Rusiya rəhbərliyinin Ukraynaya qarşı uğursuzluqla nəticələnən hərbi müdaxiləsinin ideoloj "əsasları" dövlət televiziyalarında hazırlanmışdı. Kreml politexnoloqlarının hazırladıqları tezislər müxtəlif tele-proqramlar, tok-şoular vasitəsilə ictimai rəyə yeridilirdi. Təbliğat ruporlarının parlaq simaları indi xeyli məyusdurlar, efirlərdə əvvəlki əsib-coşmaları mümkün deyil. Yüksək artistizm qabiliyyətləri olsa da, Ukraynada tökülən qanların kəsif qoxusu onları da boğur. Bu qanda, qırğında onların əli var, onlar da bəşəri cinayətin iştirakçıları sırasındadırlar...
Məlum olduğu kimi, onlardan biri, Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya" partiyasının üzvü Mixail Delyagin "Rosiyya-24" dövlət kanalında Bakını bombalamağı təklif edib. Daha sonra "Telegram" kanalında sorğu keçirib ictimai rəyi öyrənməyə çalışıb ki, barbar fikrinə cəmiyyətdən reaksiya necədir. Əvvəldə qeyd etdiyimiz kimi, Kreml tezisləri ilə zəhərlənmiş kütlənin 50 faizə qədəri Azərbaycanın neft-qaz infrastrukturunu nüvə bombaları ilə vurmaq təklfini dəstəkləyib.
Mixail Delyaginin personasına gəlincə, bu gün Azərbaycan Baş Prokurorluğunun cinayət işi açıb, beynəlxalq axtarışa verdiyi bu adam adi deputat deyil, Azərbaycana qarşı daim aqressiv münasibəti ilə seçilən Rusiya Hərbi Kəşfiyyatına (QRU) bağlı şəxsdir. Məlumatlı qaynaqlar onun QRU-nun əsas rəhbərlərindən biri olan Vladislav Surkova yaxınlıqla fərqləndiyini önə çəkirlər. Deməli, Delyagini səhnəyə itələməklə hazırda iki dünya arasında qalmış avantürist Jirinovskinin yoxluğundan yaranmış boşluğu doldurmağa çalışırlar. O, Rusiyanın əsl niyyətlərini ifadə etməlidir, sələfi Jirinovski kimi Kremlin planlarını ikrah doğuran nitqi ilə bəzəyib-düzəyib çatdırmalıdır.
Kreml Azərbaycanı niyə hədələyir, buna hansı əsaslar var? Axı 1 ay əvvəl Moskvada təmtəraqlı müttəfiqlik və qarşılıqlı yardım haqqında bəyannamə imzalanıb. Sənəddə dostluğa, əməkdaşlığın ən müxtəlif sahələrinə aid yazılması mümkün olan bütün yaxşı ifadələr yer alıb. İndi Kreml ideoloqları bu sənədi kənara qoyub Azərbaycanla təhdid dilində danışmaqla nə əldə etməyə çalışırlar. İndiki şərtlərdə bu cür hədələr nə qədər onların işinə yarayacaq?
Azərbaycan zəif, başı qapazlı, Putinin təbirincə desək, "kvazi dövlət" deyil. Yaxın tarixdə Rusiyanın 30 ildir hər cür dəstəklədiyi müttəfiqi Ermənistanı qısa müddətdə darmadağın etmiş, dünya silah bazarında at oynadan Rusiya Hərbi Sənaye Kompleksinin nüfuzunu yerlə bir eləmiş ölkədir. Bu gün elə Ukrayna dövləti və xalqı da Azərbaycanın bu uğurundan ruhlandı və əzmkarlığı ilə dünyanı heyran qoymaqda davam edir.
Kremldə 22 fevral bəyannaməsinə barmaqarası baxırlar, elə Bakıda da bu sənədi tez-tez yada salmağa həvəsli deyillər. Amma Azərbaycanın qardaş Türkiyə ilə 2021-ci ilin iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsi var. İki dost, qardaş ölkə arasında hərbi, siyasi, iqtisadi əlaqələri maksimum dərinləşdirən bu mötəbər sənəd parlamentlər tərəfindən təsdiqlənib və Prezidentlər tərəfindən imzalanıb. Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizliyinin NATO-nun ikinci ən böyük orduya sahib ölkəsi - Türkiyənin milli mənafeləri arasında bərabərlik işarəsi qoyub. Ukrayna böhranı güclü orduların, güclü cəmiyyətlərin ölkələrin milli təhlükəsizliyi üçün ən vacib məsələ olduğunu nümayiş etdirir. Bu gün Türkiyə ordusu təcrübəsinə, döyüş qabiliyyətinə görə dünyanın ilk beşliyində yer alır.
Azərbaycan Silahlı Qüvvələri də öz müttəfqinin yardımı ilə sürətlə modernləşir. Qalib ordunun yeni nəsil silahlarla silahlanması, NATO sistemi ilə idarə olunması onun gücünü ikiqat artırır.
Bu gün dünya tərəfindən təcrid olunan Rusiya Türkiyəyə möhtacdır. Çünki yeganə açıq qapı bu ölkədir, sanksiyalara qoşulmayıb, neft-qaz alışını dayandırmayıb, Ukraynanı, Qərbi masaya oturdur və iflas olan Rusiya hakimiyyətinə bu şansdan istifadə etməyi təklif edir. Putin də insafən, öz nümayəndələrini o masalara hamıdan qabaq göndərir, çünki bir yol tapıb bu avantüradan imtina etməsə, geridönməz çöküş başlayacaq.
Kreml rəhbəri bu çabalar içində olarkən, onun əsabələri hansı planlar qururlar? Azərbaycana bomba atmaqmı? Bu, o qədər də asan deyil, Ukrayna müharibəsi göstərdi ki, hətta mümkün deyil. Azərbaycan xalqı Rusiyaya münasibətdə ukraynalılardan heç də geri qalmır, bunun çoxsaylı tarixi, siyasi səbəbləri var. Bir də tarix sübut edib ki, xalqların mübarizəsi heç zaman məğlub olmur.
Türkiyəyə möhtackən, onun təbii müttəfiqini cəzalandırmaq kimi sərsəm iddialara düşmək özünə ölüm hökmü oxumaq olar. Rusiya hakimiyyət isteblişmentində soyuq ağılı olan qalıbsa, bu barədə yaxşıca düşünsünlər...
"AzPolitika.info"