04 mart 2022-ci il, səhər saatlarında tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru Albert Zaman oğlu Mustafayev 91 yaşında vəfat etmişdir.
A.Mustqfayev əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır.
1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb və fərqlənmə diplomu ilə bu məşhur institutu bitirmişdir.
1966-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun təsviri sənət kafedrasında assistent, sonra müəllim işləyib.
1975-ci ildən – Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndislər İnstitutunun yaradılmasından sonra, bu yeni ali müəssisəsinin təsviri incəsənət kafedrasına əvvəl baş müəllim,
1983-cü ildən dosent, daha sonra isə professor vəzifəsini tutub.
1974-cü ildə Bakı şəhərinin simvolu və diplom işi olmuş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllfi kimi tanınmışdır.
Nizami Kino Mərkəzi (Bakı) binasının fasadında Nizami Gəncəvinin və Məhsətinin monumental heykəllərini yaratmışdır.
Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.
Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəlibaş daşının müəllifi olmuşdur. Yüksək fitri istedadına və bacarıqlı heykəltaraş olmasına görə həmkarları və mədəniyyət işçiləri arasında böyük hörmətə sahib olsa da nədənsə layiq olduğu mükafatlar verilməmişdir.
A.Mustafayevin ilk və sonuncu mükafatı - Onun 90 illik yubleyilə bağlı 25 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Albert Mustafayevlə bağlı sərəncamına əsasən, Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Vəsiyyətinə görə Albaert Mustafayev doğma Şəkidə “Qax dayanacağı” adlı yerdə olan qəbristanlıqda saat 17-də dəfn edilmişdir.
Xatırladaq ki, mərhumun şəxsi ailəsi olmadığından və qardaşları rəhmətə getdiyinə görə Heydər Əliyev Fondu dəfnin təşkilini öz üzərinə götürmüşdür.
Allah rəhmət eləyə.Amin!
Qohumu Məmməd ƏHMƏDOĞLU