“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir”.
Bunu DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski deyib. O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.
C.Şadlinski əlavə edib ki, İran xüsusi xidmət orqanları da Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirib. Qeyd edək ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin davamlı olaraq bölmələrimizi atəşə tutması intensivləşib. Üstəlik, bütün bunlar rus sülhməramlılarının gözü qarşısında baş verir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın müddəaları indiyə qədər yerinə yetirilmir. Rəsmi İrəvan nə Zəngəzur dəhlizinin açılması ilə bağlı, nə də qanunsuz silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı öhdəliklərinə əməl edib. Həmçinin, Nikol Paşinyanın da sülh müqaviləni imzalamaqdan yayınması və danışıqlar prosesini uzatması diqqətçəkən məqamlar sırasındadır. Son olaraq rus sülhməramlıları tərəfindən bölgəyə hərbi texnikanın daşınması və verilən təxribat xarakterli açıqlamalar vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır.
Ekpsertlər isə hesab edirlər ki, Ermənistan rəhbərliyinin bu addımları növbəti müharibəyə gətirib çıxara bilər. Növbəti müharibə olacağı təqdirdə isə Ermənistan tamamilə məhv ola bilər.
İFADEV.COM-un məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, növbəti antiterror əməliyyatı keçirilə bilər:
“Məncə, Qarabağda müharibə olmayacaq, amma antiterror əməliyyatı olacaq. Çünki yerdə qalan balaca bir ərazidə müharibə olacağı ehtimalı inandırıcı deyil. Hesab edirəm ki, komando hərbi hissələri və xüsusi təyinatlı qüvvələr orada qalan erməni silahlı birləşmələrinə qarşı aniterror əməliyyatı həyata keçirməlidir. Artıq onun işartıları da görünür. Ona görə də yaxın zamanlarda bu əməliyyatın olacağını düşünürəm. Yəni ermənilər elə bir yer qoymayıblar ki, antoterror əməliyyatları həyata keçirməyək. DTX tərəfindən rus sülhməramlılarının Qarabağa hərbi texnikaların daşınması faktının elan edilməsi də vəziyyətin o qədər də ürəkaçan olmadığını göstərir. Hər birimiz növbəti əməliyyatlara hazır olmalıyıq və nə qədər tez başlasa, bir o qədər yaxşıdır”.
Ekspertin fikrincə, artıq rus sülhməramlıları ilə bağlı məsələ aydındır:
“Dünən Müdafiə Nazirliyinin ərazilərimizin adlarını erməni dilində təqdim etməsi və digər məsələlərlə bağlı açıqlaması da bunu deməyə əsas verir ki, Azərbaycan rus sülhməramlılarının fəaliyyətindən narazıdır. Çünki sülhməramlılar artıq hədlərini aşır və özlələrini yaxşı aparmırlar. Yəni onlar, öz səlahiyyətlərini aşırlar. Böyük ehtimalla, Azərbaycan bununla bağlı da yaxın vaxtlarda konkret qərar verəcək”.