"Son həftələrdə Vladimir Putin Ukraynadakı hərbi kampaniya ilə bağlı bəzi strateji qərarları öz üzərinə götürüb".
“New York Times” ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, Putin məsələn, Ukraynanın hücumundan əvvəl Xersondakı rus qoşunların çıxarılması ilə bağlı komandirlərin xahişlərini rədd edib.
Komandanlıq hesab edir ki, qoşunların Xersondan mütəşəkkil şəkildə çıxarılması Ukrayna silahlı qüvvələrinin şəhəri azad etmək üçün genişmiqyaslı hücumu zamanı hərbi texnikanın və əsgərlərin həyatının qorunmasına kömək edəcək.
Xatırladaq ki, Xerson fevralın 24-də Ukraynaya qarşı işğalçı müharibənin başlamasından sonra rus ordusu tərəfindən ələ keçirilən yeganə regional mərkəzdir. Hazırda Xersondakı 25 minlik qruplaşmanın Dnepr çayı tərəfindən rus ordusunun əsas qüvvələri ilə əlaqəsi kəsilib.
Çay üzərindəki körpülər Ukrayna ordusunun davamlı hücumları nəticəsində zədələnib və texnikanın ötürülməsi üçün yararsızdır. Lakin Putin Xersondan geri çəkilməyə icazə vermədi, çünki bu, onun üçün alçaldıcı məğlubiyyət kimi görünəcəkdi.
Qəzet yazır ki, tərk etməmək qərarı şəhərdə yerləşdirilmiş rus qoşunlarının mənəvi-psixoloji durumuna zərbə vurub.
Amerika kəşfiyyatının məlumatına görə, Vladimir Putin komandirlərə hərbi əməliyyatların sonrakı gedişi ilə bağlı strateji qərarları məhz özü verəcəyini bildirib. Bu, ali komandanlıq heyətinin narazılığına səbəb olub. Məlumata görə, hərbçilər Kiyevin tez bir zamanda ələ keçirilməsi ilə bağlı ilkin strateji planın həyata keçəcəyinə də şübhə ilə yanaşırmış. Onlar hesab edirdilər ki, bunun üçün daha çox əsgər və texnika lazımdır. “New York Times” yazır ki, Vladimir Putinin sentyabrın 21-də elan etdiyi səfərbərlik fərman Rusiya ordusu komandanlığının tövsiyəsi əsasında verilib.
Qəzetə verdiyi müsahibədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley strateji təşəbbüsün ukraynalılara keçdiyini, lakin onların qarşıda “uzun bir yolu” olduğunu deyib.
Rasim
"AzPolitika.info"