Büdcə vəsaiti “QHT Nəşriyyatı” adı ilə göyə necə sovruldu?
Yenixeber.org: Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.
Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan etdi ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik, bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.
Məsələ ilə bağlı bir qədər araşdırma apardıq. İlkin əldə etdiyimiz məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsaitin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki “QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilmişdi. Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək “QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon manata bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silinib.
Əməkdaşlarımızın uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Orada qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.
Azay Quliyevin pafoslu şəkildə “QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.
Sual edirik: Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?
Ümid edirik ki, bu sualların cavablarını aidiyyəti qurumlar araşdırmaqla verəcəklər.