Blinken: “Rusiya fevralın 20-ə qədər Ukraynaya hücum edə bilər”
Türkiyənin “Akşam” nəşri xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken Rusiyanın Ukrayna sərhədindəki hərbi varlığını artırmağa davam elədiyini və bu qüvvələrin bəlkə də hazırda davam edən Qış Olimpiadası başa çatmazdan əvvəl Ukraynaya daxil ola biləcəyini söyləyib.
“Haber Qlobal” kanalında verilən xəbərə görə, ABŞ-ın Dövlət katibi Entoni Blinken Avstaliyaya səfəri zamanı keçirilən mətbuat konfransında deyib: “Daha əvvəl də söylədiyimiz kimi, işğalın dərhal başlana biləcəyi bir dövrdə yaşayırıq, açıq danışmaq lazımdırsa, bu, Olimpiadanın davam etdiyi zaman da baş verə bilər”. Pekin Qış Olimpiadası 20 fevral tarixində başa çatacaq.
Blinken Vaşinqtonun Ukraynadakı səfirliyini bağlı saxlamağa davam edəcəyini də bildirib.
Ukrayna ərazisi olan Krımı işğal edən və Ukraynanın şərqindəki separatçıları dəstəkləyən Rusiya Ukrayna sərhədinə 100 min nəfərə qədər hərbçi yerləşdirsə də, yeni işğal planı olduğu barədə iddiaları rədd edir.
Xatırladaq ki, Rusiya siyasətinin “Nostradamus”u Vladimir Jirinovski 2021-ci il dekabrın 22-də, Rusiya Dövlət Dumasının plenar iclasındakı çıxışı zamanı Ukraynanın NATO-ya daxil olması səylərinə qarşı çıxmış, Rusiya tərəfinin öz tələblərini Birləşmiş Ştatların qarşısına qoyduğunu, Vaşinqtonun həmin maddələri yerinə yetirməli olduğunu iddia edərək demişdi: “Biz Stalin kimi 22 iyunun təkrarlanmasına yol verməməliyik. İndi bütün dünya bizim nə tələb elədiyimizi görür, gözləyirik, ümid edirik. Biz heç kəsi təhdid etmirik – bizi təhdid edirlər. Yaxşısı budur, bu, 2022-ci il fevralın 22-də səhər saat 4-də baş versin... Sən demə, bizim başqa planımız varmış. Onun nə olduğunu 22 fevralda, səhər saat 4-də hiss edəcəksiniz”.
