Ermənistanın Baş naziri Nikol Paşinyan bu ay ABŞ-a səfərə hazırlaşır. Onun ABŞ səfərinin bir sıra məqsədləri var.
Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib. Təhlildə Paşinyanın ABŞ-a səfərinin 3 məqsədi qeyd olunub.
“Paşinyanın ABŞ-a səfərinə birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir. İkinci məqsəd BMT koridorlarında ABŞ Prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaq, üçüncü məqsəd isə Nyu Yorkdan Los-Angelesə keçib, buradakı erməni diasporu qarşısında çıxış etməkdir”.
Təhlildə bildiilib ki, Paşinyanın Trampla görüşmək istəyinin reallaşması çətindir:
“Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi. Bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur”.
Təhlildə Nikol Paşiyanın BMT Baş Assambleyasında və onun sessiyada nə deyəcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirməyin kifayət olduğu vurğulanıb:
“Paşinyan Baş Assambleyada ötənilki çıxışında demişdi ki, “Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox”. O daha sonra bildrimişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz”. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyərək, əlavə etmişdi ki, qondarma “dqr”ın statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.
Nyu Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi: “Münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”.
Maraqlıdır ki, Nikol Paşinyanın “sülhə çağıran” çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdı. Paşinyanın ötənilki çıxışı Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyən etdi. Paşinyan ötən ilin sentyabr ayında təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi: “Dağlıq Qarabağda referendum keçirilməlidir”, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” (bu ilin avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yetirməyə çalışırdı), “Dağlıq Qarabağın Azərbaycana adiyyatı yoxdur”.
Təhlildə qeyd olunub ki, Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışında da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar:
“O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: “Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə riskini artırır”.
Aydındır ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi açıqlamasını yayacaq. Ancaq Paşinyanın təxribatçı çıxışlarına başqa səviyyədə reaksiya verilməlidir. O da indidən aydındır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu Yorkda gözlənilən görüşü ötənilki kimi nəticə verməyəcək. Bu görüşlər danışıqların imitasiyasından başqa heç nə deyil. Bizə isə imitasiya deyil, münaqişənin həllini yaxınlaşdırmaq lazımdır”.