“SSRİ dağıldıqdan sonra ABŞ-da və Qərbdə belə bir təsəvvür yarandı ki, tarixi missiya yerinə yetirildi, məsələ həll olundu, artıq təkqütblü dünya bərqərar oldu, Rusiyanın dağılması isə an məsələsidir, üstəlik, Çin heç vaxt ciddi rəqib ola bilməyəcək”.
Bunu Real Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Boris Yeltsinin dövrü Rusiya ilə Qərb arasında ən yaxşı dövr sayılıb, Rusiya Qərbə inteqrasiya yolu tutub, bir dövlət kimi zəif idi, Qərbə iqtisadi inteqrasiya başlamışdı: “Bu, Qərbi çox arxayınlaşdırdı, öz dar hədəflərinə çatdımağa kömək oldu, amma, məncə, qlobal yanaşma qurban verildi”.
N. Cəfərli əlavə edib ki, Sovet imperiyası dağıldıqdan sonra Qərbin əsas hədəfləri ortda idi:
“Birincisi, post-sovet ölkələrini inteqrasiya etmək, ikincisi, Belarus və Ukraynanı ilk növbədə öz orbitinə çəkməklə “pan-slavyan” birliyinə imkan verməmək, üçüncüsü, Rusiya ilə Çinin yaxınlaşmasına mane olmaq.
2007-ci il Münhen Təhlükəsizlik Konfransına qədər Qərb bu məqsədlərin bəzilərinə çatdı. Məsələn, Balkanlar məsələsini həll etdi, Baltikyanı ölkələri Avropa Birliyinə və NATO-ya qəbul etdi, habelə post-sovet ölkələri ilə münasibətləri daha üst səviyyəyə çatdıra bildi. Amma Qərb elə bildi ki, artıq hər şey bitdi, Rusiya daha heç vaxt dirçələ bilməyəcək, Çin isə həmişəlik Qərbin, o cümlədən ABŞ-ın istehsal fabriki kimi qalacaq. Məncə, ən böyük səhvlər bundan sonra başladı”.
Real Partiyasının funksioneri əlavə edib ki, Putinin Münhen çıxışı xəbərdarlıq olsa da, bunu ciddiyə almayıblar: “Bundan sonra Qərb siyasətçilərinin səhvlər zinciri başladı, liderlik problemi yaşanmağa başladı, nəticədə Rusiya itirdiyi mövqeləri yavaş-yavaş qaytarmağa başladı. 2008-ci il Gürcüstan hadisələri başlanğıc oldu – Kreml faktiki olaraq Gürcüstanın 20 faiz torpağını işğal etdi və bunu rəsmiləşdirdi. Qərb 2009-da ilk dəfə sanksiyalar rejiminə strat verdi, amma dişsiz, mənasız sanksiyalar Kremlə ciddi təsir etmədi. Nəticədə Ukrayna böhranı başladı. Kreml 2014-də Krımı, Donbası işğal etdi, 2-ci Dünya müharibəsindən sonra ilk dəfə hərbi yolla Avropada sərhədləri dəyişdirdi, Krımı ilhaq etdi. Donbasda 2 qondarma respublika elan etdi, orada yaşayanlara Rusiya vətəndaşlığı verdi, hətta Putinin rəsmi sərəncamı ilə Donbasın Rusiyaya iqtisadi inteqrasiyası başlandı. Bəs Qərb nə etdi? Yenə dişsiz, mənasız sanksiyalar – vəssalam”.
N. Cəfərlinin fikrincə, Qərbin tutarsız siyasəti nəticəsində Rusiya Belarusu tam nəzarətə götürüb: “Halbuki, cəmi 2 il əvvəl Lukaşenko Qərblə danışıqlara, yeni inteqrasiya prosesinə hazır idi, “çoxvektorlu” siyasət elan etmişdi. Kreml seçkilərdə Lukaşenkonu pis vurdu, Kremlin texnoloqları Lukaşenkonu zəiflətdi, Kremldən tam asılı vəziyyətə saldı və beləcə, Qərb bu oyunu da uduzdu.
Qərbin səhv siyasəti Rusiya ilə Çini yaxınlaşdırdı, hətta strateji dostluq səviyyəsinə çatdırdı. Nəticədə 2000-ci illərdən ağıllı Qərb strateqlərinin qorxulu röyası gerçəkləşdi, Rusiya-Çin ittifaqı yaranır”.
N. Cəfərli qeyd edib ki, SSRİ dağıldıqdan sonra Qərb qarşısına qoyduğu məqsədlərin hər birində uduzmağa doğru gedir: “İndi də Rusiya Qərbə, faktiki ultimatum təqdim edib: Qərb post-sovet ölkələrini Rusiyanın arxa bağçası olduğunu qəbul edir, Ukrayna və Gürcüstanın 2008-də NATO-ya üzvlüklə bağlı qərarı ləğv edilir, Şərqi Avropa ölkələrindən NATO-nun hücum infrastrukturu yığışdırılır. Qərb bu ultimatumu qəbul etsə, tam uduzur, Rusiya daha da güclənir, qəbul etməsə də, yenə uduzur, Rusiya Ukraynanın yarısını işğal edəcək. Qərb isə ancaq yeni sanksiyalarla hədələyir – bu sanksiyalar da mənasızdır. Məsələn, deyirlər ki, Rusiyanı banklararası köçürmə sistemi olan SWIFT-dən ayıracaqlar, yaxşı, bəs Qərb Rusiyadan aldığı ilə 170 mlrd. m3 təbii qazın, gündə 5,5 mln. barel neftin pulunu necə verəcək? Təyyarələrlə nəğd pul göndərəcək Moskvaya?! Deyə bilərsiniz ki, neft-qazı almayacaq, bu, mümkün deyil axı – AB-nin illik qaz tələbatı 510 mlrd. m3-dir, bunun 35 faizini Rusiya verir, qış da qapıda, Rusiya qaz verməsə Avropa donacaq. Təbii qazın qiyməti hər 1000 m3 üçün 2000 dollara yaxınlaşır, bu da AB-də elektrik enerjisinin və təbii qazın qiymətini xeyli artırıb, inflyasiyanı sürətləndirib. Bəli, Qərb 5-6 ilə yeni infrastruktur və mənbəələr hesabına Rusiya qazından imtina edə bilər, amma bu 5-6 ildə də qızınmaq, yaşamaq lazımdır axı!
Rusiyanın həm də alternativ bazarı var və Çin deyir ki, nə qədər istəyirsən neft-qaz ver, hamısını alırıq. Üstəlik, Çin sanksiyalara qoşulmayacaq, iki ölkə arasında pul köçürmələr isə artıq SWIFT-lə deyil də, daxili pulköçürmə sistemləri ilə aparılmağa başlanıb. Yəni, sabah Rusiya Ukrayna və bəzi post-sovet ölkələrini, Çin isə Tayvanı eyni zamanlı əməliyyatla işğal etsə, Qərb nə edəcək?! Yenə mənasız, dişsiz sanksiyalar tətbiq edəcək?! Çox təhlükəli məqamdır”.
İqtisadçı deyir ki, bu gün Rusiyanın ultimatumu hər variantda uduşlu görünür, post-sovet ölkələri üçün təhlükələrlə doludur: “Yəni SSRİ “xortlaya”, müstəqilliyimizə və suverenliyimizə yenidən təhlükə yarana bilər. Rusiya “sülhməramlılarının” torpaqlarımızda olması bu təhlükəni daha da artırır. Doğrudur, Azərbaycan 2020-ci ildə - doğru zamanda, doğru üsullarla, yaratdığı de-fakto və de-yure ittifaqlarla torpaqlarımızın böyük hissəsini əsgərlərimizin qəhramanlığı ilə azad edib və bu, bizə üstünlüklər verir – bu mənada bu gün biz Ukraynadan, Gürcüstandan, Moldovadan daha yaxşı durumdayıq, amma bu, təhlükələrin olmadığı anlamına gəlmir”.
N. Cəfərliyə görə, Qərb yeni bir strategiya hazırlamalıdır, Rusiyanı konfrantasiya yolu ilə deyil, tam tərsinə, yaxınlaşma, orbitdə saxlama, qucaqlayaraq “boğma” yolunu tutmalıdır: “Uzaq hədəflərdə Qərbin indiki strategiyası uğurlu ola bilər – Rusiyanı xərclər və problemlərlə yükləyirlər ki, beli əyilsin, amma yaxın vədədə baş verənlər bizə - Rusiyanın bəxtsiz qonşularına olacaq”. //Reyting.az//