Yanvarın 6-da axşam saatlarında Alma-Atanın mərkəzi Respublika meydanına toplaşmış etirazçılara atəş açanlar başdan ayağa qara geyimdə olublar, heç bir tanınma nişanı daşımayıblar və rusca danışıblar. Onlar heç bir xəbərdarlıq etmədən kütləyə pulemyotlardan və avtomatlardan atəş açmağa başlayıblar.
Virtualaz.org xəbər verir ki, bu barədə şahidlərdən biri, 64 yaşlı qazaxıstanlı siyasi fəal və insan haqları müdafiəçisi Meyrxan Abdumanapov “Azadlıq” radiosunun rus redaksiyasının xüsusi layihəsi olan sibreal.org-a danışıb.
O deyir ki, yanvarın 4-də Alma-Atada etirazlar başlayanda o meydana gedə bilməyib. Çünki şəhərdən 40 kilometr məsafədə, qəsəbədə yaşayır və Qazaxıstan hüquq-mühafizə orqanları hər dəfə olduğu kimi bu dəfə aksiyalar başlayanda fəalların evini nəzarətə götürmüşdü. Ona evdən çıxmağa imkan verilməmişdi.
Yanvarın 5-də, günorta saatlarında hakimiyyət bütün ölkə boyu interneti kəsəndə Abdumanapov nəhayət Alma-Atanın mərkəzi meydanına gedə bilib. O bildirir ki, meydana çatanda orada insan seli vardı və şəhər administrasiyasının binası yanırdı.
“Mən toplaşanlardan soruşdum ki, kim bunu edib? Dedilər bilmirik, bir qrup adam girib binanı yandırdı. Bizə bina salamat lazım idi, çünki oranı qərargaha çevirmək istəyirdik”, - müxalifət fəalı deyir.
Abdumanapov bildirir ki, şəhərdə qarət hələ yanvarın 5-də axşam başlamışdı. 25-30 nəfərlik qrup mağazaların vitrinlərini sındırır, əllərinə keçəni daşıyıb aparırdı. O, həmin gün bir qrup gəncin dövlət televiziyasının da binasına daxil olub avadanlıqları sıradan çıxardıqlarını deyir. Bildirir ki, televiziyanın sıradan çıxarılması etirazçıların rabitə imkanlarını da əllərindən aldı və görünür kimlərsə toplaşanları barbar qismində qələmə verməyi planlaşdırmışdı.
Yanvarın 5-dən 6-na keçən gecə meydanda azsaylı etirazçılar qalıb, qalanlar evlərinə dağılışıblar. Meydanda qalanlar təhlükəsizlik qüvvələrinin gözlənilən hücumuna qarşı meydanı qoruyucu hasara alıblar.
Ertəsi gün, yanvarın 6-da səhər saatlarında meydana hərbçilərlə dolu yük maşınları, bir neçə BTR və digər hərbi maşınlar yaxınlaşıb. Əsgərlər maşınlardan düşüb meydanı əhatəyə alıblar.
Etirazçıların içərisindən bir neçə nəfər, o cümlədən Abdumanapov əllərinə ağ bayraq alaraq hərbçilərlə danışıqlara girməyə cəhd ediblər. Meydanı əhatələyən hasara yaxınlaşanda onlara xəbərdarlıq atəşi açılıb, bir nəfər yaralanıb.
“Sonra atəş dayandı. Bizə qazax dilində xəbərdarlıq etdilər ki, yaxınlaşmayaq. Amma öz aralarında 10-15 dəqiqə məsləhətləşdilər və içərlərindən bir zabit yaxınlaşdı, ad-soyadını dedi. Dedi bilirik qarətçilər kimdir, onlar sizlərdənd deyil. Nümayişi davam etdirə bilərsiniz, amma birdən sizin aranızda silahlı gənclər peyda olsa onları kənarlaşdırın. Dedi əgər onlardan kimsə mənim əsgərlərimə atəş açsa cavab atəşi açacağıq, nəticələrinə görə də cavabdeh deyilik”,- qazaxıstanlı fəal deyir.
Danışıq aparanlar etirazçıların düşərgəsinə qayıdıblar, məlum olub ki, bir neçə min nəfər arasında 4-5 silahlı var. Həmin silahlılardan meydanı tərk etmək tələb olunub və onlar gediblər.
“Daha sonra sakitlik oldu, axşam saat 7-yə qədər. Amma gün ərzində xəbərlər gəlirdi ki, şəhərə əlavə qüvvələr gəlib: rus qoşunları və KTMT hissələri, belaruslar, ermənilər və s. Deyirdilər ki, onlar nümayişçilərə atəş açacaqlar. Amma biz buna inanmaq istəmirdik. Həqiqətən də hava qaralanda, saat təxminən 18.30 radələrində meydana tərəf üstündə pulemyotlar olan BTR-lər gəlməyə başladı. Əvvəlcə şərq, sonra qərb tərəfdən. Yaxınlaşan kimi pulemyotlardan atəş açmağa başladılar, heç bir xəbərdarlıq etmədən. İnsanlar hərə bir tərəfə qaçdı, mən azı 7 nəfərin yerə yıxıldığını gördüm. İki gənc, onlardan biri qız idi, artıq ölmüşdü. Daha bir nəfər yaşlı adam yaralandı, onu qaldırmağa çalışdım, bacarmadım. Bu vaxt güllələr lap yanımdan keçməyə başlamışdı. Təcili yardıma zəng vurdum ki, gəlib yaralıları götürsünlər. Və biz meydanı tərk etməli olduq.
Yolda minik maşını gördüm, mühərriki işləyirdi, içərisində güllələnmiş iki gəncin meyitləri vardı. Qaçıb həyətlərdə gizləndik, iki saatdan qonra qayıdıb gördük ki, ölənlərin meyitləri və yaralılar hələ də oradadır. Onları götürən olmayıb. Nə qədər adam öldü, dəqiq bilmirəm”, - Abdumanapov bildirir.