Ədalət Partiyasının sədr müavini Heydər Oğuz Dağıstanda Azərbaycan vətəndaşlarının başına gətirilənlərlə bağlı “Hürriyyət”-ə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Heydər bəy, son günlər Rusiya polisinin Dağıstanda Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi vəhşiliklə bağlı nə deyə bilərsiniz? Azərbaycanlılara qarşı bu qəddarlıq nədən qaynaqlanır?
- Rusiya polisinin, xüsusilə OMON qüvvələrinin qəddar davranışı yeni hadisə deyil. Zaman-zaman Rusiyanın mərkəzi əyalətlərində bu cür insidentlərin şahidi oluruq. Mərkəzi Rusiyada əsasən Qafqaz xalqlarına mənsub insanlar polis zorakılığına məruz qalırlar. Dağıstanda Azərbaycan vətəndaşlarına qarşı törədilən zorakılıq da bu mənada gözlənilməz deyildi. O başqa məsələdir ki, Dağıstanda üzərinə atəş açılan, polis dəyənəyi altında döyülən, yerə uzadılaraq aşağılanan insanlar Rusiya üçün əcnəbi insanlardı və rus polisi özünə hörmət qoyan xarici dövlətlərin vətəndaşlarına qarşı bu vəhşiliyi edə bilməzdi. Yenə deyirəm, özünə hörmət qoyan xarici dövlətlərin vətəndaşlarına qarşı. Azərbaycan vətəndaşlarına qarşı isə, özü də bizim sərhədlərimizdə, dövlətimizin gözü önündə bunu etdi. Bizim rəsmilərimizin bu vəhşiliyə qarşı reaksiyası isə, sadəcə, təəssüf bildirmək oldu. Qınanan isə rus polisi yox, öz vətəndaşlarımız idi. Bu faktın özü də rəsmi Bakının özünə hörmət etmədiyini göstərir. Dağıstanda baş verənlərə məhz bu aspektdən yanaşmaq lazımdır. Orada ayaq altına salınıb tapdalanan fərdlər deyildi, Azərbaycan xalqının, dövlətinin şərəf və ləyaqəti idi. Çünki vətəndaş sadəcə olaraq hansısa ölkədə yaşayan insan demək deyil. Vətəndaş dövlətin özüylə bütünləşmiş, onun simvoluna çevrilmiş şəxsiyyət deməkdir. Məşhur sovet şairi Maksim Qorkinin bir şeiri var. SSRİ sərhədindən keçərkən pasportuna maraqla baxan xarici ölkə sərhədçilərinə səslənərək deyirdi: “Alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam”. Bəli, cibində pasport gəzdirən hər kəs dövlətin bir parçasıdır. Dövlət daşdan, qayadan, yeraltı zənginliklərdən ibarət torpaq parçası deyil. Dövlət ilk öncə onun üzərində yaşayan vətəndaşlardır. İstənilən torpaq parçasında dəyər ölçüsü əşyaların canlılıq dərəcəsinə görə müəyyənləşdirilir. Məsələn, biz həyətimizdə olan hansısa daşla qapımıza bağladığımız itimizə eyni gözlə baxmırıq. Təbii ki, itimiz hansısa kəsəkdən daha dəyərlidir. Evimizdəki uşaq isə bizə məxsus olan bütün dəyərlərin üstündədir. Niyə? Çünki Allah öz müqəddəs kitabında insanı bütün yaradılmışların əşrəfi, yəni ən şərəflisi sayır. Biz də bizə məxsus olan dəyərlərə Adəm peyğəmbərdən bu günə qədər gəlib çıxan bu anlayışla yaxınlaşırıq. Bizə məxsus olan insana əşrəfi-məxluqat kimi, itimizə ondan daha az dəyərli varlıq, ağacımıza üçüncü dərəcəli, kəsəyimizə, daşımıza isə dördüncü dərəcəli mülkiyyətimiz kimi baxırıq. Ona görə də qonşunun iti bizə hürəndə rahatlıqla həyətimizdəki kəsəyi və ya daşı götürüb ona atırıq. Yəni qonşunun olsa belə, daşdan daha dəyərli varlığı daha dəyərsiz varlıqla susdururuq. Nə yazıq ki, Azərbaycan hakimiyyəti dövlətə aid olan varlıqlara eyni gözlə baxmır. Bizdə neft insandan daha dəyərlidir. Çünki xaricdə sudan ucuz olsa belə, pula gedir. Azərbaycan insanı isə rəsmilərimizin gözündə nəinki neft qədər dəyərli deyil, hətta neftdən gələn pulu yeyən parazitdir. Ona görə də bu parazitlərin ölkədən uzaqlaşdırılmasında maraqlıdırlar. Boğazlarına şərik çıxanlar azalsın deyə. Dağıstanda baş verənlər də məhz bunun nəticəsidir. Bizim öz vətəndaşlarımıza parazit kimi baxmağımızın...
- Siz Dağıstanda baş verənlərə görə də rəsmi Bakını günahlandırırsınız? Bu, bir qədər ədalətsiz yanaşma deyilmi?
- Sizcə, kimi günahlandırmalıyıq? Bizdə məşhur bir söz var: “Sənin orda nə itin azıb?” Eyni sualı Dağıstanda polis zorakılığına məruz qalan vətəndaşlarımız barədə də verə bilərik. Vəhşicəsinə döyülən, təhqir olunan həmin vətəndaşların Dağıstanda nə itləri azmışdı? Onlar niyə 3 aydır sərhəddə gömrük qapılarının açılmasını gözləyirlər? Niyə rəsmi Bakı zamanında onlara sahib çıxmır? Həmin insanları sərhəddə qurulmuş çadırlarda yaşamağa məcbur edən kimdir? Bir çoxları kollektiv şəkildə bədənləri bir-birinə dəyəcək qədər yaxın məsafələrdə gecələyirdilər. Onlardan bəziləri bizim saytımız və ölkənin digər media qurumları vasitəsilə dəfələrlə dövlət rəsmilərinə müraciət edib, ağır şəraitdə yaşadıqlarını bildirirdilər. Gündüz istidən, gecə soyuqdan əziyyət çəkdiklərini, yerli əhali tərəfindən cüzi ərzaqla təmin olunduqlarını bildirirdilər. Hökumət isə vətəndaşlara sahib çıxmırdı. Çünki həmin insanları boğazlarına şərik çıxan parazit olaraq görürdü...
- Amma hökuməti də başa düşmək olar. Onların ölkəyə koronavirus gətirə biləcəklərindən çəkinirdilər...
- Başa düşmədim. Sən özünü həmin vətəndaşların gətirə biləcəkləri xəstəlikdən qoruyursan, amma bu təhlükəni xaricdə saxlayırsan. Belə çıxır ki, öz bəlanı başqalarının üstünə atırsan. Bu nə dərəcədə insaflı yanaşmadır? Belə götürək, övladımız ağır xəstə olanda "ondan bizə virus keçər" düşüncəsiylə övladımızı qonşunun evində saxlaya bilərikmi? Əgər o vətəndaşlar xəstədirlərsə, zəhmət çəkib öz ölkəndə müalicə etməlisən. 14 gün karantin altında saxlayıb, evinə ötürməlisən. Buna gücün çatmırsa, onları öz evlərində karantin altına almalısan. Nə tədbir lazımdırsa, öz ərazində etməlisən. Başqaları sənin xəstənə niyə baxmalıdır? Azərbaycan hakimiyyətinin özünü izoliyasiya tədbirləri başqa ölkələrdə də ciddi insidentlərə səbəb ola bilər. ABŞ prezidenti bir neçə ay bundan əvvəl Dövlət Departamentinə göstəriş vermişdi ki, ölkədəki xarici miqrantların kimliklərini müəyyənləşdirsin və vətəndaşları olduqları ölkələrə göndərsin. Vətəndaşlarını qəbul etməyən ölkələrə isə sanksiya tətbiq edilsin. Açığı, Azərbaycana növbəti zərbə ABŞ-dan gəlsə, buna təəccüblənməyəcəyəm. Ümumiyyətlə, istənilən xarici ölkədə yaşayan insanlara sahib çıxmaq dövlətin bir nömrəli vəzifəsidir. Bu, dövlətin var olma səbəbidir. Müasir siyasi nəzəriyyələrə görə, dövlət vətəndaşların kollektiv saziş bağlayaraq özləriylə bağlı bəzi zəruri tədbirləri həvalə etdikləri mexanizmdir. Belə deyək, hər kəs özünü və ailəsini müxtəlif təhlükələrdən qorumalıdır. Bunu təkbaşına edə bilmədikləri üçün hamılıqla bir araya gəlir və qoruma mexanizmi yaradırlar. Bu mexanizmin adı dövlət olur. Dövlət vətəndaşların mülkiyyətindən tutmuş həyat təhlükəsizliklərinə qədər bütün haqlarını qoruyur. Onun uşaqlarına təhsil verir, sağlamlığının qayğısına qalır. İnsanlar da məhz buna görə dövlətə vergi verirlər. Dövləti öz funksiyasını daha rahat yerinə yetirməsi üçün maliyyələşdirirlər. Dövlət mexanizmi də vətəndaşların haqlarını qorumaqla mükəlləf olur. Vətəndaşlarımızın xaricdə ağır şəraitdə saxlanılması və dövlətin onlara sahib çıxmaması isə onu göstərir ki, bu mexanizm öz borcunu yerinə yetirmir.
-Amma gəlin, razılaşaq ki, xaricdə milyonlarla insanımız var. Xüsusilə indiki iqtisadi vəziyyətdə dövlətin onlara sahib çıxması çox çətindir...
-Fikirlərinizdə qismən haqlısınız. Azərbaycan əhalisinin 30-40%-i xaricə miqrasiya edib. Onların hamısının ölkəyə qayıtmasını təmin etmək indiki halda çox çətindir. Amma gəlin, görək, vəziyyəti bu həddə gətirib çıxaran kimdir? Doğrudanmı, Azərbaycanın iqtisadi potensialı həmin vətəndaşları öz torpağında yaşatmağa imkan vermir? Bilirsiniz ki, bizim cəmi-cümlətanı 10 milyon əhalimiz var. Dünyada onlarla 10 milyonluq şəhərlər var. Hətta 35 şəhərin əhalisi 10 milyondan da çoxdur. Təkcə Tokiada 38 milyon, Nyu-Yorkda, Qahirədə 20 milyon, Moskvada 18 milyon, İstanbulda 15 milyon əhali yaşayır. Belə götürəndə Azərbaycanı ümumi əhali sayına görə, orta böyüklükdə şəhərlərlə müqayisə etmək olar. Ərazimiz isə həmin şəhərlərdən dəfələrlə böyükdür. Təbii sərvətlərimiz, yerləşdiyimiz geo-siyasi məkan da bizə çox möhtəşəm iqtisadiyyat qurmaq imkanı verir. 28 ildir Azərbaycana rəhbərlik edən bu hakimiyyətin maliyyə qıtlığından gileylənməyə də haqqı çatmır. 28 il az müddət deyil. Azərbaycanı dünyanın ən inkişaf etmiş şəhərinə, mən hələ ölkə demirəm, çevirmək nə çətin iş idi? Bu gün Azərbaycanda elə iri məmurlar var ki, iqtisadi gücü dövlətin gücündən böyükdür. Niyə? Çünki Dağıstanda rus polisinin dəyənəyi altında əzilən “Mamed”in haqqını mənimsəyib, özünə səltənət yaradıb. Milyonlarla insanın haqqı bir neçə ailənin əlində cəmləşib. Parazit kimi baxdıqları insanların isə xaricə axınına qəsdən şərait yaradıblar. Ölkədə qalan əhalimizin böyük qismi isə həmin “parazit”lərin hesabına dolanıb. İndi isə dünyanı koronavirus bürüyüb. İqtisadiyyatlar darmadağındır. İşlər dayanıb. Dövlətlər isə öz vətəndaşlarına sahib çıxır. Xarici ölkə vətəndaşlarını heç xəstəxananın qapısına da buraxmırlar. Onlar da məcburən evə qayıtmağa çalışırlar.
Yeri gəlmişkən, Azərbaycan hakimiyyətinin vətəndaşlıq siyasətinin yarıtmazlığı da vəziyyətin bu həddə gəlib çıxmasına yol açıb. Bilirsiniz ki, bir sıra siyasi qurumların, o cümlədən Ədalət Partiyasının dəfələrlə Milli Məclisdə məsələ qaldırmasına baxmayaraq, ikili vətəndaş statusuna icazə verilmədi. Əgər vaxtında o problem həll olunsaydı, Rusiyada, Türkiyədə və başqa ölkələrdə yaşayan insanlarımız ikili vətəndaşlıq haqlarından istifadə edərək xaricdə qalardılar. Həmin dövlətlərin himayəsi altında qalmağa daha çox üstünlük verərdilər. Axı kim səhiyyə sistemi güclü olan Türkiyəni, Rusiyanı kənara atıb, bu sistemə rəhbərlik edənin belə bəlli olmadığı Azərbaycana qayıdardı? Öz vətəndaşlarını xarici ölkələrdə ağır vəziyyətə salan hakimiyyət indi müxtəlif bəhanələrlə onların geri qayıtmasının da qarşısını kəsir. O insanlar nə etməlidir?
-Yəni deyirsiniz ki, bu da vətəndaşa parazit kimi baxmağın nəticəsidir?
-Deyəsən, dediklərim sizə inandırıcı gəlmir. Halbuki Azərbaycan hakimiyyətinin özü də bunu dolayısıyla etiraf edib. Yeni Yasamalda adi bir polis əməkdaşı təhqir etdiyi, döydüyü insana nə demişdi? – “Dovşan”. Bu “dovşan” sözü təkcə o polisin yox, rəsmilərimizin bizə verdiyi qiymətdir. Təsadüfi deyil ki, həmin kadrlar polislərin özü tərəfindən çəkilərək internetdə yayılmışdı. Məhz bu fakt rəsmilərimizin Azərbaycan xalqına baxışlarını əks etdirir. Deyəcəksiniz ki, polis vətəndaşa “dovşan” deyir, mən isə hökumətin bizə parazit kimi baxdığını iddia edirəm. Dovşanla parazit arasında isə ciddi fərq var. Ən azı ölçü etibarilə. Doğrudur, amma nəzərə alın ki, rəsmilərin vətəndaşlara münasibətini onların hakimiyyətdəki mövqeyi müəyyənləşdirir. Vəzifə artıqca, vətəndaş da rəsmilərin gözündə kiçilir. Bu ona bənzəyir ki, dağın ətəyində böyük bir saray tikirsən. Bir gün isə dağın zirvəsinə çıxmağa qərar verirsən. Dağın üçdə birinə dırmaşandan sonra dönüb arxaya baxırsan, tikdiyin saray sənə tövlə kimi görünür. Dağın 3-də ikisini çıxıb yenə baxırsan, saray kibrit qutusuna bənzəyir. Zirvəyə çatıb aşağı baxanda isə dağın ətəyindəki sarayı nöqtə kimi görürsən. Mən bu müqayisədə sarayı misal gətirdim. Təsəvvür edirsinizmi, əgər dovşanı müqayisə etsəydim, zirvədə o, parazit qədər gözə görünməz olacaqdı. Dediyim odur ki, Yeni Yasamalda polis əməkdaşının vətəndaşı dovşan kimi gördüyünü etiraf etməsi hakimiyyətin yuxarı eşalonunda bizə parazit kimi baxılmasının ən gözəl örnəyidir.
-Maraqlıdır, bəs, bizə niyə elə baxırlar?
-Bizə o cür baxmalarının məntiqi əsasları var. Bilirsinizmi, bir insanın vətəndaşlıq statusu alması onun dövlət mexanizminə ödədiyi vergiylə əlaqədardır. Antik çağlardan indiyədək belə olub, bundan sonra da belə olacaq. Vaxtilə qədim Romada insanlar silklərə ayrılırdı. Vətəndaşlar və qeyri-vətəndaşlar. Vətəndaş o insana deyilirdi ki, dövlətə vergi ödəyirdi. Qullar isə vergi ödəmədikləri üçün vətəndaşlara qulluq edən parazit kimi idilər. Bəzən onların sayı çoxalanda bir-biriylə döyüşdürüb, ölümlərini seyr edirdilər. Öldürəndə belə, bundan zövq alır, pul qazanırdılar.
Bugünkü Azərbaycana gələndə, təəssüf ki, hakimiyyətin yanlış siyasəti nəticəsində dövlət büdcəmiz bir mənbədən qidalanır – neftdən. Hakimiyyətin yuxarı eşalonu neftdən gələn gəlirlərin böyük qismini özününküləşdirir, digər qismini isə vətəndaşlarımızla bölüşür. Daha doğrusu, ona “sus” payı verir. “Sus” payı alanlar artıqca, ağalarımızın cib xərcləri azalır. Siz özünüzü onların yerinə qoyun; “sus” payı alaraq sakitləşdirdiyiniz kütləyə necə baxarsınız? Əlbəttə, parazit kimi. Zira parazitlər də insanın qəbul etdiyi qidanı yeməklə məşğuldur. Heç kim istəməz ki, orqanizmində daha çox parazit olsun.
- Aydındır. Sizdən bir məsələyə də münasibət bildirməyinizi istərdim. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib ki, biz o vətəndaşlara demişik ki, “Evə qayıdıram” xidmətinə müraciət edin, ondan sonra Azərbaycana qayıtmaq haqqında düşünün. Onlar isə bizim sözümüzə məhəl qoymayıb, sərhədlərə toplaşıblar. Bir sözlə, günah öləndədir...
-Sizə səmimi bir söz deyim. Leyla Abdullayevanın bir neçə canlı çıxışına baxmışam. Kifayət qədər özünü yetişdirmiş kadrdır. Bəzən bir sual ətrafında uzun-uzadı danışır, amma siyasi səhvə yol vermir. İstifadə etdiyi cümlələr də tamamilə qramatikamıza uyğun olur. Mən hətta müsahibələrimin birində demişdim ki, Prezidentin yerinə olsam, nazirlə Leyla xanımın yerini dəyişərdim. Doğrudan da, Leyla xanım Elmar müəllimdən daha yaxşı kadrdır. Görünür, Elmar müəllim də bunu hiss edir. Ona görə də daxili xof naziri vadar edir ki, Leyla xanıma bu cür məntiqsiz sözlər dedirtsin, opponentini nüfuzdan salsın. Çünki vətəndaşın evə getməsi üçün XİN-dən icazə alması hansı qanunla əsaslandırıla bilər? Vətəndaş uşaq bağçası müdavimidir ki, tualetə gedəndə belə, tərbiyəçisindən icazə alsın? İndiki şəraitdə Rusiyanın küçələrində çarəsiz qalan vətəndaşların evə qayıtması ən təməl vətəndaşlıq hüququdur. Əgər söhbət öz evindən gedirsə, heç kimə bunu qadağan edə bilməzsən. Ev toxunulmazdır. Beynəlxalq hüquq normalarından tutmuş Azərbaycan Konstitusiyasına qədər bütün qanunvericilik aktlarında bu fakt öz təsdiqini tapıb. İndisə XİN yetkilisi çıxıb hansısa uydurma xidmətdən danışır. Halbuki “Evə gedirəm” portalı Moskvadan Bakıya uçmaq istəyən vətəndaşlarımız üçün nəzərdə tutulub və hardasa bu xidmətin məntiqini başa düşmək olar. Çünki reyslər azaldıldığından vətəndaşların bilet almaq probleminin həlli üçün belə bir xidmətə həqiqətən də ehtiyac var. Amma söhbət başqa şəhərlərdə yaşayanlardan və sərhəddə toplaşan vətəndaşlardan gedirsə, “Evə gedirəm” portalına müraciət etmək hansı zərurətdən doğur, anlamaq mümkün deyil. Azərbaycan hökuməti həmin vətəndaşları sərhəddən götürüb, müxtəlif yerlərdə açılmış karantin ocaqlarına göndərə bilər. Yermi yoxdur? Bəs tikilən modul xəstəxanaları, üzü günə yatan idman komplekslərini, millətin oğurlanmış sərvətləri hesabına tikilmiş şadlıq saraylarını, otelləri, olimpiya şəhərciyini hansı günümüzə saxlayırıq? Koronavirus pandemiyasının illərlə davam etmək ehtimalı var və həmin müəssisələr bəlkə bir daha lazımımız olmadı. Biz niyə ən ağır zamanımızda belə, bu imkanlardan istifadə etmirik? Üstəlik, bayaq da qeyd etdiyim kimi, həmin vətəndaşları öz evlərində də karantin altına almaq mümkündür. Ona görə də “Evə qayıdıram” portalı uşaq başı aldatmaqdan başqa bir şey deyil.
Ümumiyyətlə, mən hesab edirəm ki, XİN öz funksiyasını yerinə yetirə bilmir. Dağıstanda baş verən insident də bunun ən bariz nümunəsidir. Moskvadakı səfirmiz Polad Bülbüloğlunun da bu insidentin ortaya çıxmasında günahı az deyil. O, ilk gündən vətəndaşlarımızın yanında olmalı və insident böyümədən problemlərin qarşısını almağa çalışmalı idi. Polad Bülbüloğlu isə hələ də özünü müğənni kimi aparır. Türklərin yaxşı bir atalar sözü var: “Tac geyinən baş ağıllanar”. 75 ilini haqlamış bu adam uzun illərdir ki, Rusiyada səfirdir, amma indiyədək əsl diplomat kimi yetişə bilməyib. Adamın son illər aldığı medallar da keçmişdəki müğənnilik qabiliyyətinə görə verilib. Bu yaşdan sonra onun başına qoyduğu səfirlik tacının bir işə yaramasına da güman azdır. Hesab edirəm ki, Dağıstanda baş verən insidentə görə, başda Polad Bülbüloğlu olmaqla, Xarici İşlər Nazirliyinin bütün rəhbər şəxsləri istefaya getməlidirlər. Azərbaycan artıq yeyib yatmaq mərhələsini arxada qoyub. Bundan sonra bütün sahələrdə alın təri tökmək zamanı gəlib. İndiyədək atalarının çörəyini yeyən “gül balalar” istefaya getməli, postlarını peşəkar insanlara verməldirlər. 75 yaşına qədər “gül bala” kimi qalmaq olmaz və bu ilk növbədə çörəyini yediyin atana hörmətsizlikdir, millətin gözündən salmaqdır.
Şamo EMİN