Altı nəfərlik ailənin tək işçi qüvvəsi olan Rəhman Cəfərovun həyat yoldaşı və oğlu bir neçə gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirib. Ailənin digər üzvlərindən test götürülüb və onlar ev karantininə alınıb.
Bundan sonra isə, ərzaq çatışmazlığı olan ailənin problemi başlayıb.
Rəhman Cəfərov deyir ki, ailə koronavirus şübhəsi ilə ev karantininə götürüldüyü üçün ona işləməyə icazə verilmir.
Onun evdə nə maddi, nə də ərzaq ehtiyatları var, müraciət etdiyi qurumlardan isə yardım ala bilməyib, o, BBC News Azərbaycancaya danışarkən deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ailənin gəlir və xərcləri hesablanıb onlara ünvanlı sosial yardım təyin oluna və ya ərzaq yardımı edilə bilər.
"6 nəfərik, bir mən işləyirəm. Mən də fəhlə işlədiyim üçün bir gün iş olurdu, 3-5-10 manat qazanırdım, o biri günlər olmurdu. Mənim gəlirim yoxdur ki, vəsaitim olsun. Bu dəqiqə bir çörək almağa imkanım yoxdur. Bakıda qohum-əqrəbam da yoxdur, hamısı rayondadır. Evdən çölə çıxa bilmirəmsə, ailəmi nə ilə dolandırmalıyam? Bircə saat ac qala bilərsinizmi?"
Rəhman Cəfərov deyir ki, Ağdam rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən "çörəkpulu" adlandırılan vahid aylıq müavinət alır, lakin bu məbləği "kommunal xərclərin, qidanın, dava-dərmanın hansına çatdıracağını bilmir".
51 yaşlı ailə başçısı təqaüd yaşına çatmadığına görə təqaüd də ala bilmir.
Cənab Cəfərov deyir ki, evdə 1 yaş 6 aylıq nəvəsi daxil olmaqla ailə üzvləri "yeməyə bir şey tapmır".
"Hər gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən zəng edib deyirlər ki, evdəsinizmi, çölə çıxsanız cinayət məsuliyyəti daşıyırsınız. Prezident belə bir qərar verməyib ki, kiminsə evində virus çıxsa, doldurun onları evə, acından qırın. Nəinki Prezient, heç dünyada belə qərar yoxdur. Mən cinayət məsuliyyəti daşıyıramsa, siz niyə daşımırsınız? Fikirləşmirsiniz ki, bu ailə, bu uşaq nə yeyir, nə içir, nə ilə dolanır?" - Rəhman Cəfərov deyir və əlavə edir ki, onların hər gün evdə qalıb-qalmaması yoxlanılsa da, maddi vəziyyətləri ilə maraqlanan olmayıb.
Rəhman Cəfərov məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəsinə, Daxili İşlər Nazirliyinə müraciət etdiyini, lakin bir cavab ala bilmədiyini deyir.
"Qaçqınkomun nümayəndəsi dedi, bizim səlahiyyətimizdə deyil, 102-yə zəng edirəm, deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng et, ora da zəng etdim, nə qədər gözlədim, olan konturum da bitdi, cavab verən olmadı. Məni karantinə götürürsənsə, soruş mən nə yeyirəm, necə dolanıram. Ərzaq olaraq evdə divar, tavan, əlüzyuyan var, belə getsə, onları yeyəcəyik. Hara müraciət edirəm, baxan yoxdur".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sözçüsü İbrahim Mirzəyev məsələnin araşdırılacağını deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov BBC News Azərbaycancaya söyləyib ki, ailənin gəlir və xərcləri hesablanıb onlara ünvanlı sosial yardım təyin oluna və ya ərzaq yardımı edilə bilər.
"Vətəndaşın faktiki gəlirləri ehtiyac meyarından aşğıdırsa, o, ünvanlı sosial yardım üçün onlayn şəkildə müraciət edə bilər. Sistem vasitəsilə onun gəlirləri və xərcləri araşdırılacaq və ona ünvanlı sosial yardım verilməsi üçün müvafiq qərar qəbul olunacaq. Bundan başqa, pandemiya dövründə bizim sosial tərəfdaşlarımızın köməkliyi ilə 100 min ailəyə iki dəfə ərzaq payı verilib. Bu proses yenə davam edir. Sözügedən ailədə bir yaşlı uşaq varsa, azyaşlılar üçün müavinət növlərinin ödəməsi həyata keçirilə bilər", - cənab Talıbov söyləyib.
Daxili İşlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu məsələnin qurumun səlahiyyətlərinə aid olmadığını bildirilib.
Cəmilə İbrahimova
BBC News Azərbaycanca