“Azərbaycanlılar hərbi kampaniyanın əvvəlcədən müəyyən edilmiş məqsədlərini düzgün yerinə yetirirlər. Hansı ki, bu məqsədlər 2020-ci ildə yarımçıq qalmışdı və bu, onların günahı deyildi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri, məşhur hərbi ekspert Aleksey Arestoviç “Feyqin LİVE” kanalına ötən gün Azərbaycanla Ermənistan sərhədində baş verən hərbi qarşıdurmanı şərh edərkən deyib.
Arestoviç bildirib ki, Azərbaycan 2020-ci ildə yarımçıq qalmış işini sona çatdırmaq istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir: “Azərbaycanlılar 2020-ci ildə Laçın dəhlizini faktiki olaraq qapadanda, “dqr”-i bitirə bilərdilər, ancaq nədənsə bitirmədilər. O zaman Rusiya “Mİ-24”-nün vurulması baş verdi, sonra müqavilə bağlandı və sair. Nəticədə, hərbi kampaniyanın hədəflərinə sona qədər nail olunmadı. Həmin vaxt azərbaycanlılar məyus olurdular. Amma mən onlara dedim ki, narahat olmayın, siz yaxın zamanda buna nail olacaqsınız. Bunun ardınca, ardıcıl addımlarla, Azərbaycan tərəfinin dediyi kimi, hər dəfə erməni tərəfinin törətdiyi təxribatdan sonra Azərbaycan daha yeni-yeni vacib yüksəklikləri ələ keçirdi. Azərbaycan tərəfinin məqsədləri məlumdur – onlara Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz əldə etmək lazımdır...”
Arestoviç qeyd edib ki, ermənilər qeyri-konstruktiv mövqe tutduqları üçün çox itkilər verəcəklər və onlar üçün ən yaxşı yol Azərbaycanla və Türkiyə ilə razılaşmaya getməkdir: “Azərbaycan dünən yenə istədiyi mövqeləri ələ keçirəndən sonra kövrək atəşkəs elan olunub. Məncə, azərbaycanlılar istədiklərinə nail olacaqlar... Erməni xalqına mümkün qədər Rusiyadan azad olmağı diləyirəm. Bu halda tərəflər öz aralarında razılaşa biləcəklər. Orada əsas destabilizasiya faktoru Rusiyadır. Məlum məsələdir ki, KTMT həyat qabiliyyəti olmayan təşkilatdır. O da məlum məsələdir ki, Putini oraya heç bir ordu göndərməyəcək. Bir tərəfdən ona görə ki, belə bir ordu yoxdur, digər yandan isə o, bu məsələyə qarışmaq və Azərbaycanla Türkiyədən zərbə almaq istəmir. Ona bu, lazım deyil. Mən ermənilərin yerinə olsaydım, nə qədər ağır olsa da, azərbaycanlılarla və türklərlə razılaşardım. Çünki bunu Rusiya ilə etmək mənasızdır...”
Xatırladaq ki, Aleksey Arestoviç 44 günlük müharibə dövründə də tez-tez şərhlər verir, Azərbaycanın haqlı tərəf olduğunu bəyan edir və onun mövqeyini müdafiə edirdi. Buna görə də mütəmadi olaraq, ermənilərin tənqid və təhqirlərinə məruz qalırdı.
“AzPolitika.info”