Naxçıvanın Maliyyə naziri Rafael Əliyev özünü Azərbaycanın Baş naziri Əli Əsədovdan və Maliyyə naziri Samir Şərifovdan qat-qat ağıllı sayırmış.
Rafael Əliyev bunu şəxsən özü ehtiyatda olan hərbçilərlə söhbətində deyib.
Nazir təvazökar olar, Rafael Əliyev də nazirdir və o, elə söz söyləməz, deməyin. Ehtiyatda olan hərbçilərdən biri redaksiyamıza göndərdiyi şikayət məktubunda belə bir iddia ilə çıxış edib. İnanmırsınızsa, buyurun, şikayət məktubu ilə siz də tanış olun.
“Salam, Heydər bəy, Necəsiniz?
İlk öncə sizdən adımın anonim qalmasını xahiş edirəm. Mən sizə Naxçıvanda ehtiyatda olan hərbiçilər adından yazıram.
Biz ehtiyata buraxılandan sonra, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən, bir neçə il kirayə pulumuzu aldıq. Təzə Maliyyə naziri gələndən sonra isə bizim kirayə pullarını kəsdi və dedi ki, sizə düşmür. Biz soruşdu ki, bəs Azərbaycanın bütün bölgələrində ehtiyata buraxılmış zabitlərə kirayə pulu verirlər. Bu qərar niyə bizə gələndə qüvvədən düşür? Nazir cavab verdi ki, Bakıdakıların ağlı çatmır, ona görə ehtiyatda olan zabitlərə kirayə pulu verirlər. Yəni Naxçıvanın bu dılğır naziri guya Azərbaycanın Baş Nazirindən, Maliyyə Nazirindən daha ağıllıdır. Sonra niyə özünü hamıdan ağıllı saydığı ortaya çıxdı. Bizim pulları yeməklə özünə elə böyük villalar tikdirdi ki, gəl görəsən.
Cənab Ali Baş Komandanın əmri var ki, 20 il qüsursuz xidmət edən hərbi qulluqçu ya mənzillə, ya da kirayə pulu ilə təmin edilsin. Rafael Əliyev isə sanki bizə qənim kəsilib. Kimə müraciət etdik, bizim şikayətimizə baxmadı. Naxçıvanın məhkəmə sistemi sizin haqlı olaraq “Gestapo Cəlil” adlandırdığınız, Ali Məclisin Hüquq şöbəsinin müdiri Cəlil Rüstəmovun əlindədir. Görünən budur ki, “Gestapo” Cəlil də Rafael Əliyevin cibindədir. Məhkəmələrə, birbaşa Cəlil Rüstəmova çoxsaylı müraciət etməyimizə baxmayaraq, heç biri bizim problemimiz həll olunmadı. Bizə dedilər, gedin işinizlə məşğul olun. Sizdən xahişim budur ki Naxçıvanda ehtiyatda olan hərbi qulluqçuların məsələsini işıqlandırasınız, bizi bu Rafaelin əlindən qurtarasınız. Onun adının arxasına “müəllim” yarlığı yapışdırmağa da əlim və dilim gəlmir”.
Qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədov da, Maliyyə naziri Samir Şərifov da öz vəzifələrindədir. Özünü onlardan qat-qat ağıllı sayan Rafael Əliyev isə hər gün Naxçıvanda sorğu-suala çəkilir. İddialara görə, sorğu-sual başlamamış Naxçıvan MR Maliyyə Nazirliyinin binasına təcili yardım maşın gəlir və iş vaxtı bitənə qədər orda dayanır. Çünki Naxçıvanın ən ağıllı nazirinin gündəlik sorğu zamanı bir neçə dəfə ürəktutması tutur. Ürəktutmasının ağla nə qədər dəxli olub-olmadığına isə, buyurun, siz qərar verin.
Mənbə: Ovqat.com