2022-ci ilin əvvəlində Rusiya 175 minlik ordu ilə Ukraynaya hücum edəcək.
Bu barədə “Bloomberg” məlumat verib. Nəşrin iddiasına əsasən, Rusiya məğlub olacağı təqdirdə bölünəcək, amma qalib gələrsə, Avropanın xəritəsi dəyişəcək.
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkməli və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə etməlidir. “ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”,- dövlət katibi qeyd edib.
E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır. O, Rusiyaya ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib. Qeyd edək ki, artıq aylardır Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı iddialar səngimək bilmir. Başda ABŞ və Ukrayna kəşfiyyatı olmaqla, rus ordusunun Ukraynanın sərhədinə yaxınlaşdığı və xeyli ağır texnikanın bölgəyə gətirildiyinə dair məlumat verirlər. Hətta bununla bağlı çox sayda peyk görüntüləri də mövcuddur.
Maraqlıdır, bu ehtimallardan hansı daha realdır?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, bu, daha çox geosiyası maraqlara xidmət edən dezinformasiyadır:
“Çünki Rusiyanın maliyyə cəhətdən müharibə etmək imkanları mövcud deyil. Bu gün Rusiya Ukraynanı işğal edə bilməz. Ona görə də bunun böyük güclərin və ABŞ-ın Rusiyaya qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu düşünürəm. Rusiya isə mövcud vəziyyətdən istifadə edərək Ukrayna ilə bağlı problemləri həll etmək istəyir. Bunun yolu isə hər zaman həmin ərazidə hərbi böhran yaratmaqdan keçir. Yəni onlar belə böhrandan sonra bir növ qorxu yaradaraq Ukraynanı Donbasdan tamamilə vaz keçməsini istəyirlər. Hesab edirəm ki, əsas hədəf məhz budur. Çünki belə böhran vəziyyətindən Rusiyanın dəfələrlə istifadə etdiyini görmüşük”.
Ekspert bildirib ki, Kremlin Ukrayna sərhədinə 100 mindən çox qoşun yığmağın məqsədi də müharibə ola biləcəyilə bağlı görüntü yaratmaqdır:
“Ümumiyyətlə, Rusiyanın uzun müddətli müharibə aparmaq imkanları çox məhduddur. Rusiya belə bir müharibəyə qalxarsa və müharibə uzanarsa, onların iqtisadi cəhətdən çökməsinə gətirib çıxara bilər. Əslində ABŞ kimi hegemon dövlətin əsas niyyətlərindən biri də budur. Yəni məqsəd Rusiyanı uzun müddət davam edəcək bir müharibəyə cəlb etməklə onu tamamilə çökdürməkdir. Bununla da Rusiyanı ABŞ-ın rəqibləri siyahısından çıxarmaqdan ibarətdir. Düşünürəm ki, rəsmi Moskva da bunu başa düşür”.
Politoloqun sözlərinə görə, istənilən uzunmüddətli müharibə qətiyyən Rusiyanın maraqlarına uyğun deyil:
“Onu da nəzərə almaq lazımdır ki, ABŞ, NATO və Avropa İttifaqı da Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı hücum həyata keçirilərsə bunun bədəli çox ağır olacaq. Onlar birbaşa proseslərə müdaxilə etməsələr belə, Ukraynanı hərbi cəhətdən dəstəkləməklə müharibənin müddətini uzada abilərlər. Hesab edirəm ki, bu, Rusiya üçün bir “tələ” ola bilər”.