Və yaxud HESABLAMA PALATASI "GÖYƏ SOVRULAN PULLARI NİYƏ GÖRMÜR?"
Dünya İqtisadi Forumunun 2019-cu ildə apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 2018-ci ildə 34-cü pillədə, 2019-cu ildə 27-ci yerdə qərarlaşıb. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin balansında olan avtomobil yollarının yalnız 35,8 %-i (I, II və III dərəcəli yol örtüyünə malik) keyfiyyətli yol örtüyünə malikdir.
Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, avtomobil yollarının uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər barədə Agentlik tərəfindən təqdim olunmuş hesabatla Dövlət Statistika Komitəsinin məlumatları arasında uyğunsuzluqlar mövcuddur.
Bu uyğunsuzluqlar ölkə üzrə avtomobil yolları barədə (uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər) məlumatların və hesabatların real vəziyyəti tam əks etdirməməsi ilə nəticələnir ki, bu da hesabatlılığın təkmilləşdirilməsini və gücləndirilməsini tələb edir.
II, III, V dərəcəli və IV dərəcəli qara örtük və asfalt-beton örtüklü yolların hər km-nə çəkilən saxlama xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvəqqəti xərc normativləri ilə uyğunluq təşkil etmir ki, bu da illik istismar xərci üzrə normativlərə yenidən baxılmasını zəruri edir.
2019-cu ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin 70 mln 364 min 029,4 manatı və ya 23 %-i əvvəllər alınmış kreditlərin qaytarılmasına yönəldilib ki, bu da Fondda avtomobil yollarının saxlanılması və istismarı üçün vəsait çatışmazlığına, vəsaitlərin xərc istiqaməti üzrə təyinat dəyişikliklərinə gətirib çıxarıb.
Agentliyin tabeliyində olan bəzi MMC-lər tərəfindən əmək haqqı ilə bağlı məlumatlar Agentliyin müvafiq məlumatlarından fərqlənir, bir sıra MMC-lər üzrə Agentliyin müvafiq məlumatlarından çox olan məbləğlərin mənbəyi göstərilməyib, bəzi MMC-lərdə əməyin ödənişi ilə bağlı məlumatlar Agentliyin məlumatlarından az olub ki, bu da tabeçilikdə olan bəzi MMC-lərin hesabatvermə səviyyəsinin aşağı olması ilə yanaşı, Agentliyin ümumiləşdirilmiş hesabat və məlumatlarının reallığına və tamlığına mənfi təsir göstərir.
İl ərzində əmək haqqı xərclərinə Fonddan ayrılan vəsaitin 70 %-indən çoxunu xərcləyən təşkilatlar cari təmirə lazımi vəsait yönəldə bilməyib, bəzi təşkilatlar isə cari təmir və mal-material alışına ümumi vəsaitin 10 %-dən az vəsait yönəldilib və yanacaq xərcləri cari təmir xərclərindən çox olan təşkilatlarda adekvatlıq pozulub, vəsaitin xərclənməsində risklər yaranıb, eyni zamanda əmək haqqı xərclərinin təşkilatın ümumi xərclərində xüsusi çəkisinin çox olması həmin təşkilatlarda artıq saxlanılan, bir-birini təkrarlayan və lüzumsuz ştat vahidlərinin olması ehtimalını yaradıb.
Bəli, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” "xala xətrin qalmasın" kimi bir hesabatından da qismən görünür ki, AAYDA -nın balansında olan istər 36 % keyfiyyətli, stərsə də 64 % keyfiyyətsiz yolların təmir və saxlanması zamanı yol verilən nöqsanlar dəqiq rəqəmlərə istinad edilərək göstərilməsə də, çox yumşaq və ümumi formada Dövlət Agentliyinin nəzərinə çatdırılmışdır. Vəssalam. Lakin Azərbaycan Respublikası Hesablama Palatası xidməti vəzifəsinə uyğun olaraq 2020-ci il üçün verdiyi ənənəvi hesabatdan fərqli olaraq yazdığı ümumi sözlərdən dəqiq rəqəmlərə istinad edərək ciddi maliyyə pozuntularını, irimiqyaslı korrupsiya faktlarını ortalığa qoysaydı mənzərə həm dövlət qurumlarına, həm də ictimaiyyətə tam bəlli olardı. Ona görə kiçik araşdırmalar apararaq təkcə avtomobil yollarına ayrılan illik 300 milyon manatın xərclənməsinə faktiki olaraq nəzər yetirməyə çalışaq.
Əvvəlcə yolların saxlanması barədə hələ öz dövründə ( 2003-2014) «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov avtomobil yollarının sxlanması barədə mətbuata aşağıdakı açıqlamasını vermişdir:
"Son 10 il ərzində avtomobil yollarının saxlanılması üçün ayrılmış vəsaitin həcmi bir neçə dəfə artmışdır. Əgər bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsait 2003-cü ildə 10 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu məbləğ 147,2 milyon manat olmuş, 2013-cü ildə isə 222 milyon manat nəzərdə tutulmuşdur. Yolların körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2003-cü ildə 2,4 milyon manat olmuşdusa, 2008-ci ildə bu rəqəm 1,2 milyard manat təşkil etmiş, 2013-cu ildə bu rəqəm ilkin olaraq 975 milyon manat məbləğində təsdiq olunmuşdur”.
Cənab C.Qurbanovun hesabat yönümlü açıqlamasından da görünür ki, hələ 2013-cü ildə yolların saxlanması üçün büdcədən 222 milyon manat pul ayrılmışdır. Son illər isə bu məbləğ yeni çəkilmiş yolların uzunluğuna görə artırılaraq ildə 300 milyon manata çatdırılmışdır. O zaman təbii sual ortalığa çıxır: Görəsən bu pullar təyinatı üzrə necə xərclənir?
GÖRDÜYÜMÜZƏ İNANAQ, YOXSA KAĞIZ ÜZƏRİNDƏ VERİLƏN HESABATLARA?
Ölkə ictimaiyyətinə də yaxşı məlumdur ki, Azərbaycanın istənilən nöqtəsində yeni çəkilən yollarımızın ömrü 3-4 ildən artıq olmur. Bu da onun çox keyfiyyətsiz, yəni tikinti norma və standartlarına uyğun olmadan inşa edilməsinin nəticəsində baş verməsilə nəticələnir. Və yolların əvvəlki vəziyyətinə qaytarılması üçün dərhal yolun çəkilməsini icra edən MMC-lərə müraciət edilmir. Hansı ki, icraçı təşkilat çəkdiyi yola görə onun dvamlılığına zəmanət verməli və ən azı 18-20 il yolda hər hansı deformasiya olmamalıdır. Amma kimə deyirsən? Bunu tələb edəsi AAYDA -nin isə nədənsə sifarişçi təşkilat olaraq icraçı təşkilatın nəzərəinə çatdırmağa cürəti çatmır. Səbəbini hər halda tərəflərin özləri yaxşı bilirlər. Budur, bu yaxınlarda Bakı-Şamaxı yolunun 67-69-cu km-də müşahidə etdiyimiz mənzərəyə həsəd aparmamaq mümkün deyil. Belə ki, yolun bu hissəsində tez tez köçmələr və qabarmalar olduğuna görə yenidən asfalt yamaqlar vurmağa başlayırlar. Nəticədə elə hissələr var ki, burada asfaltın qalınlığı 90 sm çatır. Amma dünya standartlarına görə bu qalınlıq 3 pilləli olub 29 sm olmalıdır. Qalan yerlərə isə yolun aşınmış hissələrini kvadrat formasında yenidən frez edərək yeni asfalt tökmüşlər. Onu da xatırladaq ki, dünyanın heç bir ölkəsində belə yamaqvurma metodundan istifadə edərək yolların saxlanmasına diqqət ayırmırlar. Azərbaycanın bütün kənd və qəsəbədaxili yolları isə 2 qat əvəzinə 1 qat asfaltvurma ilə kifayətlənirlər. Paytaxt Bakıdakı yollardan isə danışmağa dəyməz. Mərkəzi küçə və prospektlərdən başqa bütün ərazilərdəki məhəllədaxili və üçə yolları çox bərbad vəziyyətdədir. Əvvəllər Bakı şəhər icra Hakimiyyətinə yolların saxlanması üçün vəsait ayrılan dövrdə nisbətən bu işlər real olaraq görülürdü. Paytaxt yollarının saxlanması məsələsi AAYDA-nın balansına daxil olduqdan sonra isə yalnız ara sıra hansısa küçələrdə təmir işlərinin getməsinə rast gəlmək olar. 2015-ci ildən istifadəyə verilmiş Ziya Bünyadov prospektindən isə danışmağa dəyməz. Bir sözlə, dövlət büdcəsindən hər il bu təyinat üzrə ayrılan 300 ilyon manat vəsaitin praktik olaraq necə xərclənməsini yoxlamaq üçün hörmətli Hesablama Palatasının müfəttişlərini Nizami, Xətai və yaxud Ziya Bünyadov prospektinə baxış keçirmələri üçün otaqlardan çıxıb bu istiqamətdə xidməti avtomobillə səfər etmələri kifayət edər. Əgər istək olsa. Yoxsa ki, yazdıqları formal hesabatlarında təkcə 300 milyon manatla bağlı epizod üzrə " XIRDA NÖQSANLAR AŞKAR OLDU" kimi heç bir məna kəsb etməyən quru söz yığını ilə dövlətin və ictimaiyyətin başını aldatmasalar yaxşıdır. Bəli, AAYDA "Yolların Mühafizə Xidməti" MMC -nin rəhbərliyi səviyyəsində törədilən maliyyə maxenasiyaları Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ifşa edilsələr də, Hesabama Palatası onların törətdikləri irimiqyaslı maliyyə pozuntularını görməməsi ağlabat görünmür. Necə ki, vaxtilə Rabitə və İnformasiya Nazirliyində də Hesblama Palatasının 2015-ci ilin əvvəlində "BƏHM" strukturunda apardığı yoxlamaların nəticəsində hər şeyin qaydasında olması barədə yazdıqları HEABATdan 3 ay sonra həmin DTX-nın elə də yüksək peşəkarlığa malik olmayan maliyyə idarəsinin apardığı yoxlamaların nəticəsində dövlətə vurulmuş ziyanın 1.5 milyon manat olduğu aşkar edildi. Yəni, bu adi fakt bir daha onu subut edirki, Hesablama Palatasının peşəkar yoxlama komissiyası külli miqdarda rüşvətini alaraq dövlət büdcəsinə vurulan milyonlarla pulu ört-basdır etmişlər.
Hesab edirik ki, hazırda Dövlər Gömrük Komitəsində davam edən həbslərlə müşayət olunan yoxlamalar plan üzrə Dövlət Sərhəd Xidmətindən sonra AAYDA-nın da aidyyatı strukturlarında baş verəcəkdir.
İfadetv.com -un araşdırma qrupu