Və yaxud Naxçivan ziyalısının həyatı ilə erməni əsirliyində olan azərbaycanlının həyatının oxşar cəhətləri
Naxçıvan şəhərinin 15 saylı məktəbində 11 il işləyən Aysel Quliyeva 2020-ci ilin 17 fevralında işdən çıxarılıb.
İfadetv.com bildirir ki, Ovqat.com-un məlumatına görə, Aysel müəllimənin günahı dərs saatından sonra əlavə gəlir əldə etmək üçün bir qab-qacaq mağazasında menecer işləməsi olub.
Menecerliyi də elə böyük miqyasda olmayıb. Tanıdığı, bildiyi xanımlara hansı qab-qacaq dəsti almağın daha faydalı olması barədə məsləhətlər verirmiş. Özünün iddiasına görə, işlədiyi məktəbə bir dəfə də olsun, qab-qacaq dəsti gətirməyib. Sadəcə tanışlarına işlədiyi mağazaya hansı malların gətirildiyi və onların özəllikləri barədə danışırmış.
Aysel xanımın “menecerliyindən” xəbər tutan Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədov müəlliməni yanına çağırır və ondan işdən çıxması barədə ərizə yazmağı tələb edir. Daha sonra Naxçıvan DİN-in o dövrdəki rəhbəri Fazil Ələkbərov işə qarışır. Aysel xanımla yanaşı onun atası Yadulla kişini də Naxçıvan MR DİN-ə çağıran Fazil Ələkbərov ağsaqqal atanı nazirliyin zirməsinə salıb, “cinayətkar” müəllimə ilə isə özü proflaktik söhbətlər aparır. Müəlliməyə və atasına bildirir ki, bəs Aysel xanım “möhtəkirlik” məşğuldur və bütün möhtəkirlər kimi dövlətdən vergi qaçırır və bu “0 cinayət” moduyla işləyən Naxçıvanda vətənə xəyanət dərəcəsində böyük suçdur. Qısası, uzun hədə-qorxudan sonra MR DİN-də Yadulla kişidən 2.500 manat rüşvət alıb hər ikisini buraxırlar və məsləhət görürlər ki, Aysel işlədiyi məktəbə gedib işdən çıxmaq barədə ərizə yazsın və heç hara şikayət etməsin. Əks halda “onu dəlixanaya basa bilərlər”. Bundan əlavə, onun əmək kitabçasını ləkələyər, həyat yoldaşını da işdən çıxararlar.
Dəlixanaya düşməmək və MR Prokurorluğunda sürücü işləyən ərinin işindən çıxarılmasına bais olmamaq üçün fevralın 17-də işlədiyi məktəbə gedən Aysel xanım istefa ərizəsi yazır. Əsl problem də bundan sonra başlayır.
Məlumata görə, Aysel xanımın Kapital Banka 6500 manat borcu olub. Hər ay maaşından 260 manat kredit borcuna ayıran müəllimə işdən çıxarıldıqdan sonra aylıq ödənişlərini yerinə yetirə bilməz hala düşür. Sonunda qarşılaşdığı haqsızlıqlara dözə bilməyib 2020-ci ilin dekabrın 2-də evdə əlinə keçən bütün dərmanları (20-dən çox həbb) içərək intihara təşəbbüs göstərir.
Atası tərəfindən ölümcül vəziyyətdə Naxçıvan Respublika Xəstəxanasına aparılan Aysel xanım 2 gün orda yatdıqdan sonra mütləq heçliyin qapısından geri qayıda bilir. Başına gələn bu hadisələr ailəsi ilə münasibətlərinin də soyumasına yol açır. Yoldaşı ilə ayrılmağın qırılma nöqtəsi onun Birinci Vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazması ilə başlayır. Mehriban xanıma göndərdiyi məktubdan ona və müvafiq orqanlara göndərilən sorğu Aysel xanımın həyatını darmadağın edir. İlk əvvəl həyat yoldaşı onunla boşanır. Buna baxmayaraq, həyat yoldaşı “xan” həzrətləri qarşısında özünü bağışlada bilmir, sürücü işlədiyi MR Prokurorluğundan işdən çıxarılır. Atası Yadulla kişi də “xan” rejiminin basqılarına dözə bilməyib, Naxçıvandan qaçmaq məcburiyyətində qalır. Müxtəlif dairələrdə işləyən bütün qohum-əqrəbaları da ondan üz döndərir.
Maraqlıdır ki, Naxçıvana yoxlama getməmişdən əvvəl onun işlədiyi yeri vakant siyahısında göstərməyən Təhsil Nazirliyi və ya 15 saylı məktəbin rəhbərliyi kiminsə adına yazılan maaşı özləri yeyirmişlər. Naxçıvana yoxlama gedən kimi, onun iş yeri vakant siyahısına salınır. Amma bütün tələblərinə rəğmən, həmin iş yerini ona qaytarmırlar. Çünki Mehriban Əliyevaya məktub yazmaqla çox böyük günaha yol verib və nə qədər ki, Rəhman Məmmədov Naxçıvanın Təhsil naziridir, Aysel xanımın öz halal iş yerinə qovuşmaq imkanı yoxdur. Qeyd edək ki, Aysel Quliyeva iki il əvvələ qədər 15 nömrəli məktəbdə incəsənət dərsi deyib.
Hazırda Naxçıvanda 2 qız balası ilə yalnız yaşayan Aysel müəllimə Azərbaycan hökumətindən, xüsusilə Mehriban xanımdan yardım gözləyir.