Mayın 3-də- Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda bir qrup jurnalistlə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ-ın Dövlət Katibi KİV-lərə təzyiq edən hökumətləri “qorxaq” adlandırıb:
“KİV-ə qarşı repressiya tətbiq edən hökumətlər, rejimlər özlərinə güvənmirlər. Onlar nədən qorxurlar? Düşünürəm ki, biz cavabı bilirik – həqiqətdən”.
Əsasən o, Rusiya, Çin, Əfqanıstanda taliblərin hökumətini və digər rejimləri jurnalistlərə hücumda və mətbuat azadlığını boğmaqda ittiham edib.
Blinken deyib ki, inklüziv və tolerant cəmiyyət üçün informasiyalar, ideya və fikirlər, o cümlədən narazı fikirlərin sərbəst axını vacibdir. O əlavə edib ki, aktiv müstəqil mətbuat istənilən sağlam demokratiyanın təməl daşıdır.
2021-ci ilin sonunda dünyada dəmir barmaqlıqlar arxasında 293 jurnalist olub, bu, yeni rekorddur.
Çin hələ də birinci yerdədir, 50-yə yaxın jurnalist həbsdədir. Digər hökumətlər jurnalistləri qorxutmaq üçün həbsxana təhdidlərindən və məhkəmə iddialarından istifadə edirlər.
“Repressiv hökumətlər jurnalistləri təqib etdikdə, hüquq müdafiəçiləri, Həmkarlar İttifaqları liderləri, vətəndaş cəmiyyətinin digər nümayəndələri də əziyyət çəkir”, – o əlavə edib.
Getdikcə daha çox hökumət İnternetin kəsilməsi və ya sürətinin azaldılması yoluyla İnternetdə informasiyaya çıxış imkanlarını məhdudlaşdırır. Texnologiyadan təkcə xəbərləri bloklamaq üçün yox, həm də jurnalistləri izləmək üçün istifadə olunur. Belə ki, 2020-ci ildən 2021-ci ilə qədər çoxsaylı KİV işçisinin mobil telefonları Pegasus casus proqramından istifadə edilərək sındırılıb.
Blinken bütün dünyada KİV nümayəndələrinə müraciətlə deyib: “Biz həqiqəti ictimaiyyətə çatdırmaq üçün göstərdiyiniz səyləri dəstəkləyirik. Mətbuat azadlığının əsas işinin irəliləməsində sizin tərəfdaşınız olmaq bizim üçün böyük şərəfdir”.
Öz növbəsində Ağ Ev çərşənbə axşamı günün ikinci yarısında prezident Co Baydenin Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bəyanatını dərc edib.
“Biz mətbuat üçün təhlükəli zamanlarda yaşayırıq. Son həftələrdə Ukraynada ən azı 11 jurnalist öldürülüb və 11-i yaralanıb. Digərləri oğurlanıb və hücuma məruz qalıb, ən azı bir nəfər itkin düşüb”, – bəyanatda deyilir.
Rusiyada Kreml “dezinformasiya” haqqında qanun qəbul edərək vətəndaş cəmiyyətinə təzyiqləri sərtləşdirib. Bu, həqiqəti söyləyənləri susmağa vadar edir.
“Bütün bunlarla üzləşən rusiya jurnalistlər və digər KİV nümayəndələri çətin seçim ediblər – öz ölkələrindən qaçımaq”. Bu, Putinin Ukraynaya qarşı ədalətsiz və amansız müharibəsi haqqında həqiqəti söyləmək üçün media işçilərinin və onların ailələrinin ödədiyi “bədəldir”.
“Azad mətbuat xalqın düşməni deyil. Qıcıqlandırmaq və əyləndirmək yox, işıqlandırmaq və maarifləndirmək səylərilə hərəkət edən azad mətbuat həqiqətin keşikçisidir”, – ABŞ prezidentinin bəyanatında deyilir.