MƏNİM BAYRAĞIM
Şərəfi boylanır vətən sözündən,
Rəngləri nur alıb yurdun közündən.
Göylər məhəbbətlə öpür üzündən,
Ruhumun səsidir, mənim bayrağım!
Qüdrəti boy alıb el yaddaşından,
Hər gün gülümsəyir zirvə başından,
Ucalır yurdumun hər qarışından,
Ümid nəğməsidir mənim bayrağım!
Daşıyır millətin, elin vüqarın,
Açır qapısını həyəcanların.
Rəngində eşqi var şəhid canların,
Qeyrət zirvəsidir mənim bayrağım!
Qonub ətəyinə bir uca haqqın,
Ona kəc baxmaqdan həmişə saqın.
Azadlıq eşqiylə yaşayan xalqın,
Arzu,həvəsdir mənim bayrağım!
Canında canı var gör neçə canın,
Odur azadlığa qapı açanın.
O taylı,bu taylı Azərbaycanın,
Bütövlük rəmzidir mənim bayrağım!
Hər vaxt uca durur,hər vaxt baş durur.
Hər gün küləklərlə o savaş qurur,
Damarda çağlayan qanı coşdurur,
Qəlbimin səsidir mənim bayrağım!
Qoy gözün üstünə üç qumaş rəngi.
Qoynundan boylanır könül ahəngi.
Burda dalğalanır "Heyratı" , "Cəngi",
İgidlər dərsidir mənim bayrağım!
Müqəddəs andıyla yaranıbdır tən,
Onu öz bağrına basıbdır vətən.
Vüqarla boylanır "Lələtəpədən",
Zəfər mijdəsidir mənim bayrağım!
Könül fərəhidir bu od ,bu ocaq,
Milyon-milyon qəlbə açıbdı qucaq.
Bir gün Qarabağda dalğalanacaq,
Vətən sevgisidir mənim bayrağım!
YASƏMƏN QƏYYUMLU