İrimiqyaslı döyüş zamanı Rusiya zirehli texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən pusquya salınıb və məhv edilib. Sosial şəbəkələrdə həmin kadrlar da yayılıb. Rus hərbçiləri böyük bir bölmənin tərkibində magistral yollardan biri ilə hərəkət edirdilər, lakin gözlənilmədən yanacaqdoldurma məntəqəsi ərazisində hücuma məruz qalıblar.
Qumbaraatandan açılan atəş Rusiya qoşununun tankını məhv edib. Dərhal canlı qüvvə əraziyə toplanıb və ele bu an avtomatik silahlardan güclü atəş açılıb. Rus hərbçiləri arasında panika başlayıb - onlar uzaqlaşmağa çalışaraq müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar.
Çox güman ki, pusqu əvvəlcədən planlaşdırılıb. Həmin rus kalonunun məhv edilməsi pilotsuz təyyarənin köməyi ilə havadan lentə alınıb. Rusiya hərbçilərinin canlı qüvvə və texnika itkilərinin sayı dəqiqləşdirilir. (dialoq.ua)
Bu arada Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin üzərinə “Molotov” kokteyli ata bilən dron hazırlayıb. Kiçik həcmə malik dron Ukraynanın Ərazi Müdafiə Qüvvələri tərəfindən hazırlanıb.
Dörd pəri olan dronun mərkəzində “Molotov” kokteylini horizontal şəkildə saxlamaq üçün yer var. Dron hədəfə yaxınlaşdıqda uzaqdan verilən komanda ilə kokteyl onun üzərinə atılır.
Ukrayna prezidenti Volodimir Zelenski növbəti videomüraciətində isə Rus ordusunun itkilərindən danışıb: “Rusiya Ukraynada görünməmiş itkilər verir. Müharibənin 16 günü ərzində Rusiya ordusunun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tank, 1205 zirehli texnika, 60-a yaxın təyyarə və 80 helikopter məhv edilib”.
"Silahlı Qüvvələrimiz düşməni Ukraynaya qarşı müharibəni davam etdirmək istəyindən məhrum etmək üçün hər şeyi edir. Rusiya qoşunlarının itkiləri çox böyükdür. Artıq 17-ci gündə işğalçıların itkilərinin dinamikası elədir ki, biz əminliklə deyə bilərik ki, bu, Rusiya ordusuna son onilliklərdə vurulan ən böyük zərbədir”, - Zelenski bildirib.
Ümumi olaraq Rusiya tərəfinin itkiləri bu cür olub: 12 mindən çox şəxsi heyət, 362 tank, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 62 reaktiv yaylım atəşi sistemi, 33 HHM sistemi, 58 döyüş təyyarəsi, 83 helikopter, 585 avtomobil texnikası, 3 kater/gəmi, 60 sistern, 7 kəşfiyyat PUA-sı məhv edilib.
***
“Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır.
Donetsk istiqamətində irəliləməyə çalışan işğalçılar Ukrayna müdafiəçilərindən layiqli cavab alıblar və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.
“Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edir. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunur. Rəqib ehtiyatının komplektləşdirilməsində ciddi problem yaşayır”, - Ukrayna MN-dan qeyd olunub.
Qeyd edək ki, ötən gün gedən döyüşlər zamanı Ukraynanın müdafiəçiləri Rusiyanın Hava Kosmik Qüvvələrini yeni itkilərə məruz qoyublar. Bildirilir ki, gün ərzində Rusiya Hava Kosmik Qüvvələri bir Su-34 qırıcı-bombardmançısını, 4 döyüş vertolyotunu və bir pilotsuz təyyarəsini itirib.
Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirib ki, Su-34 bombardmançısı “Şimal” əməliyyat komandanlığının hava hücumundan müdafiə qüvvələri tərəfindən Çerniqov vilayəti üzərində vurulub.
Habelə bildirilir ki, Ukraynanın Buk-M1 və S-300 zenit-raket kompleksləri düşmənin 4 vertolyotunu və bir “Forpost” pilotsuz təyyarəsini vurub. Ukraynanın Hərbi Hava Qüvvələrinin Su-24M və Su-25 təyyarələri, Mi-24 vertolyotları isə düşmən texnikasının kalonlarına 10-a yaxın hava həmləsi həyata keçirib, bu zaman Rusiya qüvvələrinə güclü raket-bomba zərbələri endirilib. Onlar texnika və canlı qüvvə sarıdan ciddi itkilər veriblər.
O cümlədən Ukrayna aviasiyası Su-27 və MiQ-29 qırıcılarının köməyi ilə müxtəlif istiqamətlərdə düşmənin üstün qüvvələri ilə 10-a yaxın hava döyüşünə girib və itki vermədən geri dönüb. Düşmən təyyarələrinə 9 “hava-hava” raketləri buraxılıb.
Sum vilayətində isə ərazi özünümüdafiə qüvvələri yalın əllə üç Rusiya tankını və bir özüyeriyən artilleriya qurğusunu qənimət olaraq ələ keçiriblər. Bu haqda vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski özünün Telegram-kanalında bildirib. Və tankların videosunu yayıb. Vilayət rəhbəri azı 2 rus əsgərinin öldürüldüyünü də qeyd edib.
