“Fikirlərimizdən narazı qalan hansısa vəzifəli məmur, deputat varsa, istədiyi media vasitəsində azad(!) polemikaya hazırıq…”
3 cümlə ilə bir “quş”…
Sovet imperiyasının qılıncının dalı-qabağı kəsdiyi dövrdə azad insan olmağa çalışan nadir Azərbaycan sakinlərindən, alimlərindən, ziyalılarından biri - dahi Xudu Məmmədovun doğum günündə -14 dekabrda parlamentimizdə media haqqında yeni qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul olundu; cəmiyyətdə bəziləri bunu yekdilliklə alqışladı, digərləri hay-küy qaldırdı ki, yeni qanun media azadlığını məhdudlaşdırır, filan-bəşməkan…
…Bir ölkədə medianın azad olması üçün öncə həm mənəvi-ruhi, ideoloji baxımdan, həm də maddi, iqtisadi baxımdan azad insan olmalıdır ki, onların arasından da azad yazarlar, jurnalistlər yetişsin; korrupsiya, məmur özbaşınalığı tüğyan edən yerdə, rüşvətxor, gözükölgəli məmurların yetişməsi səbəbindən reket “jurnalist”ləri də meydana çıxdığı yerdə azad insan, azad jurnalist, azad mediadan danışmaq yersizdir…
Jurnalistin azad, sərbəst yazması, danışması üçün isə öncə onun işlədiyi media vasitəsi azad olmalıdır, ona reklam bazarından-filandan sərbəst qazanc mənbələri yaradılmalıdır, redaktorlar başçıların, nazirlərin, iri şirkət sahiblərinin haram pullarından asılı olmamalıdır, ələ baxmamalıdır, jurnalist, yazar, reportyor ölkədə vəzifəsindən asılı olmayaraq istənilən məmuru, hakimiyyət sahibini faktlarla, tutarlı, məntiqi mülahizələrlə tənqid etməkdən çəkinməməlidir və buna görə ona kimsə, hansısa qurum təzyiq etməməlidir, jurnalistin iş yerində məqsədi tezliklə nə yolla olursa-olsun, hökumətdən ev əldə etmək, yaxud mükafat, fəxri ad uğrunda mübarizə yox, cəmiyyətdə haqq, ədalət, azad söz uğrunda mübarizə olmalıdır, jurnalistə cəmiyyətin sanki bir aristokrat təbəqəsi kimi ayrı-seçkilik edilməklə mənzili kimsə, hansısa hökumət və ya qeyri-hökumət qurumu hədiyyə etməməlidir, ona adi, normal həyat vasitələrini öz halal qazancıyla əldə etmək üçün şərait yaradılmalıdır…
P.S. Fikirlərimizdən narazı qalan hansısa vəzifəli məmur, deputat varsa, istədiyi media vasitəsində azad(!) polemikaya hazırıq… Yazımıza münasibətdə qeyri-üsul seçilməsi media azadlığının məhdudlaşdırılmasına daha bir sübut olacaq...
Sultan Laçın