Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib. Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.
Məlumata görə, Ukrayna qoşununun əməliyyatı gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfin kütləvi atəşə tutulması ilə başlayıb.
"Hücumun əsas istiqaməti Pravdino üzərində idi. Biz onların "DXR" və "LXR"-dən olan piyadalarını vurduq, qaçdılar. Rusiya qoşunlarının hərbçiləri onların arxasınca qaçdılar", - mənbə agentliyə deyib.
Qeyd edilir ki, Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib.
Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur.
***
"Hazırda Ukrayna ordusu Xersonda və Yeni Kaxovka şəhərindəki Rusiya mövqelərinə güclü zərbələr endirir. Bəzi məlumatlara görə bir kənd işğaldan azad olunub".
Bunu Ukraynadakı hazırkı vəziyyətlə bağlı "AzPolitika.info"-ya şərhində keçmiş hərbi pilot, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.
Qeyd edək ki, bir neçə saatdır, Ukrayna mediasında və sosial şəbəkələrdə Xersonda Rusiya qoşunlarının cəbhə xəttinin yarıldığı haqqında xəbərlər yayılıb.
Aqil Rüstəmzadə hələlik genişmiqyaslı hücum olacağına inanmır. "Hazırda Ukrayna ordusu o gücdə deyil ki, əks-hücuma keçə bilsin. Ola bilsin, bu, kəşfiyyat döyüşləridir. Nə baş verdiyini axşam dəqiq biləcəyik", - ekspert vurğulayıb.
Yerli ekspertlər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinin Xersonda yerləşən hissələrinin sürətli rotasiyası həyata keçirilir. Uzun müddət döyüşlərdə yorulmuş hərbçiləri xaricdən təlimdən qayıtmış yeni qruplaşmalar əvəzləyir, ölkəyə çatdırlmış yeni silahlar da artıq istifadə olunmağa başlayıb. Bu, Ukrayna ordusunun keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir və düşməndən üstün durumda olmasının göstəricisidir.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bəyan edib ki, Suxoy Stavok yaşayış məntəqəsi işğaldan azad edilib. Cənub Komandanlığının mətbuat katibi Qumenyuk isə Ukrayna ordusunun bir neçə istiqamətdə hücuma keçdiyini təsdiqləyib.
Xatırladaq ki, Qərb kəşfiyyatı, eləcə də Ukrayna siyasi və hərbi hərbərliyi yaxın zamanlarda Xerson istiqamətində geniş əks-hücum əməliyyatlarına start veriləcəyi barədə açıqlamalar verib. Bu arada ABŞ, Böyük Britaniya, Almaniya və başqa Avropa ölkələri Ukraynanın fasiləsiz silah təminatı üçün hərəkətə keçiblər. ABŞ 24 avqust - Ukraynanın Müstəqillik Günü münasibəti ilə 3 milyard dollarlıq hərbi yardım, əlavə olaraq Ukrayna hökuməti üçün 3 milyard dollarlıq qrant verib. Almaniyanın və Britaniyanın göndərdiyi yardımlara isə uzaq mənzilli raketlər, HHM sistemləri, habelə yaxın məsafədən döyüş aparmaq üçün silahlar daxildir. Qərb mediasının yaydığı məlumata görə, silahların daşınması intensivliyi bir neçə dəfə artırılıb, artıq təyyarələrlə yanaşı gəmilər vasitəsi ilə də Ukraynaya hərbi texnika və başqa ləvazimatlar daşınır.
Rasim
"AzPolitika.info"