Əvvəlcə xatırladaq ki, İfadetv.com-un baş nazır cənab Əli Əsədova və ETSN naziri cənab Muxtar Babayevə ünvanladığı “ETSN-nin Şəki və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyi tərəfindən Şəki və Oğuz rayonu ərazilərində yerləşən cəmi 2200 ha sıx meşələrin kürünməsi nəticəsində flora və faunanın tamamilə məhv etdiliməsinə icazə verməsi, yəni bəşəriyyət əleyhinə qarşı törədilmiş cinayət əməllərilə” bağlı verdiyimiz 4 fevral və təkrar olaraq 16 fevral 2021-ci il tarixli rəsmi sorğularımıza əvvəlcə bizə məlum olmayan səbəblərdən cavab vermədiyinə görə birtərəfli qaydada, 6 mart tarixli “MUXTAR BABAYEV BİR NAZİR KİMİ TƏBİİ SƏRVƏTLƏRİMİZİ QORUYA BİLMİRSƏ, GETSİN SOCAR- dakı İŞİLƏ MƏŞĞUL OLSUN!” başlıqlı araşdırma yazını oxucularımıza və aidiyyatı üzrə rəsmi orqan və diplomatik nümayəndəliklərə təqdim etdikdən dərhal sonra ETSN rəhbərliyinin birbaşa tapşırığıilə sorğumuzda göstərilən faktların yerində araşdırılmasına göstəriş verilmişdir. Və hava şəraitinin uyğun bir vaxtında, 23-29 mart tarixlərində ETSN tərəfindən bölgəyə ezam olunmuş məsul şəxslərlə birlikdə monitorinqə başlamışdıq. Doğrudur, zonada şikayətlərin çox olmasına baxmayarq vaxt itirmədən bir çox əsas faktların yerində yoxlanılmasına və aktların tərtib olunmasına nail olduq. Ezamiyyətdən qayıtdıqdan sonra da ETSN –nin 3 yüksək səlahiyyətlisi ilə də rəsmi görüş keçirərək qeyd edilən korrupsiya faktları üzrə dərhal lazımi tədbirlərin görülməsinin vacib olduğu tərəfimizdən vurğulandı və ETSN rəhbərliyinin qısa zamanda lazımi tədbirlər görüləcəyi bildirildi. Nəticələr barəsində redaksiyamıza rəsmi cavabın da göndəriləcəyi xüsusi vurğulandı. Lakin çox təəssüflər olsun ki, ETSN rəhbərliyinə təqdim etdiyimiz sənəd və videomateriallara baxmayaraq son 50 gün ərzində qeyd edilən cinayət faktları üzrə hər hansı ölçünün götürülüməsi barədə bizə rəsmi cavab göndərməmişdir.
Ona görə də təbii sərvətlərimizin qorunması istiqamətində dövlətin məlum strategiyasının əksinə olaraq təqdim etdiyimiz cinayət faktlarının yüksək səviyyədə ört-basdır edilməsinin şahidi olduq. Bunun üçün xronoloji ardıcıllığa bir daha nəzər yetirək:
Əvvəlcə xatırladaq ki, iki ilə yaxındır ki, milli sərvətimiz olan təbiətimizin qorunmasıilə bağlı regionlardan gələn məlumatlar, şikayətlər və şəxsi araşdırmalarımız əsasında hazırladığımız silsilə araşdırma yazıları ictimaiyyətə təqdim etməklə yanaşı, eyni zamanda baş verən qanunsuzluqlarla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı dövlət orqanlarına göndərirdik. Lakin çox təəssüflər olsun ki, aidiyyatı dövlət orqanları nəinki lazımi tədbir görür, əksinə bizim araşdırmalardan xoşlanmayan ETSN-nin yerlərdəki səlahiyyət sahibləri nümayışkaranə formada qanunsuz əməllərini daha aqressiv formada həyata keçirməkdə davam edirlər. Sanki bu yaramaz əməllərilə demək istəyirlər ki, "HEÇ KİMDƏN QORXMURUQ, KİMSƏ ARXALANDIĞIMIZ OLİQARXLARA SÖZ DEYƏ BİLMƏZ!"
Sağda Alim Əlizadə və onun "qoruyucusu"- ETSN nazir müavini Firdövsi Əliyev
Təbii sərvətlərimizin misli görünməmiş və total formada məhv edilməsilə bağlı Qax,Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında apardığımız monitorinqlərin nəticələri əsasında hazırlanmış dövlət və ictimai əhəmiyytə malik aşağıdakı faktları təqdim edirik:
Məsələn,“Aqro ko” MMC- barədə verilən rəsmi məlumatlardan aydın olur ki, onların Şəki rayonun Cunud meşəbəyliyi üzrə 1360 ha sahədə fındıq tingləri üçün Şəki Regional Meşə Təsərrüfatı Mərkəzilə 2019-cu ildə müqavilə bağlasalar da, xüsusi aparatla ölçmələr zamanı məlum olmuşdur ki, təxminən 25 ha sahədə müqavilədən artıq və kənar işlər aparmışlar. Burada intensiv bağsalma işlərinin görüldüyünün də şahidi olduq. Hər bir fındıq tinginin damcı üsulu ilə suvarılması sistemi istifadəyə verilmişdir. Bu çox təqdirəlayiq haldır. Yerli əhalinin işçi qüvvəsindən burada geniş istifadə olunur. Oğuz rayonun Daşağıl meşəbəyliyində isə 670 ha meşə fondunda icarəyə yer götürsələr də, bu yerin yalnız 100 ha –da sıx yeniyetmə müxtəlif cinsdən olan ağacları kürüməklə təmizləmə işləri aparılmışdır.
Cunud və Xaçmaz meşəbəyliyində kürünmə işləri
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən bizə təqdim edilən digər sənədə əsasən məlum olmuşdur ki, 2019-cu ilin oktyabrında bu şirkətlə 19 oktyabr 2019-cu il tarixində bağlanan icarə müqaviləsinə uyğun olaraq Xaçmaz meşəbəyliyi ərazisindən də 1670 ha meşə fondunun icarəyə verildiyi sənədlər üzrə təsdiqini tapsa da, həmin ərazidə işlər yarımçıq dayandırılmışdır. Xatırldaq ki, həm Şəki, həm də Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzi tərəfindən MMC arasında bağlanan müqavilənin 1-ci səhifəsinin yuxarı hissəsində ETSN –nin meşələrin İnkişafı Depertamentinə məxsus möhürlə təsdiq olunması da diqqət çəkir. Və adının çəklməsini arzulamayan işçinin bildirdiyinə görə Regional İdarənin həddi nədir ki, Nazirliyin müqavilənin bağlanması əmrinə qarşı çıxsın. İşlərin dayandırlması səbəbini araşdırdığımız zaman məlum olmuşdur ki, icarəyə verilməsi nəzərdə tutulan həmin ərazidə 2019-cu ilin avqustun 19-da naməlum şəxslər ( verilən məlumata görə isə hazırda istintaq cəlb edilmiş sabiq Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri olmuş İlqar Qəribovun adamları) tərəfindən meşə ərazisində qəsdən yanğın hadisəsi törədilmişdir. Eyni ssenari Şəki rayonun Cunud meşəbəyliyi ərazisində də 2019-cu ilin avqustun 23-də baş vermiş və yanğının söndürülməsi üçün formal olaraq cəmi 1 ədəd yanğınöndürmə avtomobili cəlb edilmişdir. Hər iki zonada baş vermiş meşə yanğınları yerli sakinlərin köməkliyi sayəsində 7 gün ərzində ram edilmişdir.Təbii sual yaranır, bəs niyə eyni MMC-yə müqavilə üzrə icarəyə verilməsi nəzərdə tutulan bu sıx meşə əraziləri eyni vaxtda yandırılmağa qərar verildi? Cavab:
Xaçmaz meşəbəyliyində icarəyə götürülmüş 1670 ha ərazinin 2020-ci ilin avqustunda 8 ədəd sepli traktorlar vasitəsilə kürümə işləri davam edən zaman 1000 nəfərə yaxın yerli sakinlər etiraz aksiyası keçirmişlər. Sakinlərin qeyd etdiyinə görə hadisə yerinə cəlb edilmiş DİN-nin çevik polis alayı traktorçularla sakinlər arasında baş verə biləcək daha ağır insidentin qarşısının alınması üçün kompromis variant təklif edilmiş və meşələrin kürünməsi işi dayandırlmışdır.( Verilən məlumatlarda qeyd edilir ki, 8 traktorun kürümə işlərini dayandırmasaydı, texnikalar üzərinə benzin dolu çüçə butulkalar atılmalı idi)
Xaçmaz meşəbəyliyinə yeridilmiş 8 traktor xalq etirazından sonra meşə kürünməsini məcbur dayandırır.
Xatırladaq ki, Oğuz rayonun Xaçmaz meşəbəyliyi ərazisində meşə fondunun daha sıx ağacların olması və kürünməsi hadisəsi yerli sakinləri qəzəbləndirmişdir. Doğrudur, posneft dövründən sonra Prezident İlham Əliyevin yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Dövlət başçısının 2014-cü ildə imzaladığı müvafiq fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Lakin Meşə Məcəlləsində konkret olaraq qeyd edilir ki, aqroparkların salınması yalnız meşə fondu torpaqıarının açıq sahələrinin icarəyə verilməsi nəticəsində mümkün hesab olunur. Ona görə də 49 il müddətinə bağlanan icarə müavilələrinə hüquqi don geyindirmək üçün ETSN rəhbərliyinin birbaşa göstərişlərilə tarixi meşələrimizdə qəsdən yanğınlar törədilir və ağacların sıxlığının kifayət qədər az olması görüntüsü yaradılmasına çalışılır ki, aqrobağ salınması zamanı qarşıya heç bir hüquqi problem çıxmasın. Lakin çox təəssüflər olsun ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə zidd olaraq ETSN rəhbərliyi, başda nazir müavini cənab F.Əliyev və Meşələrin İnkişafı Xidməti rəisi əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin işçisi olmuş, lakin bir o qədər də meşəçilik təcrübələrinə malik olmayan Namiq Xıdırov icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı, istər Nazirliyin Audit şöbəsinin rəisi işlədiyi dövrdə, istər indiki vəzifəsində olarkən heç bir qanuni tədbir görməmiş, əksinə şəraiti özləri bilərəkdən qanunazidd olaraq yaratmışlar.
HİKMƏT ƏLİZADƏ və NAMİQ XIDIROV cənabları
Belə ki, Oğuz rayonun Daşağıl meşəbəyliyi ərazində ərazinin meşə sahə rəisi olan Elmdarın ( əslən laçın rayonundan olan və ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidməti rəisinin müavini, Bəhruz Məhəmmədovun yaxın qohumu) Bakıda yaşayan imkanlı qohumlarının adına fiziki şəxs kimi 21 ha meşə fondunın sıx ağaclıq yeri 15 il müddətinə qanunsuz olaraq icarə verilmişdir. Yerə 23 mart və 25 mart tarixlərində baxış keçirdiyimiz zaman burada heç bir aqrobağın salınmadığı, əksinə 6 ha sahədə taxıl əkildiyi məlum olmuşdur. 2 gün sonra isə ETSN əməkdaşlarının gələcəyindən xəbər tutan meşə sahə rəisi Elmdar gecə iməcilik təşkil edərək ərazinin 2 ha yerinə 5 x 8 metr olmaqla tezbazar GMO tipli qoz tingləri əkmişlər. Qalan ərazilər isə dirrik məhsulları əkilməsi üçün hazırlıq işləri görülmüşdür. Yəni fiziki şəxs ETSN-dəki vəzifəli qohumunun göstərişi və dəstəyi nəticəsində şərikinə bağladığı icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bundan daha acınacaqlı vəziyyətlə isə ərazinin yaxınlığındakı meşə sahəsinin 1 ha sahəsində yenicə kəsilmiş orta və kiçik diametrli 650 ədəd palıd, dəmirqaya, vələs ağaclarının kəsilib bir hissəsinin aparıldığını, bir hissəsinin isə meşədə qaldığını aşkar etdik.Çox təəssüflər olsun ki, bu kəsilən ağaclara aid akt bu günə kimi tərtib edilməmişdir. Bundan daha faciəli halla isə Oğuz rayonun Calud meşəbəyliyi ərazisində rastlaşdıq. Belə ki, ərazidəki 70 ha meşə fondu torpaqlarının ETSN-lə 2019-ci il 29 noyabr tarixində aqrobağ salınması adı altında fiziki şəxslə bağladıqları 7 nömrəli icarə müqaviləsinin şərtlərinə zidd olaraq 150-200 illik iri və orta gövdəli qiymətli minlərlə meşə cinsli sıx ağaclardan, 36 ha isə fındıq və qoz bağından ibarət meşə fondunun hamısı kürünərək məhv edilmiş, 10 ha sahədə vələmir, 15 ha sahədə isə taxıl əkilmişdir.( Bələdiyyə fonduna aid 20 ha əvəzinə 25 ha, yəni 5 ha meşə fondu qanunsuz olaraq məhv edilmişdir) Sahənin ortasında yaşı 200-dən çox olan 7 ədəd qovaq ağacları qalmışdır. Əkilmiş sahənin ortasında qazılmış iri çalaya isə irigövdəli ağacların kökləri basdırılmış, üzəri torpaqla örtülərək gizlədilməyə çəlışılmışdır. Məlumata görə digər hazırlanmış 30 ha əraziyə də ETSN əməkdaşlarının monitorinqindən sonra dərhal taxıl səpilmişdir. Yerli sakinlərin verdikləri məlumata görə həmin qədim 70 ha iri ağaclı sıx meşə fondu torpaqları da 2 il əvvəl Maliyyə naziri Samir Şərifovun qohumu hesab edilən Nihad Zahid oğlu Şərifli adlı fiziki şəxslə ETSN arasında uzunmüddətli icarə müqaviləsi bağlamışdır.
Maliyyə naziri Samir Şərifovun qohumu Oğuzun Bayan kəndindəki 70 ha iridiametrli sıx meşə fondunu məhv edib, yerinə taxıl əkdirib
Və monitorinqin nəticələrindən də görünür ki, Bayan kəndi yaxınlığında yerləşən yerli sakinlərin haqlı narazılığına səbəb olmuş fındıq və qoz bağının tamamilə kürünərək məhv edilməsi nəticəsində yerli sakinlərin burada yetişən meyvələrin yığıb satışından əldə etdikləri gəlirlərdən də məhrum edilmişlər. Bu məsələ ilə bağlı 28 aprel tarixli sayımızda “FİRDÖVSİ ƏLİYEV MALİYYƏ NAZİRİNİN QOHUMUNA 70 ha MEŞƏNİ İCARƏYƏ VERƏNDƏ PREZİDENT SƏRƏNCAMINI NƏZƏRƏ ALMADI” başlıqlı araşdırm yazısı işıq üzü görəndən dərhal sonra bu əraziyə baxan müzdlulara tapşırılmışdır ki, təcili olaraq 70 ha ərazinin kənarlarına qoz tingləri əkilsin. Və bunun üçün də Bayan kənd əhalisinə müraciət edilərək hər bir ağacın əkilməsi üçün 50 qəpik mükafat vəd verilmişdir. Görünən budur ki, digər aqrporklarda olduğu kimi burada da ETSN rəhbərliyinin gizli göstərişi olub ki, təyinat üzrə istifadə edilməyən 70 ha məhv edilən meşə fondu ərazisinin guya yenidən qoz bağı salınacağı görüntüsü yaradılmasına çalışmışlar ki, icarə müqaviləsinin ləğv edilməsinə heç bir əsas qalmasın. Eyni zamanda xatırltmaq yerinə düşərdi ki, 4 may tarixində tanınmış ekofəal Cavid Qara məhv edilmiş bu meşəliyi gördükdən sonra onunla tefonla danışan və özünü bu ərazilərin icarədarı hesab edən, Naxçıvandan Oğuza təşrif buyurmuş Vurğun adlı birisi( məlmata görə o həm də narkotik istifadəçisidir) ekofəalı təhqirlər etdikdən sonra bildirmişdir ki, “bir də bu ərazilərə gəlsən, səni gəlib it kimi yerindəcə güllələyəcəyəm”. C.Qara dərhal özünü icarədar kimi təqdim edən, lakin psixopat adam kimi onu ölümlə hədələyən şəxs barəsində DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Və təbii ki, hədləyən şəxs maliyyə nazirinə bağlı adam olduğuna görə heç bir tədbir görülməmişdir. Yəni, ETSN səlahiyyətlilərinin özünü mafioz kimi aparan belə bir şəxslə icarə müqaviləsi bağlaması onların kriminal aləmlə də sıx əməkdaşlıq etməsini bir daha təsdiq edir.
Cavid Qara Oğuzda Samir Şərifovun adamı hesab edilən Vurğun adlı şəxs tərəfindən ölümlə hədələnib
Maraqlısı bu olmuşdur ki, monitorinqdə iştirak edən ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini və baş inspektorunun, Meşələrin İnkişafı Depertamentinin inspektorunun və yerli Qəbələ Regional Ekologiya və Meşə Təsərrüfatı rəhbərlərinin iştirakıilə keçirilən bu tədbirdən dərhal sonra, qalan meşə ərazisi də qanunsuz olaraq kürünərək yerinə taxıl səpilmişdir. Sanki hörmətli maliyyə nazirinin qohumu bu qanunsuz hərəkətilə bizlərə demək istəyirmiş ki, “Gedin işinizlə məşğul olun!”. Doğrudan da monitorinq zamanı yerli sakinlərin hiddətinə səbəb olan, aqrobağ yerinə meşə fondunda qanunsuz taxıl əkinilə məşğul olan bu fiziki şəxs barəsində son iki ayda nə ETSN rəhbərliyi, nə də yerli regional idarə rəhbərliyi (Ekologiya və Meşə Təsəsrrüatı İdarələri) qanuni tədbir görməyə hələlik cürət etməmişdir.Yəni icarə müqaviləsinə xitam verib meşə fondunun təbii bərpasına şərait yaratmalı və törədilmiş bəşəri cinayətlə bağlı nəzərdə tutulmuş yüksək cərimələri tətbiq etməli idilər. Amma görünən budur ki, bilmirlər. Çünki cinayətə və əsassız varlanmaya şərikdirlər. Qorxurlar.
Bəs qanunvericilik nə deyir?
Prezident İlham Əliyevin 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişiklik adilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilə artıtrılsın. Bu sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Bu Sərəncama əsasən hazırda meşələrin inventarizasiya işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələri müəyyənləşdirməkdir.
Qanunda o da deyilir ki… Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları əsasən meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.
Meşə Məcəlləsində meşələrin məhv edilməsinə görə nəzərdə tutulmuş cərimələrə nəzər yetirdikdə isə görürük ki, tək göstərdiyimiz bir misal üzrə qeyd edə bilərik ki, dövlət başçısının 2017-ci il, 9 mart tarixli 2718 saylı Sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından istifdə etmək şərtilə icarə müqaviləsini pozan fiziki şəxs Şərifli Nihad Zahid oğlu məhv etdiyi 70 ha iri və orta gövdəli qiymətli meşə cinsli sıx ağacları olan meşə fondunun təkcə kürünməsinə görə hər kv.m -ə 137 manat cərimə tətbiq edilməsi nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, 1 ha sahə 10000 kv m. ərazi deməkdir. O zaman 70 ha meşə fondunun 700000 kv.m sahə deməkdir ki, bu rəqəmi 137 manata vursaq, o zaman cərimənin məbləği 95.900.000 AZN etmiş olar. Yəni, bu qanunpozuntusu həm də o deməkdir ki, əgər hər kv.m sahədə 2 ağacın məhv edilməsini nəzərə alsaq bu ümumilikdə 1 milyon 400000 ağacın məhv edilməsi anlamına gəlir. Müqayisə üçün qeyd edək ki, ETSN rəhbərliyi 2021-ci il üçün start verdiyi “Yaşıl marafon” kampaniyasında 1 milyon ağac əkməyi qarşıya məqsəd qoymuşdur. Bizim fikrimizcə belə kampaniyalar üçün əməkdaşları dağa-daşa salmaqdansa olan meşə fondunu vəzifə borcları olaraq qorumağa çalışsalar daha yaxşı olmazmı? Bəs görəsən qanunvericiliyin tələbini nazirliyin səlahiyyətliləri həyata keçirməyə cəhd edəcəklərmi? Əsla.
Qeyd etdiyimiz məsələ ETSN Aparatında rəhbərliklə geniş müzakirə etmiş, foto və video materialları aprelin 09 –da təqdim etsək də indiyədək görülən tədbirlərlə bağlı heç bir rəsmi cavab almamışıq. Heç inanmırıq da ki, ETSN rəhbərliyi, başda nazir cənab Muxtar Babayev və onun meşələr üzrə 17 illik staja malik nazir müavini cənab Firdövsi Əliyev formal da olsa cavab vermək cəhdinə bulunsunlar. Biz isə dövlət və xalq qarşısında öz peşə borcumuzu yerinə yetirərək tarix yazırıq. Lakin yazdıqlarımıza görə təəssüf edirik ki, milli sərvətimiz olan meşələrimizin ETSN rəhbərliyinin dolayı göstərişləri nəticəsində, yalnız varlanmaq xatirinə total məhv edilməsi barədə yazdıqlarımız Azərbaycanın ekologiya tarixində qara ləkə olaraq əbədi qalacaqdır.
Eləcə də eyni cinayət hadisələri Oğuz rayonun Muxas, Daşağıl, Xaçmaz, Malıx, Calud kənd meşə dolaylarında da beş verməkdədir. Məsələn, Calud meşəsini uzun müddət satıb talayan İsabala adlı meşə gözətçisini nəhayət, gözdən pərdə asmaq üçün işdən çıxarıb onun əvəzinə oğlunu qoyublar. Oğul da bu gün dədəsinin yoluilə gedərək meşənin qalan ağaclarını yüksək intensivlilə satmaqla məşğuldur. Muxas meşəsində təkə bu il ərzində kəsilən iridiametrli 300-ə qədər ağacdan cəmi 70-nin barəsində 7 saylı Qəbələ Regional Ekolgiya İdarəsi formal aktlar tərtib edərək cəmi 1250 manat cərimə yazıblar. Halbuki bu ağacları odun kimii satanada bundan çox pul əldə etmək mümkündür. Lakin Xaçmaz kəndində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əmək müfəttişi Kənan Fətəliyevin göstərişilə 50-55 sm diametrli 29 ədəd ağacın kəsilməsinə görə isə 8400 manat cərimə tətbiq olunmaqla yanaşı, iki nəfər muzdlu işçiyə qarşı cinayət işi başlanmış və məhkəmə prosesi davam etməkdədir. Fərqi müqayisə etməyə dəyməz. Muxas meşəsində kəsilən 130 ağadan təkcə 70 ağac üçün 1250 manat, Xaçmaz meşəsində idarə işçisinin sifarişi əsasında kəsilmiş 29 ağaca görə isə 8400 manat cərimə. Bütün bu qədər davamlı ağacların kəsintisinə görə meşə gözətçisi xanım Bənövşə Həkimovaya güldən ağır söz deyən yoxdur. Axı niyə də deyilsin? Meşə gözətçisinə Mərkz müdiri tərəfindən nə əmr olunubsa, onu da yerinə yetirib. Nəticədə bütün Azərbycan meşə dolaylarından kəsilib satılaraq toplanan pulların bir hissəsi Bakı şəhərinə, ETSN-də regionlardakı meşə quldurlarını qoruyan səlahiyyətli “MƏLƏKLƏR”ə daşınır. Vəssəlam. Məntiq budur.
Muxas meşəliyində kəsilən ağaclardan 70-nə yerli ekologiya İdarəsi cəmi 1250 manat cərimə yazıb
Ümumiyyətlə, Azərbaycan üzrə meşə fonduna total qəsd edilən region ETSN-nin Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzi və 7 saylı Qəbələ Ekologiya İdarəsinin fəaliyyət dairəsidir. Belə ki. digər regionlardan fərqli olaraq burada istər min hektarlarla sıx meşə fondunun icarə adı altında kürünərək yerinə dənli bitkilərin əkilməsi, istər Oğuz rayonunda yerləşən Yemişənli və Tayıflı kəndləri yaxınlığındakı dövlət vəsaiti hesabına salınmış cəmi 13 ha qoz bağlarının məhv edilərək yerində vələmir əkilməsi, istər Oğuz rayonun Tayıflı kəndində fəaliyyət göstərən saysız-hesab sız kömür quyularının fəaliyyəti, istər Qəbələ rayonun Həmzəli meşə dolayında son 5 ayda “delimka” adı altında kəsilib hər reysində 10 kub m olmaqla ( cəmi 220 reys) mebel sexlərinə 500 manata satılan fıstıq və palıd materialları, istər Qəbələ rayonun Şahdağ Milli Park ərazisində və ona paralel yerləşən Abrıx-Solunca meşəsindən “delimka” adı altında kəsilib satılmış 54 ədəd iri diametrli qiymətli ağacların Mərkəz müdiri Alim Əlizadənin ağacların kökündən çıxarılması üçün 5800 dollara alıb gətirdiyi qurğudan istifadə etməklə, ağacları yerli-köklü çıxararaq satma işlərini həyata keçirməsindən, istər Mərkəz müdiri A.Əlizadənin hər rayon üzrə mövsümi odun tədarükü işlərinə formal cəlb etdiyi sürücülərin adına yazıb, sonradan mənimsədiyi yüz min mantlrla maliyyə maxinasiyaları barədə Qəbələ rayon Prokurorluğunda başlanmış araşdırmaların müəmmalı şəkildə “dondurulması”ndan və digər çoxsaylı hüquqpozma faktlarının olmasına baxmayaraq cənab nazir müavini Firdövsi Əliyevin bu adamı ərköyün uşaq kimi qoruyub vəzifəsində saxlaması başa düşülən deyil. Başa düşülən odur ki, F.Əliyevin dədəsinin kəndi olan Lerik rayonundakı Monidigah yolunun asfalatlaşması sosial plana salınmasa da, 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu kənddən çıxan hansısa milyoner məmurun şəxsən ödədiyi 2.2 milyon manat vəsaitin hesabına yolun 2.5 km hissəsi yüksək keyfiyyətlə plandankənar asfaltlanmışdır. Biz qonşu kənd sakinlərindən belə səxavətli milyonçu məmurun kim olacağı ilə maraqlandıqda, cavab verildi ki, bu yaxın kəndlərdən çıxan bir milyoner məmur var ki, o da uzun müddət ETSN-də nazir müavini işləyən Firdövsi müəllimdir, başqa kim ola bilər ki? Bəli cavabdan da bizə aydın olur ki, cənab nazir müavini o qədər qayğıkeş və səxavətli birisidr ki, çalışdığı nazir müavini postunda 17 ildə əldə etdiyi əməkhaqqlarının hamısını və xalasından qalma dəfinəni doğma yurda yol çəkilməsinə sərf edibmiş...
Firdövsi Əliyev qazandığı pullarla dədəsinin kəndinə asfalt çəkdirir
Törədilmiş irimiqyaslı cinayət faktlarına görə isə bu günədək adi bir ETSN əməkdaşı( meşə gözətçisi) belə cəzalanmamışdır. Yəni, bu o deməkdir ki, baş verən və verməkdə davam edən təbii sərvətlərimizlə bağlı qanunazidd hərəkətlərə ETSN rəhbərliyində təmsil olunanlar şəxsən icazə verir. Odur ki, meşələrimizin mühafizəsi məsələsi hələlik qalıb Allahın və sadə vətəndaşlarımızın ümidinə. O zaman təbii sual yaranır. Dövlət büdcəsindən maliyyələşən ETSN-in fəaliyyəti nəyə lazımdır? Əgər lazımsız quruma çevrilibsə, dövlət başçısı bu Nazirliyi niyə ləğv etmir?
Dövri mətbuatda son vaxtlar yazılanlara nəzər salsaq aydın olar ki, ağac qətliyamı Azərbaycanın meşə fondu olan bütün rayonlarında, Lerik-Yardımlı-Masallıdan tutmuş Quba-Qusar-Xaçmazadək olan zonalarda bu özbaşnalıq hazırda da daha intensiv davam etməkdədir. Sanki, ETSN-nin regionlardakı dəstələri təbii sərvətlərin qorunması ilə deyil, axırına çıxmaq uğrunda yarışa girişiblər. Baxmayaraq ki, bütün meşələrimiz online rejimdə kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən izlənməsi mümkündür.
Görünən budur ki, cənab nazir və komandası işinin mahiyyətini bilmir və bilmək də istəmir: Bu komanda meşələrimizin məhv edilməsinə, ağacların qırılmasının qarşısının alınmasında nəinki cəsarət nümayış etdirir, əksinə, əsas vəziri hesab edilən və 17 illik bu sahədə peşəkar staja malik cənab Firdövsi Əliyevin bilik və bacarığından istifadə etməklə (tarixən görünməmiş forma və metoddan ( traktorlarla kürünmə üsulu) Azərbaycanın meşə fondunun axırına çıxmağa can atır və buna artıq nail olmaq üzrədirlər.
Doğrudur, öz dövründə Hüseynqulu Bağırov çox mübarizə aparsa da meşə “qatilləri”nə qalib gələ bilmirdi.Bunun əsas səbəbi budur ki, sabiq naziri meşələr ona görə o qədər maraqlandırmırdı ki, o yerin təkindən çıxarılan daha qiymətli təbii sərvətlərimiz olan qızıla, gümüşə, platinə və digər əlvan metallardan gələn gəlirdə kiçik də olsa müəyyən pay sahibi olmuşdur. Lakin təəssüflər olsun ki, son 3 ildə H. Bağırovun 12 ildə reallaşdıra bilmədiklərini yeni nazir nəinki həyata keçirə bilmədi, əksinə təbii sərvətlərimiz və ekologiya ilə bağlı vəziyyət dəfələrlə pisləşdi. Meşələrimiz görünməmiş miqyasda – kütləvi surətdə kürünmə üsulu ilə məhv edildi. Və bu vandalizm aktları indi də geniş miqyasda davam etməkdədir. Ən pis hal isə budur ki, aidiyyatı dövlət qurumları da təbiətimizin qorunmasında nədənsə passivlik nümayış etdirirlər. Yəni, bütün yuxarıda sadalanan faktların bir hissəsini analiz etdikdə və son 2 ildə apardığımız araşdırmalardan o nəticəyə gəlirik ki, Ekologiya və Təbii Sərvətlr Nazirliyi mafiaya qanunları ilə idarə olunur!
Cənab prezident İlham Əliyevdən və ölkənin baş prokuroru cənab Kamran Əliyevdən xahiş edirik ki, hazırda Azərbaycanın bütün ərazilərində təbii sərvətlərimizin bu və digər formada talan edilməsinin dərhal qarşısının alınması məqsədilə aidiyyatı üzrə rayon və respublika səviyyəsində hüquq-mühafizə orqanlarına xalqımıza məxsus bütün meşə fondlarının bundan sonra qorunub gələcək nəsillərə saxlanılması naminə son 5 ildə ETSN-nin regionlardakı idarə və mərkəzlərinin fəaliyyətləri araşdırılmaqla onların törətdiyi korrupsiya faktlarına hüquqi qiymətlərin verilməsinə göstərişlər verəsiniz.
İFADETV.COM -un araşdırma qrupu
Adları qeyd edilən şəxslərin mövqelərini dərc etməyə hazırıq
DƏVƏNİ EŞŞƏYİN QUYRUĞUNA BAĞLAMAZLAR!