsiniz?! İctimaiyyətdən və media mənsublarından gizlətmək istədiyiniz məqamlar nədir?! Qanun şəffafdırsa və KİV-ləri irəli aparmaq məqsədi daşıyırsa, bunlar olmamalıdır”.
O əlavə edir ki, mətbuat o zaman inkişaf edəcək ki, onun sərbəst fəaliyyətinə imkan yaradılsın: “Əgər media subyektləri maliyyə asılılığı səbəbindən hər hansı qüvvənin sifarişi ilə hərəkət edəcəksə, o halda heç bir inkişafdan danışmaq olmaz”.
Mikayıl Mirzəzadə
Hokm.az