“Rusiyanın silah anbarlarından 15 milyon AKM hara yoxa çıxıb?”
Ukraynadakı müharibə uzandıqca Rusiya ordusu müxtəlif hərbi hədəfləri və o cümlədən də yaşayış məntəqələrini atəşə tutmaq üçün daha çox raket sərf etmək məcburiyyətində qalır. Ekspertlərin hesablamalarına görə, bəzi raket tipləri artıq tükənmək üzrədir. Rusiya digər növ hərbi texnikalar sarıdan da problemlər yaşayır. Vəziyyət elə kritik həddə gəlib çatıb ki, döyüş meydanına köhnə “T-62” tankları dartıb gətirilir. Bütün bunlarla yanaşı, Rusiya ordusunda yüngül atıcı silah və hərbi geyim komplektlərinin də ciddi qıtlığına rast gəlinir.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” portalı “Putin bunkerdən çıxmağa hazırlaşır” başlıqlı məqaləsində sözügedən məsələlərə toxunulur.
Həmin məqaləni təqdim edirik: “Bütün analitiklər yekdil fikirdədirlər ki, Putinin raket ehtiyatı sona çatır və o, bundan sonra kütləvi atəş həyata keçirmək imkanına malik olmayacaq. Bunu Ukrayna şəhərlərinə atılan raket sayından da görmək olar. Müharibənin ilk aylarıyla müqayisədə atəş intensivliyi aşağı düşüb.
Digər tərəfdən, hərbi ekspertlər deyirlər ki, sanksiyalar üzündən Rusiya müasir raketlər istehsal edə bilməyəcək və 1960-70-ci illərə aid raket tiplərinin istehsalına keçməyə məcbur qalacaq. Belə raketləri müasir Hava Hücumundan Müdafiə sistemləri daha tez yaxalayır.
”Ramştayn-6” toplantısında Putinin şəhərləri bombalamasına cavab olaraq Ukraynaya müasir HHM sistemləri yollanılması qərara alınıb. Bu o deməkdir ki, Putinin başlıca “kozırı” olan Ukrayna şəhərlərinin raket terroruna məruz qoyulmasının ciddi əhəmiyyəti qalmayacaq və hər şey döyüş meydanında həll edilcək. Bunun üçün Ukraynanın müttəfiqləri onu kütləvi şəkildə yayılım atəş həyata keçirə bilən raket sistemləri ilə təchiz edəcəklər.
Bir maraqlı məqama diqqət edək: müharibədən öncə “Kalaşnikov” konserni öz təşəbbüsü ilə yeni “Ak-12” avtomatı və onun sonrakı modifikasiyalarını işləyib hazırladı. ”Kalaşnikov” konserni bu avtomat tüfəng üçün dövlət sifarişi almağa cəhd göstərsə də, Müdafiə Nazirliyinin müsabiqəsindən keçə bilmədi. Yoxlamalar zamanı məlum oldu ki, bu avtomat çox tez sıradan çıxır. Həmin modelin kütləvi istehsalına başlamasalar da, onu bəzi yerlərdə istifadə edənlər söyüşlü ifadələrlə öz narazılıqlarını bildiriblər.
Bu arada Şoyqunun arxa cəbhə generalları öz rəislərinə məruzə edirdilər ki, anbarlarda 15 milyon AKM (Kalaşnikov) avtomatı var və yenisinə heç gərək yoxdur.
Hazırda müharibənin qızğın vaxtında müşahidəçiləri təəccübləndirən odur ki, yeni səfərbər edilənlər cəbhəyə “Ak-12” avtomatı ilə göndərilir. Yəni, Rusiya Müdafiə Nazirliyinin istifadəyə yararsız hesab etdiyi silahlar haradansa peyda olub.
Bəs hanı 15 milyon ədəd köhnə, amma keyfiyyətli AKM-lər? Bütün baş verənləri necə başa düşmək olar?
Hakim “Vahid Rusiya” partiyasından olan deputat, general-leytenant Andrey Qurulev televiziya efirindən soruşur ki, milyon yarım qış geyim komplekti haraya yoxa çıxıb? Axı bu yaxınlara kimi bu geyimlər Rusiya Federasiyası Müdafiə Nazirliyinin anbarlarında idi. Dünənə kimi silah anbarlarında 15 milyon AKM vardı, amma artıq bu gün yoxdu. Bəs onlar hara yoxa çıxıb?...
Biz videoçarxlarda səfərbər edilənlərin əllərində pas atmış avtomatları görürük. Burada söhbət elə miqyasdan gedir ki, təsəvvür etmək, həqiqətən də, çətindir. Necə olur ki, anbarlardan milyonlarla avtomat tüfəngi və geyim komplektləri yoxa çıxır.
Əlbəttə, indi təchizat məsələlərinə baxan rusiyalı generallar və Müdafiə naziri Şoyqu haray salıb qışqırırlar ki, belə şey ola bilməz, bu böhtandır və hər şey qaydasındadır. Əgər hər şey qaydasındadırsa, onda nəyə görə səfərbər edilənlərə yararsız hesab olunan silahlar verilir?
Belə çıxır ki, əgər siz öz əsgərlərinizə bu cür ağac parçası verirsinizsə, deməli, onları kütləvi şəkildə “yem” edirsiniz. Deyilənlərə dünyanın “ikinci ordusunun” cəbhəyə göndərmək üçün 800 ədəd “T-62” tankını modernləşdirməsini də əlavə etsək, onda maraqlı sual meydana çıxır: əgər səfərbər olunanları lazımı səviyyədə silahlandırmaq mümkün deyilsə, onda, görəsən, Putin onları niyə cəbhəyə yollayır?
Demək lazımdır ki, “T-62” tankları hələ 50-ci illərdə konstruksiya edilib və altmışıncı illərdə onun istehsalına başlanılıb. O artıq əlli ildir ki, öz istismar müddətini başa vurub.
Ümumiyyətlə, bütün bunlar hansı anlama gəlir?
Bu o deməkdir ki, cəbhədəki bərabər qüvvələr nisbəti uzun müddət davam edə bilməz. Səfərbər edilənlər cəbhədə döyüşən hərbi birləşmələri doldururlar. Təcrübəli döyüşçülərin “çıxdaş” olmasıyla yanaşı, az-çox qalmış müasir texnikanın da sıradan çıxmasını nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, yenidən formalaşdırılan Putin ordusunun döyüş qabiliyyəti xeyli azalacaq. Həm də Ukrayna Silahlı Qüvvələrinin Rusiya silahlarını üstələyən yeni Qərb silahlarıyla təchizatı davam edəcək.
Putinin səfərbərlik vasitəsi ilə əldə edəcəyi şey yalnız vaxtın uzadılmasıdır. Yəqin ki, vaxtın uzanmasının nə dərəcədə işə yarayacağını yalnız onun özü bilir. Çünki Putin yaxşı şərtlərlə sülh danışıqlarına nail olmağa çalışır. Deyirlər ki, o, artıq bunkerdən çxmağa, hətta “G-20” ölkələrinin İndoneziyada keçiriləcək sammitinə getməyə hazırlaşır. Deməli, bunkerdən çıxan Putin təkcə Astanaya getmir, həmçinin uzaq Baliyə də yollanmağı düşünür...
Bəli, təəssüf ki, müharibə uzanır. Ancaq artıq yekun nəticə də məlumdur: sonda Ukrayna qalib gələcək”.
Vaqif Nəsibov
“AzPolitika.info”