Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində əzici üstünlüklə qalib gələn Nikol Paşinyanın komandası hökuməti formalaşdırdıqdan sonra Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar ata bilər. Əslində vaxtı-vədəsi yetişməkdə olan sülh müqaviləsinin bağlanması üçün iki ölkə düşmənçiliyi kənara qoyaraq vasitəçilərin iştirakı ilə bu işi reallaşdırmalıdır.
“Yeni Müsavat”ın məlumatlandıran mənbələrin iddialarına görə, sentyabrda sülh sazişi imzalanması istisna deyil. Xəbərlərə görə, Ermənistan sülh sazişinə imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və bununla da bölgədə yeni bir dövr başlanacaq. Sülh müqaviləsinin bağlanması ilk növbədə regionda uzunmüddətli müharibə olmayacağının qarantı hesab edilə bilər. Yəni bir daha Qarabağda atəş səsləri eşidilməyəcək. Bu, işin ən böyük tərəflərindən biridir. Digər mühüm nüans isə sülh sazişi ilə regionda Türkiyə-Azərbaycan-Ermənistan əlaqələrinin qurulması üçün təməl atılacaq.
İddialara görə, saziş Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində və ya ondan az sonra imzalanacaq. Bu isə Qarabağda qalan erməni qoşunlarının çıxarılması ilə müşayiət olunacaq.
Çünki nəzərə almaq lazımdır ki, müqavilədə belə bənd olmadan sülhdən danışılması mümkün deyil. Hətta ehtimallar var ki, Paşinyan sülh sazişini imzalamaqla Nobel Sülh Mükafatını almaq xülyasındadır. Əlbəttə, bu cür iddiaların gerçəkləşməsi bir o qədər ağlabatan görünmür. Lakin Qərbin siyasi dairələrindən Soros Fondunun yetişdirməsi olan Paşinyana belə bir jest edilməsi təəccüb də doğurmaz.
Bizi maraqlandıran məsələ isə sülh müqaviləsinin imzalanmasının həyata keçməsidir. Azərbaycan tərəfi buna hər zaman hazırdır. Ancaq sazişə qədər sərhədlərin delimitasiyası və demarkasiyası işləri yekunlaşmalıdır, minaların bütün xəritələri verilməlidir, Dağlıq Qarabağ ərazisində qalan tör-töküntü erməni silahlı dəstələri çıxarılmalıdır, yəni üçtərəfli bəyanatın 4-cü bəndi icra edilməlidir, yalnız bundan sonra Ermənistanla tarixi sülh müqaviləsindən danışmaq mümkündür. Eyni zamanda sazişin imzalanması ilə bahəm çox keçmədən Türkiyə Ermənistanla sərhədlərini aça, diplomatik münasibətləri bərpa edə bilər. Rəsmi İrəvan bunu istəyirmi? İddia edildiyi kimi, sentyabrda gözlənilən sülh müqaviləsi imzalanacaqmı?
Bu da var ki, konkret sentyabrda olmasa belə, yaxın gələcəkdə sazişin imzalanması mümkündür. Ermənistan tərəfi buna qədər konstruktiv addımlar atmalı, pozuculuq hərəkətlərinə yol verməməlidir. Hazırda seçkidə 21 faiz səs toplayan Köçəryanın bloku parlamentdə ana müxalifət olaraq təmsil edilərsə, o halda hakimiyyətə təzyiqləri artıra, sülh müqaviləsinin bağlanmasını yubada bilərlər.
Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, sülh müqaviləsi bağlanmasını lap yaxın zamanda gözləməsə də, gec-tez saziş olmalıdır. Onun sözlərinə görə, sərhədlər müəyyənləşənə qədər sülh müqaviləsinin imzalanması işi uzanacaq: “Ermənilər əvvəl-axır sülh bağlayacaq. Çünki Ermənistan buna məcburdur. Artıq yorulublar, seçkilərin nəticələri də bunu təsdiqlədi. Sadəcə, gözləmək lazımdır ki, kommunikasiyalar, yollar açılsın. Bu zaman Ermənistan üçün Türkiyə, Rusiya, İrana yollar olur. Bundan sonra adam kimi yaşaya bilərlər”. A.Abbas hesab edir ki, ermənilər indiki halı ilə məhv olurlar: “Ermənilərin hər yerdə sərhədçisi ruslardır. Bizimlə də sərhədlərində ruslar olacaq. Ancaq sülh müqaviləsi ilə bağlı proqnoz verə bilmərəm ki, konkret nə zaman imzalanacaq. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, qoşunları Qarabağdan çıxmalıdır. Əgər çıxmasa, biz çıxarmağın yolunu bilirik”.
AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, yaxın zamanda sülh müqaviləsinin bağlanacağını real hesab etmir: “Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağda separatizmə son verməli, Qarabağın Azərbaycan ərazisi olduğunu tanımalıdır. Həmçinin Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atmalıdır. Bundan sonra diplomatik münasibətlər normallaşsa, sülh sazişi bağlana bilər. Ancaq Ermənistan tərəfinin revanist çağırışları, separatizmə dəstək verməsi davam etməkdədir”.
A.Əlizadənin sözlərinə görə, təbii, Paşinyan Köçəryan deyil, amma tam olaraq da onu yaxşı variant saymaq olmaz: “Elə üç il qabaq hakimiyyətə gələndə atdığı addımları xatırlamaq lazımdır. Şuşada yallı getməsi, qeyri-konstruktiv hərəkətləri... O da bir ermənidir, xam xəyallarla yetişən toplumun nümayəndəsidir. Düzdür, Paşinyan Ermənistanı Rusiyanın caynağından qoparmaq niyyəti ilə hakimiyyətə gəlib, Azərbaycanla hansısa uzlaşmalara getməsi istisna deyil. Ancaq müsbət obraz kimi təqdim etməyin tərəfdarı deyiləm. Təkcə 44 günlük müharibədə mülkü əhalinin yaşadığı yerlərin vurulması haqda tapşırıqları verən elə Paşinyan olub”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli vurğuladı ki, Azərbaycan sülh müqaviləsinə hazırdır. Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bunu dilə gətirib: “Amma Ermənitanda seçkisonrasıdır, indi mürəkkəb vəziyyətdir. Bununla belə, Paşinyanın qələbəsi müəyyən qədər ümidləri artırıb. O anlayır ki, ölkəsinin xilası Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir”.
Partiya sədrinin fikrincə, sentyabrda olmasa belə, bir neçə ay sonra sülh müqaviləsi gerçəkləşə bilər: “Ermənistan ərazi bütövlüyümüzü tanımalı, Qarabağdakı qoşunlar çıxarılmalıdır. Çünki üçtərəfli bəyanat sülh sazişi deyil. Müharibə bitib, razılaşmalar var, İrəvan bu şərtləri yerinə yetirməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, Paşinyanın qələbə qazanması müəyyən mənada Azərbaycanın faydasına oldu: “Köçəryan gəlsəydi, təxribatlara başlayacaqdı və biz də onunla obyektiv səbəblərə görə münasibətləri qura bilməyəcəkdik. Düzdür, Paşinyanın da böyük yanlışları oldu, onlardan biri də müharibənin ağır nəticələridir. Amma həmin nəticələr və seçki nəticələri də onu göstərir ki, Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir və Azərbaycanla müharibə istəmir”.
Siyasi şərhçi N.Paşinyanın Qərbdən də dəstək alacağına əmindir: “Seçkini nəticələri faktiki tanındı. Paşinyan isə seçkidən qabaq özü demişdi ki, minalanmış ərazilərin bütün xəritələrini Azərbaycana təhvil verəcək, bunun qarşılığında isə biz ermənilərin əsir dedikləri terrorçuların bir qismini qaytaracağıq. Bu istiqamətdə irəliləyiş əldə etmək olar”.
E.Şahinoğlu hesab edir ki, Ermənistan təxribatlara yol verməsə, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində də dialoq mümkündür və üstəlik, Türkiyə ilə sərhədlərin açılması bu il reallaşa bilər. Onun qənaətincə, Paşinyanın təyin edəcəyi nazirlərdən də çox şey asılıdır, o, elə xarici işlər, müdafiə nazirləri təyin etməlidir ki, təxribatlara baş vurmasınlar.