“TRT Haber” kanalı xəbər verir ki, NATO Şərqi Avtopadakı müttəfiqlərinə əlavə təyyarə və gəmi göndərəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq hərbi ittifaqın öz müttəfiqlərini qorumaq üçün bütün tədbirləri görəcəyini söyləyib. Hazırda Rusiya ilə müharibə astanasında olduğu xəbərləri verilən Ukrayna NATO üzvü olmasa da, onunla qonşu ölkələr arasında NATO üzvləri var. NATO-nun açıqlamasına görə, alyansın üzvü olan Danimarka Baltik dənizinə bir freqat göndərir və NATO-nun regiondakı hava patrulunu dəstəkləmək üçün Litvaya 4 ədəd F-16 təyyarəsi göndərməyə hazırlaşır. İspaniya Bolqarıstana hərbi təyyarələr göndərməyi planlaşdırır, eyni zamanda NATO-nun dəniz qüvvələrinə qoşulması üçün hərbi gəmilər göndərir. Fransa NATO rəhbərliyi altında xidmət etməsi üçün Rumıniyaya hərbçilər göndərməyə hazır olduğunu bildirib. Hollandiya apreldən etibarən havada patrulluq eləməsi üçün Bolqarıstanda 2 ədəd F-35 qırıcısı yerləşdiriləcək. Hollandiya bir gəmisini və NATO qüvvələri üçün quru qoşunlarını səfərbər edəcək. NATO-nun açıqlamasında ABŞ-ın da Şərqi Avropadakı hərbi varlığını artırmağa planlaşdırdığı aşkar şəkildə bildirilib. 2014-cü ildə Krım Rusiya tərəfindən işğal edildikdən sonra NATO-nun Latviya, Litviya, Estoniya və Polşadakı 4 çoxmillətli müharibə qüvvələri qanadı gücləndirilmişdi. Bu qüvvələrə İngiltərə, Kanada, Almaniya və ABŞ liderlik edir. Qüvvələr müharibəyə hazır vəziyyətdədirlər. NATO hər hansı bir müttəfiqinə ediləcək hücumun bütün ittifaqa ediləcək hücum hesab ediləcəyini bəyan edib. NATO-nun açıqlamalarında 2014-cü ildən əvvəl ittifaqın şərq hissəsində NATO qüvvələrinin olmadığını vurğulanır.