Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndəki bir epizodda əsərin xanım qəhrəmanı polis şöbəsində hay-küy salan bir sərxoşa xitabən deyir: “Söyün (qonşusu Hüseyn) şükürlüdü, bu lap dəlidi ki...”
Son bir neçə ildə, xüsusilə də Ukraynaya qarşı işğal başlayandan sonra Rusiya Dumasında baş verənlərə, rusiyalı deputatların ağlasığmaz açıqlamalarına, bəyanatlarına, hədyanlarına, macəralarına və s. nəzər salanda bu epizod yada düşür və bizim Milli Məclisdə zaman-zaman baş vermiş olaylara, bəzi deputatlarımızın əcaib saydığmız fikirlərinə və davranışlarına şükür etməli olursan...
Doğrudan da, son zamanlar Duma üzvlərindən hansı fantastik, tragikomik, axmaq bəyanatlar, təkliflər eşidilmədi. Hətta bu əcaib sərsəmləmələrdən Azərbaycanın da payına düşənlər oldu. Təkcə Mixail Delyaginin Bakını nüvə silahı ilə vurmaq təklifini xatırlatmaq kifayətdir. Uzun illər boyu zatulin, milonov, jirinovski və digər bu qəbildən olan “millət vəkilləri”nin Azərbaycanın ünvanına söylədikləri təhdid və təhqirlər, açıq ermənipərəst, təxribatçı mövqe, Qarabağa qanunsuz səfərlər də öz yerində...
Son günlərsə Duma deputatlarının Ukrayna və Qərb cəbhəsində fəallığı pik həddə çatıb və bu, özünü növbəti “oprijinal” təkliflərdə büruzə verməkdədir. Məsələn, bir neçə gün öncə deputat Aleksey Juravlyov mərkəzi telekanalda Skabeyevanın verilişində Böyük Britaniyanın nüvə silahı ilə məhv edilməsini təklif etdi: “Bir “Sarmat”, vəssalam – Britaniya adaları var idi, Britaniya adaları yoxdur! Mən ciddi deyirəm!” Doğrudur, cavabında öz ağlına görə Juravlyovdan heç də geri qalmayan Skabeyeva Britaniyanın da nüvə silahının olduğunu xatırlatdı. Daha əvvəl isə hakim partiyadan olan deputat Yevgeni Fyodorov hətta ABŞ-a nüvə zərbəsi endirməyi təklif etmişdi və Duma üzvləri arasında oxşar bəyanat və təkliflərlə çıxış edənlərin sayı kifayət qədər çoxdur. Ümumiyyətlə, bu cür müzakirələrin açılması və belə bir fikrin deputatlar tərəfindən səsləndirilməsi “derjava”nın siyasi elitasının hansı mənəvi, əqli, intellektual durumda, loru dildə desək, hansı ağılda olduğuna dair təsəvvür yaradır.
Ukraynada bataqlığa düşməsinə baxmayaraq, başqa dövlətlərə hücum və işğal üzərində “baş sındıran”, təkliflər verən Duma təmsilçiləri də az deyil. Məsələn, hələ yanvar ayında Dumanın hakim “Vahid Rusiya” partiyasını təmsil edən deputatı Biysultan Xamzayev Qazaxıstanın Rusiyaya birləşdirilməsini təklif edərək, “Mərkəzi Asiya rus torpağıdır” demişdi. Bir neçə gün əvvəl isə Putinin “Vahid Rusiya” partiyasının Ali Şurasının üzvü olan Oleq Morozov bildirdi ki, Ukraynadan sonra “denasifikasiya” növbəsi Polşaya çatmalıdır.
Məsələ ondadır ki, Dumanın nisbətən intellektual və savadlı hesab edilən üzvləri də öz “siyasi uzaqgörənliyi” və mənəvi keyfiyyətlərilə qalmaqallı və çoxlarının ağlına şübhə etdiyi deputatlardan geri qalmırlar. Məsələn, Rusiyanın ən intellektual, az qala ensiklopedik biliklərə malik şəxslərindən sayılan deputat Anatoli Vasserman ötən gün Dumada təklif edib ki, “Azovstal”-dan çıxan və təslim olan ukraynalı hərbçilərin Ukrayna əsirliyindəki rus hərbçilərilə dəyişdirilməsinə qətiyyən yol verilməsin. Onlar cəzalandırılsın və mühakimə edilsin. Hələ bu, guya Dumanın ahıl ağsaqqalı, ağıllısı, intellektualıdır. Deməli, “bir ayağı Jirinovskinin yanında olan” bu şəxs həm də daha humanist və sülhpərvər olmalı idi. Amma yox! Duma sədri Vyaçeslav Volodin də dərhal bu təklifi dəstəkləyib. Hansı ki, məhz 80 gündən artıq müddətdə tarixdə görünməmiş dirəniş, qəhrəmanlıq göstərən “Azovstal”dakı hərbçilərin dəyişdirilməsi Rusiya-Ukrayna danışıqlarına təkan verə və Rusiyanın az-çox sifətini saxlamasına imkan yaradardı. Ancaq Duma bu həssas mövzunu Rusiyanın xeyrinə istifadə etmək əvəzinə, mənasız, yersiz və siyasi məntiqdən yzaq “təklifləri” ilə vəziyyəti daha da gərginləşdirməyə, Rusiyanın dövlət olaraq girdiyi bataqlıqda daha da dərinə batmasına xidmət etmiş olur...
Duma üzvlərinin son “şedevrlər”indən biri isə deputat Mixail Şeremetin bu gün səsləndirdiyi təklif olub. Rəsmi informasiya daşıyıcısı olan “RİA Novosti”nin həvəslə yayımladığı həmin təklifdə Rusiyanın hazırkı üçrəngli bayrağının SSRİ bayrağı ilə əvəz olunması təşəbbüsü irəli sürülür. Bununla da SSRİ-yə qayıdış və onun bərpası “ideya”sının “bayraq problemi” həll edilmiş hesab oluna bilər. Guya artıq hər şey edilib, qalıb yalnız bayrağı dəyişmək...
Əslində, bu cür deputatlar və onların “təklifləri” Rusiyanın dövlət, məmləkət və toplum kimi müasir sivilizasiyadan uzaq düşməsinin, onunla ayaqlaşa bilməməsinin baiskarının məhz bu cür gerizəkalı “siyasi xadimlər” və onların tabe olduqları siyasi idarəçilik sistemi olduğunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz Britaniyanı yer üzündən silməyi təklif edən deputat Juravlyov iki il öncə uşaqlı, cavanlı, qocalı az qala bütün Rusiyanın baxdığı mərkəzi televiziyadakı çıxışında Qərbi “ifşa edərək” bildirmişdi ki, Daniyada zoofillər üçün “bardel” açılıb və “orada hətta tısbağalarla cinsi əlaqədə olmaq olar!”. Adam 140 milyon rusiyalının seçdiyi cəmi 450 nəfərdən biridir – yəni “qaymaq”dır! Bu cür tragikomik və psixi xəstə təfəkkürün məhsulu olan söhbətləri bəlkə də rusiyalı siyasətçilərin dili ilə desək, “Avropadakı ən əxlaqsız deputatlar” belə ictimaiyyət qarşısında, televizyalarda səsləndirməyi özlərinə rəva bilməzdilər...
Bir sözlə, Jirinovski “haqq dünyası”na qovuşsa da, onun davamçıları Dumada kifayət qədərdir, özü də qətiyyən ondan geri qalmırlar və Rusiyanın Ukraynada düşdüyü acınacaqlı vəziyyət bu “qaynar başlar”ı daha da aqressivləşdirir. Yəni, Dumada vəziyyət “Əlisi dəli, Vəlisi dəli...” məsəlində olduğu kimidir. İndi gəl, bundan sonra Hüseynbala Mirələmova, Hadı Rəcəbliyə, Xanhüseyn Kazımlıya və bu gün də Milli Məclisimizdə oturan bəzilərinə irad bildir, onları məsxərəyə qoy...Azpolitika.info