Rusiyanın Ukraynadakı qoşununun komandanı general Sergey Surovikinin “məruzəsindən” sonra rus hərbi birləşməsinin Xersondan çəkilməsi barədə Müdafiə naziri Sergey Şoyqunun verdiyi əmrin icrası kifayət qədər problemli görünür.
Belə ki, artıq mətbuatda və sosial şəbəkələrdə Xersondakı rus ordusunun mühasirəyə alındığı və Dneprin sol sahilinə keçməkdə böyük çətinliklər yaşadığına dair xəbərlər yayılır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynada tanınmış hərbi ekspertlərdən biri olan Vladislav Seleznyov “Obozrevatel.com”-a açıqalmasında Rusiya ordusunun Xersondan çəkilməsi barədə qərara şübhə ilə yanaşdığını bildirib. Bununla yanaşı qeyd edib ki, çəkilmə baş verəcəyi təqdirdə, Ukrayna Ordusu rusların sol sahilə keçməsi üçün onlara “mütləq kömək etməli” olacaq: “Bir tərəfdən bununla da Putin “xüsusi hərbi əməliyyat”ın uğursuzluğa düçar olmasına görə məsuliyyəti Şoyqu və Surovikinin üzərinə atır. Digər tərəfdən rusiyalılar dinc sakinlərin əşyalarını, xəstəxanaların və digər mülki obyektlərin avadanlıqlarını, material-texniki ehtiyatları və s. sağ sahildən sol sahilə daşıyırlar. Ancaq hələ ki, hərbi texnikanın sol sahilə daşınması barədə məlumat yoxdur. Düşünürəm ki, hətta rusiyalılar “xoşməramlı akt” həyata keçirərək, özləri Dneprin sol sahilinə qaçsalar, Ukrayna Silahlı Qüvvələri mütləq bu işdə onlara “kömək edəcəklər” və işğalçıları tədricən Dnepr sahillərinə sıxışdıraraq, ölkəmizin ən böyük çayının noyabr sularına atacaqlar”.
Seleznyov bildirib ki, Xerson vilayətində Rusiya ordusunun 32 min ən hazırlıqlı hərbi birləşməsi var və Ukrayna tərəfi bu birləşməyə ağır zərbələr vurmaq üçün əlindən gələni edəcək. Bunun üçün isə ilk növbədə bütün lojistika məhv edilməlidir ki, həmin qoşun sol sahilə qaça bilməsin: “Yəni, özünəməxsus bir “qazan” yaradılmalıdır ki, nə oradan çıxa bilsinlər, nə də oranı sol sahildən silah-sursatla təmin etmək mümkün olsun”.
Qeyd edək ki, ötən gün Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç də rus ordusunun Xersondan az itkilərlə çıxmasının qarşısını almaq üçün Ukrayna Ordusunun əlindən gələni edəcəyini bildirib. O, deyib ki, rus hərbçilərinə körpülərlə qaçmağa imkan verilməyəcək – “yalnız suya baş vurmalı olacaqlar”.
C.Məmmədov
“AzPolitika.info”