Rusiya sülhməramlıları Xocalıda 14 ədəd yeni çoxmərtəbəli daş binalar tikirlər. Üçtərəfli bəyanata əsasən 4 ildən, ən çoxu 9 ildən sonra ərazini tərk etməli olan sülhməramlı hərbi birləşmə üçün təməlli yerləşmə binalarının tikilməsini necə dəyərləndirmək olar? Belə çıxmırmı ki, Rusiya əslində ərazini tərk etməyi heç düşünmür də?
Mövzu siyasi şərhçi Ərəstun Oruclu və politoloq Qabil Hüseynli ilə müzakirə edib.
Rusiyanın Azərbaycandan çıxmağı planlaşdırmadığını düşünən siyasi şərhç açıqlamasında qeyd edib ki, Rusiya Azərbaycanda öz hərbi gücünü daha da artırmaq istəyir:
“Biz artıq həmin o şərəfli bəyanatda yazılanlara inanmamalıyıq. Çünki bəyanat imzalandığı andan nə Rusiya, nə də Ermənistan onun heç bir bəndlərinə əməl etmir. Ermənistanın silahlı qüvvələri ərazidən çıxmalı idi və Rusiya bunu təmin etməli idi. Lakin bildiyimiz kimi bu baş vermədi. Ruslar hətta separatçılara təlim keçir, onları yenidən silahlandırırlar.
Onu da qeyd edim ki, Rusiya sülhməramlı missiyana uyğun olan silah və sursatla Azərbaycana gəlməyib. Sülhməramlı missiyasını yerinə yetirmək üçün xüsusi hazırlanmış hərbi birləşmələr olur və bu missiya beynəlxalq mandata sahib olmalıdır. Onların silahları da, fəaliyyətləri də verilən mandata uyğun olaraq tənzimlənir. Lakin Qarabağda yerləşən və özünə sülhməramlı deyən hərbi birləşmə belə bir mandata sahib deyil, onların fəaliyyəti mandatla tənzim olunmadığı kimi, beynəlxalq normalara uyğun olan “sülhməramlı” fəaliyyətlə də üst-üstə düşmür. Rusiyanın Azərbaycana gətirdiyi hərbiçilər isə əsasən desant birləşmələrdir və onların sahib olduqları silah və texnologiya da işğalçı ordunun sahib olduğu silah və texnologiyadır.Yəni bu “sülhməramlı”lalr hücum və işğal üçün nəzərdə tutulmuş hərbi birləşmələrdir.
Rusiya Qarabağda çoxmərtəbəli binaları uzun müddətdə qalmaları üçün tikir. Həmin binalarda zabit və müqavilə ilə çalışan hərbiçilər yaşayacaqlar və binalrın sayına da baxarsaq, onda demək olar ki, Rusiya Qarabağdakı hərbiçilərinin sayını bir neçə dəfə artırmağı planlayır. Bir çox Rusiya rəsmiləri də dəfələrlə rus mətbuatına bildiriblər ki, onlar Qarabağdan heç zaman çıxmayacaqlar. Mənim bildiyimə görə hal-hazırda Xocalıda yeni bir hərbi baza tikilir. Əlavə həmin hərbi bazaya da əlavə bir neçə min hərbiçi yerləşdiriləcək.
Buna görə də biz ilk gündən deyirdik ki, rus sülhməramlılarının Qarabağda yerləşməsi çox böyük yanlışdır. Biz məhz bunu nəzərə tuturduq. Rusiya Azərbaycandan çıxmağı planlaşdırmır. Əksinə Rusiya Azərbaycanda öz hərbi gücünü daha da artırmaq istəyir. 5 il bitəndən sonra Rusiya Qarabağda qalmaq üçün əlindən gələn təxribatı törədəcək.
Rusiya bir tərəfdən həmin təxribatları Qarabağda törədəcək. Bir tərəfdən də elə edəcək ki, Rusiya olmadan heç bir sülhün əldə olunmaması mənzərəsi yaranacaq. Eyni zamanda Rusiya həm Azərbaycanın, həm də Ermənistanın müxtəlif siyasi təxribatlar törədə bilər. Rusiyanın məqsədi Azərbaycanda uzun müddətli qalmaqdır və bu birbaşa ermənilərin də maraqlarını təmin edir. Ruslar Qarabağda qaldıqları müddətdə isə nə Cənubi Qafqazada, nə də Qarabağda sülh əldə olunmayacaq”.
Sülhməramlıların Qarabağda hərbi tikinti aparmasına Azərbaycanın hakimiyyət orqanlarının razılığının olmadığını nəzərə çatdıran politoloq açıqlamasında əlavə edib ki, onlar Qarabağda özlərini ağa və ərazinin sahibi kimi aparırlar:
“Rusiyanın sülhməramlıları üçün Qarabağda çoxmərtəbəli binaların tikilməsini çox mənfi qarşılayıram. Bunu Azərbaycanın suverenliyinə qəsd kimi dəyərləndirirəm. Onlar sülhməramlı adı altında ərazidə yerləşən rus hərbiçilərinin yaşaması üçün çoxmərtəbəli binaların tikilməsi üçün Azərbaycanın hakimiyyətindən icazə almalıydılar. Belə bir icazə üçün Azərbaycan hökümətinə müraciət eləməyi heç düşünməyiblər də... Görünən odur ki, bu sülhməramlı”lar Qarabağda özlərini ağa və ərazinin sahibi kimi aparırlar.
Onların sülhməramlı mandatı olmaya-olmaya, eyni zamanda Azərbaycan tərəfindən yalnız 5 illiyə Qarabağa buraxılmış bir hərbi kontingent olduqları halda, bu vaxta qədər qanuna ziddi olan əməllərindən artıq böyük bir siyahısını hazırlamaq olar. Söhbət ermənilərin həmin ərazilərə daşınmasından, orada olan erməni silahlı qüvvələrinin himayə edilməsindən, ərazidə Rusiya ictimai xadiçlərinin abidələri olan parkın salınmasından, rus əsgərinin erməniləri necə müdafiə etməsindən gedir.
Sözün həqiqi mənasında iki millət arasında münasibətləri daha da qızışdıra biləcək məqamları nəzərə almadan rus sülhməramlıları qeyri-qanuni hərəkətlər edir”.