“Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir, bu, barbarlıqdır”.
APA Ağ Evə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Balidə G20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşündə deyib.
“Biz artıq NATO-dakı həmkarlarımız və G7 liderləri ilə Rusiyanın Kiyevə və Ukraynanın qərbinə endirdiyi son raket zərbələri ilə bağlı görüşmüşük. Bu sadəcə amansızdır. Balidə dünya liderlərinin qlobal sülhdə irəliləyiş əldə etməyə çalışdığı bir vaxtda, Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir. Demək istəyirəm ki, – bu mənim sözlərimdir, sizin deyil – onun etdikləri barbarlıqdır. Rusiya isə müharibəni dayandıra bilər və dayandırmalıdır. Onlar bunu bacararlar. Əgər bunu istəsəydilər, günü sabah dayandıra bilərdilər”, – Bayden əlavə edib.