Bu yaxınlarda “Sputnik” Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində kadr dəyişikliyi baş verib. “Sputnik” rəhbərliyinin qərarına əsasən bundan öncə Agentliyin Bakı bürosuna başçılıq edən Əziz Əliyevin yerinə Rusiya Xüsusi Xidmət Orqanlarının nümayəndəsi Vitali Denisov gətirilib.
“Haqqin.az”-ın əldə etdiyi məlumata görə, Rusiya Xüsusi Xidmət Orqanlarının polkovniki Vitali Denisovun jurnalistikayla heç bir əlaqəsi yoxdur. Onun daha öncə Cənubi Osetiyada Rusiyanın strateji tapşırıqlarını icra etdiyi bildirilir.
Denisov Agentliyin rəhbəri olduğu ilk gündən Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərc olunmasını qadağan etməklə, azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb.
Məlumata görə, Denisov prioritet mövzular üzrə redaksiyanın gələcək fəaliyyəti ilə bağlı jurnalistlərə xüsusi tapşırıqlar da verib. Belə ki, ölkədə baş verən problemli mövzuları işıqlandırmağı, sosial narazılıqları qabartmağı, əhalinin xərclərinin artmasını, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzuları önə çıxarmaq tapşırıb.
Denisovun müəyyən etdiyi bu konsepsiya “Sputnik”in Qazaxıstanda Nursultan Nazarbayevi devirməyə xidmət edən redaksiya siyasətini xatırladır.
Sayt yazır ki, “Sputnik”in Azərbaycanda fəaliyyətinə gəlincə, burada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun müstəsna xidmətlərini qeyd etmək lazımdır. Həmin vaxt Əli Həsənov Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının tanınmış nümayəndələri ilə görüşərək, Marqarita Simonyanın yaxın dostu, erməni millətinin nümayəndəsi Əziz Əliyevi redaksiyanın rəhbərliyinə yerləşdiiblər.
“Bu redaksiya bir çox hallarda ermənilərə xidmət göstərərək, Əliyev hakimiyyətinə qarşı çıxışlar ediblər. Hazırda “Rossiya Seqodnya”, “Sputnik” kimi Agentliklər xarici kəşfiyyat orqanlarının əlində kifayət qədər təhlükəli silaha çevriliblər” - deyə, “haqqin.az” qeyd edib.
Qeyd edək ki, "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyəti ölkənin maraqlarını düşünən hər kəsi narahat edir.
Deputat Vahid Əhmədov da Rusiyanın "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyətini dayandırılmasının zəruri olduğunu bildirib: "Ukraynada baş verənlərdən və Marqarita Simonyanın bir müddət öncə Moskvada Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra onun rəhbərlik etdiyi agentliyin kitabının bağlanmaması bir yana, fəaliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm".
"Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı iqnor etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük",- millət vəkili vurğulayıb.
V. Əhmədovun sözlərinə görə, əvvəllər ölkənin media siyasətinə rəhbərlik edənlərin qatı Moskvapərəst olduqları kimsəyə sirr deyildi və onlar bu cür işləri can başla görürdülər: "Amma indi çox şükürlər ki, media siyasətinə Azərbaycanı içdən sevən və onun təhlükəsizliyinə göz bəbəyi kimi baxan şəxslər rəhbərlik edir. Elə isə, Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. Bu heç də Azərbaycanda rus dilinə və Rusiyaya qarşı hansısa ukraynapərəsət addım kimi qiymətləndirilə bilməz. M. Simonyanın qəbuledilməz hərəkətləri ortada və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer omamalıdır".